Xədicə İsmayılova məhkəmədə hay-küy saldı
Bizi izləyin

Qırmızı.az

Xədicə İsmayılova məhkəmədə hay-küy saldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, iclasın əvvəlində X.İsmayılova karküzarlıq işlərinin aparılmasına etirazını bildirib. O, vəsatət qaldırıb ki, iclasdan sonra məhkəmə protokolları ilə tanış olsun. Lakin hakim R.Allahverdiyeva bunun qanunazidd olduğunu deyib və bildirib ki, məhkəmə istintaqı prosesi başa çatdıqdan sonra 3 gün ərzində protokollarla tanış olmaq üçün kifayət qədər imkan yaradılacaq.

X.İsmayılovanın vəkilləri məhkəmə iclasında zərərçəkmişin iştirak etməməsinə etiraz edərək məhkəmə iclasının dayandırılması, iclasın zərərçəkən gəldikdən sonra davam etdirilməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin hakim bildirib ki, zərərçəkmişə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilib, lakin o, iclasa gəlməyib.

R.Allahverdiyev deyib ki, məhkəmə kollegiyası zərərçəkmişin növbəti prosesdə məcburi qaydada iştirakı barədə qərar qəbul edib.

Dövlət ittihamçısı Ramazan Hadıyev də iclasın zərərçəkmişin iştirakı olmadan davam etdirilməsinin qanunazidd olmadığını bildirib.

Sonra X.İsmayılovanın vəkilləri lazımi məsləhətləşmələrin aparılması üçün onun şüşə kabinədən çıxarılıb onlarla birgə əyləşməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı bildirib ki, məsləhətləşmək üçün kifayət qədər vaxt verilib, X.İsmayılovanın şüşə kabinədə oturması onun haqqında seçilən həbs qətimkan tədbirinin tələbindən irəli gəlir.

Hakim isə bildirib ki, X.İsmayılovanın şüşə kabinədə saxlanması onun təhlükəsizliyi baxımından da önəmlidir. O, qeyd edib ki, vəkillərlə X.İsmayılovanın məsləhətləşməsi üçün şərait yaradılacaq. Beləliklə, növbəti vəsatət də təmin olunmayıb.

Daha sonra X.İsmayılovanın vəkilləri ona qarşı vergidən yayınma ittihamına xitam verilməsi üçün vəsatət qaldırıblar. Dövlət ittihamçısı isə bildirib ki, bununla bağlı araşdırma aparılıb, bütün ittihamlar öz təsdiqini tapıb, buna görə də bu vəsatətin təmin olunmamasını istəyir.

X.İsmayılovanın vəkilləri deyib ki, "Azadlıq" radiosunun Bakı bürosunun Beynəlxalq Bankda hesabının olduğu bildirilir, buna görə də imza nümunəsinin olub-olmaması ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu göndərilməsini istəyirlər. Dövlət ittihamçısı isə bildirib ki, cinayət işi üzrə ittihamlar sübuta yetirilib və cinayət işi üzrə materialların arasında bank sənədləri də var. Bu baxımdan sorğunun verilməsinə ehtiyac yoxdur.

Dövlət ittihamçısı X.İsmayılovaya qarşı irəli sürülən ittihamları səsləndirib. Bundan sonra X.İsmayılova ifadə verib və dövlət ittihamçısının bir sıra suallarına cavab verib.

Məhkəmədə fasilə elan olnub, nahar fasiləsindən sonra proses davam etdirilib.

Fasilədən sonra X.İsmayılova səs-küy salaraq məhkəmənin gedişatını pozub. O, dövlət ittihamçısının suallarına cavab verməkdən imtina edib.

Hakim ona bir neçə dəfə xəbərdarlıq etsə də, onun bu hərəkətinin qanunazidd olduğunu desə də, X.İsmayılova yenə də səs-küy salmaqda və məhkəmə prosesinin gedişatına mane olmaqda davam edib.

X.İsmayılovanın belə hərəkətləri ilə əlaqədar hakim yenidən fasilə edib.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm