• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Jurnalistika Akademiyasının məzunlarına sertifikatlar verildi - FOTOLAR

Jurnalistika Akademiyasının məzunlarına sertifikatlar verildi - FOTOLAR

Bu gün Azərbaycan – ABŞ Jurnalistika Akademiyası kursunun məzunlarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, hər il Milli Qəhrəman Çingiz Mustafayev Fondunun maliyyə dəstəyi, ANS TV və ABŞ səfirliyinin dəstəyi ilə keçirilən kursların məzunları sertifikat alıb. Təqdimetmə mərasimində əvvəlcə kursun gedişatını əks etdirən qısa videoçarx nümayiş olunub. Üç aydan çox davam edən kurslara müəllim qismində ölkənin peşəkar jurnalistləri ilə yanaşı, xarici mütəxəsisslər də cəlb olunub.

Mərasimdə çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, artıq media kursları 8-ci dəfə keçirilir: “Bu il 150 nəfər arasından 20 nəfər adam seçdik. Müsabiqə çox yüksək səviyyədə idi. Artıq yeni məzunlarımız hazırdır. Onlar arasında media orqanlarlında çalışanlar da var idi, ümumiyyətlə jurnalistikadan uzaq olanlar da. Lakin kursun sonunda onların hər biri jurnalist qabiliyyətinə yiyələniblər. Həm yazmaq, həm də bir jurnalist üçün vacib olan amillər onlara aşılanıb. Məzunlarımıza jurnalistikanın prinsipləri ilə yanaşı, vətənpərvərlik də aşılanıb”.

V. Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda medianı yaxından izlədiyini açıqladı: “Bu, bizdən daha məsuliyyətli olmağı və problemləri daha dürüst formada işıqlandırmağı tələb edir”.

Azərbaycan torpaqlarının işğal altında olması faktını diqqətə çatdıran V. Mustafayev ərazi bütövlüyümüzün bərpa olunacağına inandığını bildirib: “İnanırıq ki, torpaqlarımız azad olunandan sonra oradan reportajlar hazırlayan jurnalistlər arasında bizim də məzunlarımız olacaq”.

Tədbirdə iştirak edən ABŞ səfirinin müvəqqəti işlər üzrə müavini Derek Hoqan da əvvəlcə qonaqları salamlayıb. D. Hoqan məzunlara üz tutaraq bildirib ki, siz karyeranızı jurnalistikaya bağlayaraq üzərinizə böyük məsuliyyət götürdünüz: “Jurnalistika kiçik qazanclı və böyük əziyyət tələb edən sənətdir. Əsl jurnalistlərin vəzifəsi həqiqəti tapmaq və onu geniş formada yaymaqdır. Mən sizi bu postlarda öyrəndiyiniz peşəkar standartları yadda saxlamağa və gələcək işlərinizdə tətbiq etməyə çağırıram. Məlumatların dəqiq və vaxtında çatdırılması istiqamətində jurnalistlər böyük rol oynayır, vətəndaşları məlumatlandıraraq onların cəmiyyətdə daha yararlı iştirakını təmin edirlər. Müstəqil jurnalistika demokratiyanın əsas komponentlərindən biridir”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanda treninqlər həyata keçirərək müstəqil jurnalistikanı dəstəkləyir: “Biz bütün dünyada həqiqəti yayan jurnalistləri qorumaq öhdəliyini üzərimizə götürürük. Jurnalistikanı özünə peşə seçən siz məzunlara təşəkkür edirik”.

Media Akademiyasının məzunları da öz təəssüratlarını bölüşüb.

Daha sonra məzunlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, jurnalistikanın daha mükəmməl şəkildə öyrənilməsi üçün Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən təsis edilən, həmçinin ANS MYMŞ və Amerika Səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Jurnalistika Akademiyası artıq 8 ildir ki, öz tələbələrinə yerli və xarici müəllimlər tərəfindən qısa müddət ərzində bu sahənin bütün sirlərini öyrətmək üçün professional kurslar təşkil edirlər. Kurslar 3 ay müddətində fəaliyyət göstərir. Yerli və xarici müəllimlər tərəfindən jurnalistika ilə yanaşı digər dərslər də keçirilir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR