Bakının havada yaşayan sakinləri və ya vətəndaşın cibinə yerləşməyən problem – ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Bakının havada yaşayan sakinləri və ya vətəndaşın cibinə yerləşməyən problem – ARAŞDIRMA

Bu il ali məktəbə qəbul imtahanı verən Aydan Fətəliyeva paytaxtın Binəqədi rayonu ərazisində “qanunsuz” tikilən evdə yaşayır. 8 yaşı olanda ailəsi “Sovetski”dəki birotaqlı mənzili sataraq burada 4 otaqlı ev tikdirib. Evə 9 il əvvəl köçsələr də, sənəd almaq müşkülə çevrilib. Ötən il TQDK-nın keçirdiyi sınaq imtahanında iştirak edə bilməsi üçün qızlarına şəxsiyyət vəsiqəsi almalı olan ailə yaşadıqları ərazi üzrə polis idarəsinə qeydiyyat üçün müraciət etsə də, onları yer olmadığını və digər bəhanələri gətirərək qeydiyyata almaqdan imtina ediblər. Naəlac qalan anası Aydanı xahiş-minnətlə və çətinliklə öz bibisi qızının evinə qeydiyyata sala bilib. Amma bununla da problem həll olunmayıb. Çünki Aydanın özündən kiçik 2 qardaşı və bir bacısı da var...

Bu problemi təkcə Aydanın ailəsi yaşamır. Nərimanov rayonunda evlərini satıb Xırdalan şəhərinə köçən Mərdanovlar ailəsi də eyni problemlə qarşılaşıb. Satdıqları evin sahibi onları məhkəmə yolu ilə qeydiyyatdan çıxardığından və yeni tikilən evlərinin “kupça”sı hələ hazır olmadığından 7 nəfərlik ailə havada qalıb. Təxminən eyni aqibəti “Sovetski”nin sökülən evlərinin keçmiş sakinləri də yaşayır. İş o yerə çatıb ki, qeydiyyat problemi ucbatından çoxu evini satıb digər yerə köçməyə belə çəkinir. Problemi təkcə fərdi tikilən həyət evlərinin sakinləri yaşamır. Yeni tikilən “novostroyka”lardan ev alan sakinlər də ümidlərini nə vaxtsa binaya verilən “kupça”ya bağlayıb. Hətta elə evlər var ki, 10 ildir istismara verilsə də, hələ də sənədləşdirilməyib.

Vətəndaşın cibinə yerləşməyən problem

Statistikaya görə, təkcə Bakı şəhərində 500 minə yaxın heç bir sənədi olmayan ev mövcuddur. Hər evdə isə təxminən 3-5 nəfər arası insanın yaşadığını nəzərə alsaq, bu da təqribən 2 milyondan çox insanın yaşadığı evə qeydiyyatının olmaması deməkdir. Bu insanlardan bəzilərinin rayon qeydiyyatı olsa da, bəziləri tamamilə havada qalır.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının vətəndaşları ölkə ərazisinin istənilən yerində qeydiyyata düşə bilər. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı isə vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi, yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsini tələb etməlidir. Qanunda o da nəzərdə tutulub ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün sözügedən qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

Sənədsiz evlərdə qeydiyyatda yaşayanlar

Əvvəllər qohum və ya tanışın evində birtəhər qeydiyyata düşmək mümkün idisə, indi insanların bir-birinə etibarı azaldığından, kiminsə öz evinə müvəqqəti qeydiyyata düşməsinə razılıq vermir. Hətta qohum olsa belə bu məsələdə insanlar olduqca tərəddüd edirlər.

Hüquqşünas Müzəffər Baxışovun Publika.az-a bildirdiyinə görə, sovet dövründə sənədsiz evlərdə qeydiyyatsız yaşayan insanlar məhkəmənin qərarı ilə yaşadıqları ünvanda qeydiyyata düşə bilirdilərsə, mövcud qanunvericilik buna imkan vermədiyindən insanlar sənədsiz mənzillərdə qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər:

“Əvvəllər sənədi olmayan evlərlə bağlı məhkəmə qaydasında qətnamə qəbul edilirdi və həmin şəxsləri evlərə qeydiyyata alırdılar. 2005-ci ildə Ədliyyə Nazirliyi məhkəmələrə qeyri-rəsmi göstəriş verib ki, belə hallara yol vermək olmaz. 2005-ci ildən sonra əgər yaşadığı daşınmaz əmlakla bağlı sənəd yoxdursa, heç kimi yaşadıqları evlərə qeydiyyata almırlar”.

Doğrudur, əgər evin sənədi yoxdursa, deməli, o, qanunsuz yollarla tikilmiş hesab olunur. Amma o da var ki, Azərbaycanda icazə verilmədən kiminsə ev tikə bilməsi mümkün deyil. Ekspertin sözlərinə görə, bu məsələnin həll olunması üçün prezidentin tapşırığı ilə komissiya da yaradılıb. Komissiyanın işindən sonra təqribən 15 min nəfərin problemi həll olundu. Amma bu rəqəm qeydiyyatsız evlərdə yaşayan sakinlərin az bir qismini təşkil edir.

Millət vəkili Fazil Mustafanın Publika.az-a bildirdiyinə görə, bu məsələ Milli Məclisdə də qaldırılıb. Elə millət vəkilinin özü də eyni problemi yaşayır: “Xüsusən yeni tikilmiş binaların qeydiyyat sənədinin verilməməsi vətəndaşlar üçün ciddi problem yaradır. Çox insanlar yaşadığı binada deyil, tamamilə uyğun olmayan yerlərdə, qohumlarının ünvanında qeydiyyatdadırlar. Şəxsən mən özüm də o vəziyyətdəyəm. Yaşadığım binada qeydiyyat sənədi olmadığına görə hələ bura qeydiyyata düşə bilməmişəm”.

Millət vəkilinin sözlərinə görə, əslində, polisin müraciət edən vətəndaşa hansısa bir şəkildə yerinin olmadığını deyib qeydiyyata götürməməyə ixtiyarı yoxdur. Bu vətəndaşın problemi deyil və məsələnin polislə həll olunması, əslində, yaxşı haldır: “Boşluqda qalmaqdansa, polisdə qeydiyyatda olmaq daha doğrudur. Bütövlükdə isə binaların qeydiyyat məsələsi həll olunmalıdır. Problem həllini tapmasa, çox vətəndaşlar bundan əziyyət çəkəcək. Ortaya çıxan narahatçılıqlar dövlətin özü üçün də uyğun deyil, öz vətəndaşının elementar problemini həll eləməkdə çətinliklər ortaya qoyulur. Prinsipial yanaşılsa, məsələ öz həllini tapar. Onlarla bina var ki, çoxdan, hətta on illərdir orada yaşayış var, amma təhvil götürülməyib və sənəd verilməyib. Məncə, binanın təhvil götürülüb-götürülməməsindən asılı olmayaraq, bu bir mülkiyyətdir və tikilibsə, ona təminat verilməlidir. Bütün vətəndaşların harada axtarılacağı dövlətin problemidir və dövlət də bunu həll etməlidir”.

Kimdir müqəssir?

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis polkovniki Gülşən Əhmədovanın Publika.az-a bildirdiyinə görə, ən çox problem evinin “kupça”sı olmayan sakinlərlə yaranır.

Şöbə rəisinin sözlərinə görə, Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, heç bir yerdə qeydiyyatı olmayan şəxslər ərizə ilə müraciət edə və bu halda polisin binasına qeydiyyata salına bilər: “Vətəndaşlar bilsinlər ki, idarədə şəxsiyyət vəsiqələri və qeydiyyatla bağlı hər bir şəxsi qəbul etməyə hazırıq. Əgər onlar bizim əməkdaşlarımızdan kimsə tərəfindən hansısa problemlə rastlaşıblarsa və hesab edirlərsə ki, onlarla düzgün davranılmayıb, əlavə sənəd tələb edilib və ya haqlı olduğu halda məsələlərin həlli onları qane etməyib, onları hər zaman qəbul edib şikayətlərini dinləməyə hazırıq. Ancaq bir şərtlə ki, onların özlərinin istəkləri də qanuni çərçivədə, hüquqi əsaslandırılmış olsun”.

Qeyd edək ki, heç yerdə qeydiyyatı, şəxsiyyət vəsiqəsi olmadıqda insan ictimai həyatda iştirak edə bilmir və bu o deməkdir ki, insan hüquqi cəhətdən mövcud olmur. Şəxsə təhsil almaq, işə düzəlmək, müqavilə bağlamaq, kredit götürmək, nikaha girmək və s. məsələlər üçün mütləq ilk növbədə şəxsiyyət vəsiqəsi lazımdır. Hətta ən son nöqtə olan ölümdən sonra da onun ölüm faktını qeydə almaq üçün şəxsiyyət vəsiqəsi lazım olur.

Prezident İlham Əliyev bu ilin yanvarında vətəndaşların sənədsiz evlərinin qeydiyyata alınması ilə bağlı fərman imzalayıb. Fərmana görə, əgər qeyri-qanuni yaşayış yerləri kommunikasiya xətlərinin üzərində, neft ərazisində deyilsə, bunların dərhal aradan qaldırılması üçün vətəndaş müraciət edə bilər və müraciətini əsaslandıraraq sənəd ala bilər. Məlumdur ki, paytaxtdakı qanunsuz evlərin qeydiyyata alınması prosesi ölkə başçısının müvafiq sərəncamından sonra start götürüb və bələdiyyələr, yerli icra orqanları qanunsuz evlərin qeydiyyatını aparmağa başlayıblar.

Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyi ölkədə qeydiyyatsız yaşayan vətəndaşlar üçün cərimə sanksiyası da nəzərdə tutur. Bir müddət əvvəl bu sanksiyanın məbləği də artırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində qeydiyyatsız yaşayan vətəndaşlar 50 manat məbləğində cərimələnir. Düzdür, bu təcrübədən geniş şəkildə istifadə olunmur. Çünki paytaxtda qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşlarının sayının çoxluğu buna imkan vermir. Yəni bu məsələdə vətəndaşlara güzəşt edilir. Təbii ki, əgər qeydiyyat problemi kütləvi xarakter daşımasaydı, o zaman İnzibati Xətalar Məcəlləsinin bu tələbini praktikada asanlıqla tətbiq etmək olardı.

İstənilən halda, qanunsuz evlərin tam sənədləşdirilmədiyi təqdirdə, məsələnin həlli mexanizmi görünmür. Ona görə də bu məsələ ancaq qanunsuz tikililərin sənədləşdirilməsindən sonra həll oluna bilər. Belə çıxır ki, əvvəldə söhbət açdığım Fətəliyevlər ailəsi o biri uşaqlarını da qeydiyyata salmaq üçün hələ çox qohum- əqrəbanın qapısını döyməli olacaqlar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm