“İt demə, dəxi o da...” - küçə itlərinə kim sahib çıxmalıdır?
Bizi izləyin

Qırmızı.az

“İt demə, dəxi o da...” - küçə itlərinə kim sahib çıxmalıdır?

"O gün it cummuşdu, yuxarıdakı qonşu eyvandan çəngəl atdı, ondan sonra qaçıb getdi. Səhər-səhər iki uşağı bağçaya aparıram. Həyət dolu itdir. Bilmirəm uşaqları qoruyum, ya itləri qovum. 2-3 aydır bu vəziyyətdəyik. Binanın qabağı həm də bit-birə ilə doludur. Qorxudan uşaqlarımızı həyətə düşürə bilmirik...”

Bunu Publika.az-a Binəqədidəki 7-ci mikrorayon 18 saylı binanın sakini Tünzalə Kərimova deyir. Gəlişimizi görüb həyətə toplaşan bina sakinləri aylardır müvafiq qurumlara şikayət etdiklərini, lakin şikayətə baxan olmadığını bildirdilər. Binada yaşayan Yusif Soltanovun sözlərinə görə, xüsusən səhərə yaxın zibil qutusunu eşələyən itlərin səsindən qulaq tutulur:

“Gecə-gündüz bu həyət itlə doludur. Yol keçmək mümkün deyil. Həyətdə 20-yə yaxın it var və uşaqlara cumurlar. Hətta dişləməsələr də, uşağın üstünə cumanda qorxurlar. Qorxudan yazıq uşaqlar bir xəstəlik tapacaqlar. Xüsusən də səhərə yaxın həyət itlərlə dolu olur və səslərindən yatmaq olmur. Nə qədər müraciət etmişik, gəlib yığıb aparan yoxdur. MİS-ə şikayət edirik, deyirlər ki, bacarmırıq”.

Problem təkcə Binəqədi rayonu ərazisində deyil. Küçədə yaşayan sahibsiz heyvanlar paytaxtın digər ərazilərində də sürü ilə gəzirlər. Sahibsiz olmaq, doğurdan da çox pis şeydir. Xüsusən də bu heyvan ola. Ayağı güclə yer tutan körpə uşaq da küçədə sahibsiz it görən kimi heç olmasa yerdən bir daş götürüb ona tuşlamağa cəhd edər. Doğrudur, hərdən bu heyvanlara yazığı gəlib yemək verənlər də tapılır. Amma ümumən münasibət belədir: küçədə sahibsiz heyvan gördünsə daşla, həm də elə et ki, daş mümkün qədər möhkəm dəyib incitsin və səni görən kimi yüz metrdən qaçsın. Sakinlərin dediyi kimi, itlər həyətdə dolu olsa da, yaxınlaşıb kamera ilə çəkmək cəhdimiz alınmadı. Heyvanlar daşla, silahla o qədər vurulmuşdular ki, kameranı da silah bilib qaçırdılar. Əslində, heyvanlara nə qədər “vəfalıdır” deyilsə də, övladına görə narahat olan valideynləri də anlayıram.

Bəs problemi necə həll etmək olar? Sahibsiz heyvanları küçələrdən kim yığışdırmalıdır? Onları öldürməklə nəyə nail ola bilərik?

Sahibsiz heyvanlarla mübarizə, yoxsa qətliam?

Bir çox xarici ölkələrdə sahibsiz heyvanların xəstəlik mənbəyi olmamaları üçün bələdiyyələr cavabdehlik daşıyır. Elə onların küçələrdən yığılmasına da bələdiyyələr nəzarət edir. Xarici ölkələrin təcrübəsində sahibsiz heyvanlar xüsusi sığınacaqlara verilir. Bu sığınacaqlarda onlara sahib çıxan tapılana qədər saxlanılır. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda sahibsiz heyvanlar xəstəlik mənbəyi olsa da, onu insanların gözü qarşısında öldürmək olmaz. Ümumiyyətlə isə, onların güllələnməsi çıxış yolu deyil.

Ölkəmizdə sahibsiz heyvan problemi əsasən itlərlə bağlıdır. Azərbaycanda Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi var. Kimin sahibsiz heyvanlarla bağlı şikayəti varsa, bura müraciət edir. İdarənin əməkdaşları həmin əraziyə yollanıb sahibsiz heyvanları zərərsizləşdirirlər.

Əlbəttə ki, idarəyə zəng edib düşmək və ya orada adam tapmaq mümkün olsa. Elə bizim də bir aya yaxın qurumun rəhbəri Əhməd Məmmədovu axtarışımız nəticə vermədi. Deyəsən, Əhməd müəllimin yerini heç tabe olduğu Bakı Şəhər İcra Hakimiyyətində də bilən yoxdur. Çünki qurumdan Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin nömrəsi kimi verilən nömrələr ayrı-ayrı vətəndaşların mənzillərinə məxsus idi...Uzun axtarışlardan sonra onu öyrəndim ki, mobil telefonu zəngləri qəbul etməyən Əhməd müəllim özü də çox nadir hallarda idarəyə gəlir. Quruma ünvanlanan suallarımıza cavab tapmasaq da, onu öyrəndik ki, 7-ci mikrorayon ərazisindəki binanın həyətindəki itlərlə bağlı tədbir görülür:

“Həmin əraziyə MİS rəisi və mühəndislə birlikdə idarədən həftə ərzində 4 dəfə gediblər. Elə bu gün də Əhməd müəllim həmin ərazidədir. Biz həmin ərazidəki itlərlə bağlı tədbir görmüşük. Onlar öldürülməyib, bizim xüsusi ərazidə saxlanılır”.

Dünyada hər saniyədə bir heyvan qətlə yetirilir...

Statistikaya görə, hər il dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan qətlə yetirilir. Bundan başqa, ildə 2 milyondan çox heyvan saat, kəmər, pulqabı tikilmək üçün öldürülür. Çində hər il 10 milyon it və pişik isə digər geyim aksessuarı hazırlamaq üçün məhv edilir. Həm də problem heç də təkcə ev heyvanlarıyla bağlı deyil. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) “Canlı planet” adlı məruzəsində göstərilir ki, son 40 il ərzində vəhşi heyvanların sayı 2 dəfə azalıb. Canlı planet indeksi məməlilərin, quşların, sürünənlərin, suda-quruda yaşayanların və balıqların 10 mindən çox nümayəndəsinin sayını əks etdirir. 1970-ci ildən 2010-cu ilə qədər o, 52 faiz – iki dəfədən çox azalıb. Daha çox – 76 faiz şirin sularda yaşayan növlərin sayı azalıb. Bu, su (39 faiz) və qurudakı (39 faiz) növlər üçün azalmanın tempini əhəmiyyətli dərəcədə ötür. Dünya regionlarında ən pis vəziyyət Cənubi Amerikada yaranıb. Orada azalma 83 faiz təşkil edir. Onun ardınca azacıq fərqlə (67 faiz) Asiya-Sakit okean regionu gəlir.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi inşa olunur. Mərkəzin bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur. Sığınacaqda heyvanlar üçün mobil təcili tibbi yardım xidmətinin fəaliyyət göstərməsi və sahibsiz heyvanların humanist şəkildə Mərkəzə gətirilməsinə məsul xüsusi qrupun yaradılması planlaşdırılır. Burada həmçinin heyvanların müayinə və müalicəsi üçün yüksək səviyyəli avadanlıqlarla təchiz olunmuş müasir klinika, heyvan mehmanxanası, müxtəlif təlimlər və tədbirlərin keçirilməsi üçün təlim mərkəzi, himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və heyvanların daimi və müvəqqəti məskunlaşması üçün böyük sığınacaqlar yerləşəcək. Ərazidə itlərin gəzinti və oynama parkları ictimaiyyətə açıq olacaq və istənilən şəxs öz ev heyvanını bu parka gəzintiyə gətirə biləcək.

İlin sonuna çox qalmayıb, bəlkə, bundan sonra sahibsiz heyvanlarla bağlı problem qismən də olsa, öz həllini tapar.

Əslində, bütün dünyada sahibsiz heyvanlar var. Doğrudur, mən ac və yetim körpələri qoyub sahibsiz heyvanlara evlər tikmək, xeyriyyə təşkilatları yaratmaq fikri ilə razılaşmıram. Amma onları öldürmək də ən azı günahdır axı. Bir maraqlı faktı da qeyd edim ki, xarici ölkələrdə küçədə yaşayan sahibsiz heyvanlar bizdəki kimi yazıq və məzlum görünmür. Adətən, qulaqlarında xüsusi qeydiyyatda və nəzarətdə olduqlarını göstərən düymə olur və sakitcə bir tərəfdə yatırlar. Bizdən fərqli olaraq onları daşlayan da olmur...

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm