• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanın ən qaranlıq qəsəbəsi – Digahın işığını kim kəsib? - FOTOLAR

Azərbaycanın ən qaranlıq qəsəbəsi – Digahın işığını kim kəsib? - FOTOLAR

Abşeron rayon Digah qəsəbəsi, Yeni yaşayış massivində yaşayan sakinlər üç ildir ki, ibtidai icma quruluşuna qayıdıblar. Qəsəbədə elektrik enerjisinin gərginliyi aşağı olduğundan sakinlər heç bir məişət avadanlığından istifadə edə bilmir. Problem ilk baxışdan sadə görünsə də, evdə közərmiş elektrik lampası altında, soyuducusuz, televizorsuz, kondisionersiz, paltaryuyan maşınsız, ütüsüz və s yaşamağın nə demək olduğunu elə sakinlərdən yaxşı ancaq özləri bilər.

Bu şikayətlə Publik.az-ın redaksiyasına Məmmədov Sənan Fəxrəddin oğlu bir qrup sakin adından müraciət edib.

Təxminən 200 evin elektrik problemi ilə qarşı-qarşıya qaldığını deyən şikayətçinin sözlərinə görə, əvvəllər Digah qəsəbəsinə elektrik enerjisinin verilişi normal olub. 2013-cü ildən başlayaraq qəsəbədə tikilən evlərin sayı artdığından elektrik enerji təchizatı üçün yeni şəbəkə yaratmaq və yeni transformator qoymaq tələb olunur. Problemi həll etmək üçün sakinlər adından dəfələrlə müvafiq orqanlara şikayət olunsa da, heç bir nəticə verməyib:

“Yay aylarında gərginlik 100-150 volt olur, qışda isə hətta 90 volta qədər düşür. Bununla da heç bir məişət avadanlığını işlətmək mümkün deyil. Abşeron Rayon İcra Hakimiyyətinə, keçmiş “Azərenerji”nin regional bölməsinə dəfələrlə müraciət etsək də, problemimizi həll edən olmayıb. Çarəsiz qalıb, iki dəfə Ombudsmana müraciət etmişik. Yenə bir fayda olmayıb. Sonuncu şikayətimizi mətbuata edirik. Bu da çarə olmasa, yolu kəsəcəyik. Çünki başqa gümanımız qalmayıb”, - deyə şikayətçi bildirib.

S. Məmmədovun sözlərinə görə, “Azərişıq” ASC yarananda problemə əlac tapılacağını düşünsələr də, yanılıblar. Bir ay ərzində qurumdan şikayətə cavab verilməli olsa da, sakinlər ay yarımdır ki, “Azərişıq”ın cavabını gözləyirlər.

Şikayətçinin sözlərinə görə, əksər müraciətlərinə cavab verilməsə də, aldıqları yeganə cavab “Regionların Sosial İqtisadi İnkişafı Proqramına daxil edilib və öz həllini tapacaq” olub. Bu gedişatla, Bakının bir addımlığında üçüncü ildir ki, qışı elektrik enerjisiz keçirəcəklər.

Problemlə bağlı Abşeron rayon icra başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovla əlaqə saxladıq. Şöbə müdirinin Publika.az-a bildirdiyinə görə, Yeni yaşayış massivində yaşayan sakinlərin şikayətləri araşdırılacaq: “Şikayət daxil olarkən sosial şöbəyə daxil olur. Mənim məlumatım yoxdur. İndi nümayəndəyə deyərəm, məsələni araşdırarlar”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Publika.az-a bildirdiyinə görə, Digah qəsəbəsində yaşayan sakinlər evlərinə texniki şərt almayaraq elektrik xətti çəkiblər. İndi orada tam yeni şəbəkə qurulur və “Azərişıq” yeni transformator məntəqələri quraşdırır, yeraltı kabel xətləri çəkilir ki, enerji təchizatı yaxşılaşdırılsın. Hal-hazırda Abşeron rayonunun bütün kənd və qəsəbələrində genişmiqyaslı yenidənqurma işləri aparıldığını deyən T. Mustafayevin sözlərinə görə, qurum yeni yarandığından, problemlər də yavaş-yavaş öz həllini tapır:

““Azərişıq”ın Digah qəsəbəsindəki problemdən xəbəri var. Bunu orada yaşayan sakinlər özləri də bilirlər. Həmin qəsəbə yeni salınan qəsəbədir və sakinlər texniki şərt almalıdırlar. Bizim qurum 2-3 aydır ki, yaranıb. Onların problemləri isə 2012-2013-cü illərdən qalıb. Bu problem bir günün, iki günün işi deyil axı. Görülən işlərin mütləq nəticəsi olacaq”.

Qeyd edək ki, iyulun 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident bildirib ki, bu il yaranan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qarşısında bölgələrdə elektrik enerjisi ilə təchizatı Bakıdakı kimi qurmaq vəzifəsi qoyulub. Bunun üçünsə, həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastrukturun kifayət qədər çox olduğunu deyən prezidentin sözlərinə görə, yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır:

“Yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var. Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR