• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

TQDK narazılıqlara aydınlıq gətirdi

TQDK narazılıqlara aydınlıq gətirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiaysı son günlər bəzi mətbuat orqanlarında “Jurnalistika" ixtisasına qəbulla bağlı müəyyən mülahizələr və iradlara münasibətini bildirib.

Komissiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin "Jurnalistika" ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul 2013-cü ilədək ali təhsil müəssisələrinə keçirilən test imtahanının nəticəsinə əsasən aparılırdı. Belə ki, III ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlər ixtisas seçimi zamanı istəklərinə uyğun olaraq "Jurnalistika" ixtisasını da qeyd edirdilər və nəticədə bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər içərisində daha yüksək bal toplamış abituriyentlər (ixtisas üzrə qəbul planına uyğun olaraq) ali təhsil müəssisələrinin "Jurnalistika" ixtisasına qəbul olurdu. 2014-cü ildən başlayaraq "Jurnalistika" ixtisasına qəbulda dəyişiklik edilərək qabiliyyət imtahanları tətbiq olundu. Dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmiş və müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlərdən təqdim olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunurdu. Qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse mövzuları 200-dən çox mövzu içərisindən seçilmişdir. Mövzular əhatə etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünmüşdü. Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik, millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik, insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid, üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli mövzular daxil edilmişdi. Abituriyentlərə hər qrupdan 1 mövzu olmaqla 3 mövzu təqdim edilmiş və onlar istəklərinə uyğun olaraq bu mövzulardan birini seçməklə esse yazmışlar. Qeyd edək ki, esse mövzularının əksəriyyəti, essenin yazılmasına qoyulan tələblər və esselərin qiymətləndirilməsinə aid nümunələr TQDK-nın internet saytına yerləşdirilmişdir ki, abituriyentlərdə bunlarla bağlı aydın, əyani təsəvvür formalaşsın. (http://tqdk.gov.az/exam/bachelor/ səhifəsində "Aktual sənədlər" bölməsi).

Essenin qiymətləndirilməsi üçün qiymətləndirmə meyarları işlənib hazırlanmışdır. Meyarlarda mövzunun strukturunun, mövzunun yaradıcı şəkildə şərhinin və əhatə səviyyəsinin, fikrin fakt və sitatlardan istifadə edilməklə əsaslandırılmasının, söz ehtiyatının zənginliyinin və üslubun orijinallığının, dil qaydalarının ayrılıqda qiymətləndirilməsi tələbləri nəzərdə tutulmuşdur.

Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin meyarlar əsasında yoxlanması markerlər (ekspertlər) tərəfindən həyata keçirilir. 2015-ci ildə esseləri yoxlayacaq markerlərlə 22 iyul tarixindən 29 iyul tarixinədək praktik treninqlər keçirilmişdir. Treninqlərdə 2014-cü ildə keçirilmiş qabiliyyət imtahanının real esselərindən etalon esselər seçilmiş, bu esselərin hər bir istiqamət və yekun qiymət üzrə etalon qiymətləri və qiymətləndirmə meyarları markerlərin hazırlanması və esselərin yoxlanılması üçün yazılmış proqrama daxil edilmişdir. Treninqlərə Mətbuat Şurası tərəfindən təqdim olunmuş jurnalistlər və jurnalistika sahəsində pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər (siyahı 70 addan ibarətdir), həmçinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri (abituriyentlər orta məktəbin məzunları olduğu üçün müəllimlərin bu prosesdə iştirakı məqsədəuyğundur) dəvət edilmişlər. Mətbuat Şurasının təqdim etdiyi 70 mütəxəssisdən 44-ü müxtəlif səbəblərdən (səhhəti ilə, məzuniyyətdə olması ilə, işinin çoxluğu ilə bağlı, əlaqə yaradılması mümkün olmadığı üçün və s.) treninqdə iştirakdan imtina etmişdir. Qalan 26 mütəxəssisdən 16-ı və 80-ə qədər Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 57-i treninqi müvəffəqiyyətlə keçmişdir (treninqdən keçə bilməyənlərin bir neçəsi kompüterlə işləyə bilmədiklərini səbəb gətirmiş, müəyyən hissəsi meyarla işləməmiş, esseni fərdi yanaşmaları ilə qiymətləndirmişlər).

Bu il esselərin yoxlanılması prosesinə treninqdən müvəffəqiyyətlə keçmiş 15 jurnalist (1 mütəxəssis yoxlamada iştirakdan imtina etmişdir) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb edilmişdir. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1 Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilmişdir. Hər iki markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul" ilə qiymətləndirilmişdir. Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə verilmişdir. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti "məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul" ilə qiymətləndirilib.

Bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent qeydiyyatdan keçmişdir. Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş, imtahanda iştirak edənlərin 341 nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmışdır. Qabiliyyət imtahanında iştirak edən 163 abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus bölməsi) idi (müvafiq məlumatlar http://tqdk.gov.az/news/bachelor/725/ və http://tqdk.gov.az/news/bachelor/1486/ səhifələrində verilmişdir).

Komisisyadan bildirilib ki, 600-dən çox bal toplayan abituriyentlər ümumiyyətlə qabiliyyət imtahanına gəlməyib, 500-600 intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli deyillər. Hesab edirik ki, aidiyyəti qurumlar da (müvafiq ixtisasın mövcud olduğu ali təhsil müəssisələri, Kütləvi İnformasiya Vasitələri və onların təmsil olunduğu qurumlar və s.) peşəyönümü istiqamətində sistemli iş aparmalıdırlar”.

Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün bu gün fəaliyyət göstərən Apelyasiya Komissiyasına cəmi 8 abituriyent müraciət edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR