• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Həkimlərdən XƏBƏRDARLIQ – Anomal istilər hansı xəstəliklərə yol açır?

Həkimlərdən XƏBƏRDARLIQ – Anomal istilər hansı xəstəliklərə yol açır?

Artıq yayda günvurmadan ölənlərin olması bizə o qədər də qeyri-adi xəbər kimi görünmür. İl boyu həsrətlə gözlədiyimiz günəşli hava hər yay minlərlə insanın həyatına son qoyur. Kütləvi informasiya vasitələrində günvurmadan qorunmanın yolları, qarşısının alınma üsulları ilə bağlı yazılsa da, görünür, insanlar bəzən təhlükəni özlərinə o qədər də yaxın hesab eləmirlər. Nəticədə isə son üç ayın statistikasına nəzər salsaq, Azərbaycanda 40-dan çox insan günvurma ilə bağlı həkimə müraciət edib. Əlbəttə ki, ucqar kəndlərdə eyni problemlə üzləşib həkimə müraciət etməyənləri də nəzərə alsaq, bu rəqəmin rəsmi statistikadan qat-qat çox olduğu aydınlaşar. Yayda istinin yaratdığı ilk ağıla gələn problem günvurma olsa da, istidə bir çox bildiyimiz və bilmədiyimiz xəstəliklərin kəskinləşməsi də faktdır. Bəs bu yayı necə sağlam başa vuraq? İsti havalar hansı xəstəlikləri kəskinləşdirir?

Ekspertlər hesab edirlər ki, yay aylarında ən çox dünyasını dəyişən insanlar ürək-damar xəstəlikləri olanlardır. Bundan başqa, pnevmoniya, infarkt, bronxial astma, mədə-bağırsaq, böyrək xəstəliyi olanlar daha ehtiyatlı olmalıdırlar.

Azərbaycanın baş kardioloqu Adil Baxşəliyevin Publika.az-a bildirdiyinə görə, isti hava ən çox ürək xəstələrinə pis təsir edir və insanlarda tez yorğunluq, süstlük əmələ gəlir:

“İsti havada qanın damarlarda hərəkəti sürətlənir, qanın qatılaşması baş verir. Tromb əmələ gəlir. Bu zaman beyin insultu və miokard infarktların sayı çoxalır. İstidən qan təzyiqi qalxa bilər. Ümumiyyətlə, kəskin istilərdə ürək-damar xəstəliklərinin artması və kəskinləşməsi baş verə bilər”.

Hazırda ürək-damar xəstəlikləri ilə müraciət edənlərin sayında artım olduğunu deyən həkimin sözlərinə görə, bu xəstəliklərin vaxtında qarşısını almaq üçün mütləq kölgəliklərdən istifadə etmək, kondisioner olan otaqlarda çox qalmaq lazımdır:

“Sivil ölkələrdə havanın temperaturunun dəyişilməsi ilə əlaqədar iş qrafiki dəyişilir. Saat 10-11-dən axşam 18-19-a qədər iş olmamalıdır. Baş örtüklərindən, kətan paltarlardan istifadə etmək lazımdır. Ümumiyyətlə, istidən qorunmaq üçün əgər böyrəklərin ifrazat funksiyası yaxşıdırsa, çoxlu maye - mineral su, limonlu çay qəbul etmək lazımdır. Ürək çatışmazlığı varsa, onda maye bir qədər azalmalıdır”, - deyə kardioloq bildirdi.

Tibb eksperti Adil Qeybullanın Publika.az-a bildirdiyinə görə, əsasən yay aylarında baş verən xəstəliklər fəsil dəyişmələri ilə bağlı olur. Mütəxəssisin sözlərinə görə, yayda mədə-bağırsaq pozuntusu, meyvə-tərəvəzdən baş verən zəhərlənmələr, günvurma, istivurmalara daha çox rast gəlinir. Əslində KİV-də bunlarla bağlı, xəstəliklərin qarşısını necə almaqla bağlı əhaliyə ətraflı məlumat verilməlidir:

“Ümumiyyətlə, belə isti havalarda uzun müddət isti günəş altında dayanmaq məsləhət görülmür. Çünki orqanizmdə termorequlyasiya mərkəzləri, istilik tənzimi mexanizmləri var ki, bunlar qan damarlarının genişlənməsi, dəri ilə su buxarlanması, bədən temperaturunun stabil saxlanmasına imkan verir. Müəyyən müddətdən sonra bu mexanizmlər pozulur və temperatur artır. Bədən temperaturunun yüksəlməsi orada biokimyəvi proseslərin pozulmasına, zülalların dağılmasdına gətirib çıxara bilər”.

A.Qeybullanın sözlərinə görə, günvurma uzun müddət, xüsusilə də saat 12-18 arası günəş şüaları altında qaldıqda baş verir. Əgər belə hal baş verirsə, mütləq zərərçəkən şəxs sərin bir yerə keçirilməli, onun bədəninə və başına yaş dəsmal qoyulmalı və həkim çağırılmalıdır. Burada əsas məqsəd bədən temperaturunu bir qədər endirmək, xəstəni əvvəlki vəziyyətinə qaytarmaqdır.

Yayda biz tez-tez zəhərlənmələrlə bağlı da eşidirik. Bunların böyük bir qismi vaxtından əvvəl yetişdirilən meyvə-tərəvəzlərdir. A. Qeybullanın bildirdiyinə görə, bunlar əsasən istixanalarda yetişdirilən meyvə və tərəvəzlərdir: “Bu zaman zərərvericilərlə mübarizədə istifadə olunan gübrələr və s. meyvələrin tərkibində toplanır və zəhərlənmə yaradır. Torpağa dəyən meyvə-tərəvəzi istifadə edərkən onlar mütləq yaxşı yuyulmalıdır. Yuyulmadıqda çirk və mikrob insana təmas edir. Bu cür meyvə-tərəvəz həm də uzun müddət saxlanmamalıdır. Meyvə-tərəvəzdə ağ zoğların olması da göstərir ki, o yararsızdır”.

Ev şəraitində müxtəlif turşular qoyulur ki, bunlar da zəhərlənmə verə bilər. Mütəxəssislər bildirirlər ki, əgər onların rəngi, homogenliyi dəyişirsə və qapağı qalxıbsa onlardan ehtiyatlı olmaq lazımdır. Balıq və ət məhsullarını da soyuducuda uzun müddət saxlamaq olmaz. Çünki onlar bir müddətdən sonra mikroblar üçün qida mənbəyinə çevrilir və zəhərlənmələrə gətirib çıxarır.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR