Ehtiyatlı olun, bu sular səhhətinizdə ciddi problemlər yarada bilər
Bizi izləyin

Qırmızı.az

Ehtiyatlı olun, bu sular səhhətinizdə ciddi problemlər yarada bilər

Son günlər havanın isti keçməsi insanların suya olan tələbatını artırıb. Həkimlər də hər dəfə günvurmadan qorunmaq, isti günləri rahat keçirmək üçün gün ərzində azı 2 litr su qəbul etməyi tövsiyə edir. Xüsusən açıq havada olanlar daha çox maye qəbul etməlidir. Amma istidən qorunmaq üçün içdiyimiz su zəhərə çevrilə bilər. Bunun üçün də maksimum diqqət lazımdır.

Mövsümlə əlaqədar suya tələbatı nəzərə alan sahibkarlar obyektin 4 bir yanını içməli su ilə doldururlar. Həmin sular isə gün ərzində saatlarla, bəzən günlərlə günəş şüalarının altında qalır. Heç şübhəsiz ki, sonradan soyuducuya yığılır və soyudularaq istifadəyə verilir. Küçədə susuzluğumuzu yatırmağın başqa yolu olmadığından həmin sularıdan almalı oluruq.

Bəs bu sular nə qədər zərərli ola bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, yay fəslində sərinləşdirici içkilərin günəş şüası altında saxlanması ilə bağlı onlara gün ərzində bir neçə müraciət daxil olur:

“Birmənalı olaraq bilinməlidir ki, plastik qablardakı sərinləşdirici içkilərin günəş şüası altında saxlanması, təkrar soyudularaq istifadəyə verilməsi yanlışdır. Düzdür, heç bir normativ sənəddə bu barədə konkret qadağa müəyyən edilməyib. Lakin bilmək lazımdır ki, bu qablarda saxlanılan sular həmin anda insan səhhətinə ziyan vurmasa da, təsirini sonra göstərir. Yüksək temperaturda qabların tərkibindəki kimyəvi maddələr su ilə qarışır. Təəssüf ki, Ticarət və Xidmət Departamenti bunun qarşısını almır. Əhali bu qablarda satılan suları almaqdan imtina etməlidir. Xüsusən də bu qablarda müəyyən çatlar əmələ gəlibsə, kimyəvi maddələr suyun tərkibinə qarışır”.

E.Hüseynov bildirdi ki, Iqtisadiyyat və Sənaye Nazirliyi yanında plastik qablardan istifadənin ləğvinə dair komissiya var. Komissiyada bu istiqamətdə iş aparılır.

“Qısa zamanda nəticə gözləmək tezdir. Çünki bu, ən çox biznes sahəsinə təsir edəcək, itkilər və s. məqamlar nəzərə alınmalıdır. Lakin layihə həyata keçiriləndən sonra plastik qablarda su satılmayacaq. Bu da problemin həllinə birbaşa təsir edəcək. Təəssüf ki, bəzən plastik qablar əhalidən toplanır və təkrar istifadə edilir. Bu daha təhlükəlidir. Ona görə də, məsləhət görərdik ki, bu cür qabları istifadə edəndən sonra əzsinlər ki, təkrar istifadə edilməsin”.

Səhiyyə Nazirliyi isə bu ilin iyun ayında ölkə ərazisində fəaliyyət göstərən sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar həyata keçirib. Aşkarlanan pozuntularla bağlı müvafiq tapşırıqlar verilib. Nazirlikdən bildiriblər ki, əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilib. Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarınıa yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməyib.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Publika.az-a açıqlamasında sərinləşdirici içkilərlə bağlı mütəmadı olaraq plana əsasən monitorinq apardıqlarını və bəzi pozuntular aşkarladıqlarını bildirib.

“Bu sahədə əsas problemlərdən biri sərinləşdirici işçilərin bəzən həmin qablarda təkrar istehsal edilməsidir. Təkrar istifadə edilən qablar təmiz, xüsusən də avtomatik yuyulmalıdır. Regionlarda bir neçə belə müəssisə var ki, orada su qabları əllə yuyulur, bu da gigiyenik qaydaların pozulması deməkdir. Çünki bu zaman qabın içərisində çirk qala bilər. Bəzən sərişləndirici suların içərisindən müxtəlif böcək və çirkin aşkarlanması bununla əlaqədar olur. Ötən il Göyçay, Mingəçevirdə bu üsulla məhsul istehsal edən müəssisələr aşkarlanmış və fəaliyyəti dayandırılmışdı. Onlar təkrar fəaliyyətlərini davam etdirmək üçün müraciət etsələr də, problem aradan qaldırılmadığına görə icazə verilməyib.

Su istehsalında, ümumiyyətlə, problemlər aşkarlanmır. Sadəcə, limonad istehsalında müəyyən nöqsanlar var. Bir neçə müəssisədən başqa, digər istehsalçıların heç birində belə faktlar aşkarlanmır, şikayətlər daxil olmur. Çünki sərinləşdirici istehsalında əsas problem avadanlıqla bağlıdır. Bu məsələ həll olandan sonra başqa bir problem, demək olar ki, qalmır. Problem aşkarlanan müəssisələrin bir neçəsi fəaliyyətini davam etdirir. Onlarda yenidən yoxlama aparmaq üçün müraciətlər daxil olmalıdır”.

İ.Abdullayev bildirib ki, istehsal prosesində ciddi problemlər az olsa da, satış obyektlərində sərinləşdirici içkilərlə bağlı problemlər çoxdur.

“Mağazaların qarşısında sərinləşdirici sular - kompotlar, meyvə şirələri, qazlı suların günəş şüaları altında saxlanmasına qəti olaraq icazə verilmir. Vətəndaşlar da bilməlidirlər ki, bu cür şəraitdə saxlanan suları içmək sağlamlıq üçün zərərlidir. Günəş şüasının altında qalanda onların tərkibindəki mikroelementlər məhv olur, destruktiv dəyişikliklər baş verir. Ultrabənövşəyi şüaların təsirindən keyfiyyət dəyişir və yararsız hala düşür. Temperatur yüksəldiyinə görə suların tərkibində olan mikroorqanizmlər arta bilər. Düzdür, ağzı qapalı olduğundan onların tərkibində mikroorqanizmlərə rast gəlinmir. Bilmək lazımdır ki, sərinləşdirici içkilər 5-20 dərəcəyədək temperaturda, sərin yerdə saxlanmalı və günəş şüasından qorunmalıdır. Lakin təəssüf ki, istər gündəlik həyatımızda, istərsə də monitorinqlər apararkən suların günəş şüaları altında saxlanmasına rast gəlirik. Bu faktlarla bağlı müvafiq tədbir görülüb. Təkcə dondurma və sərinləşdirici içkilər deyil, ümumilikdə satış obyektlərində aparılan monitorinqlər zamanı bu il ərzində 369 sahibkar sanitar qaydalarını pozduğuna görə inzibati qaydada cərimələnib, 70 müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib”.

Günəş şüalarının altında saxlanmış suyun insan sağlamlığına zərərinə toxunan İ.Abdullayev bildirib ki, ilk növbədə bu suyun tərkibindəki mineralların məhv olduğunu bilməliyik.

“İsti şəraitdə saxlanmış su ölü olur və effektini itirir. Su soyuq olanda onda canlanma gedir və minerallar da canlı olur. İsti şəraitdə saxlanmış suyun isə heç bir xeyri olmur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm