Vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün müsahibə müddəti uzadıldı
Bizi izləyin

Qırmızı.az

Vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün müsahibə müddəti uzadıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün təşkil edilən müsahibənin müddətini uzadıb.

İdarədən Publika.az-a verilən məlumata görə, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün aparılan qeydiyyat iyulun 31-dən yekunlaşıb. Qeydiyyatdan keçən uşaqların I sinfə qəbulu üçün müsahibələrin bu gün ərzində yekunlaşması nəzərdə tutulsa da, müraciət edənlərin çoxluğu səbəbindən bu müddət bir gün uzadılıb. Belə uşaqlar üçün müsahibə avqustun 4-ü saat 17:00-dək davam edəcək.

***

Bakı Şəhər Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, müsahibədə iştirak edən 1448 nəfər müsbət, 994 nəfər isə mənfi cavab alıb. Qeydiyyatdan keçən 70 nəfər isə müsahibəyə qatılmayıb.

Həmçinin, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 705 uşaq isə sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.

Qeyd edək ki, hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə müddətində aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 istiqamət üzrə suallar verilir. Hər bir istiqamət üzrə cavablar 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun nəticəyə gəlir. Əgər uşaqların nitqi lazımi səviyyədədirsə, sosial, idraki, intellektual hazırlığı, məntiqi düşüncəsi, psixoloji dayanıqlığı, fizioloji vəziyyəti yol verirsə və 5 parametr üzrə ümumilikdə 15 bal toplayıbsa, həmin balacalara vaxtından əvvəl məktəbə getmək imkanı yaradılır.

Bu il müraciət edənlərin əksəriyyətini isə oğlanlar təşkil edib.

Məlumat üçün bildirək ki, bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 8 komissiya fəaliyyət göstərir. Bunlardan 2-si rus bölməsi üçün nəzərdə tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm