Bakıda “metallom” avtomobillərin sayı artır – köhnə maşınların aqibəti necə olacaq? – ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda “metallom” avtomobillərin sayı artır – köhnə maşınların aqibəti necə olacaq? – ARAŞDIRMA - FOTOLAR

Müasir standartlara cavab verməyən, istehsal ili köhnə olan avtomobillərin respublikamıza gətirilməsi məhdudlaşdırılsa da, digər problem ortaya çıxmaqdadır – istifadə müddətini başa vurmuş, yaxud sahibləri tərəfindən istismar edilməyən nəqliyyat vasitələrinin sayının artması.

Publika.az-ın araşdırmaları nəticəsində məlum olub ki, paytaxtda, habelə digər şəhərlərdə belə avtomobillərin sayı getdikcə çoxalır. Nəqliyyat üzrə ekspertlərin qeyri-rəsmi məlumatlarına görə, hal-hazırda təkcə Bakı şəhərində 2000-dən artıq “ölü” – sahibləri tərəfindən atılmış avtomobil var. Ayrı-ayrı küçələrdə, həyətyanı sahələrdə, yol kənarlarında aylarla, illərlə istifadəsiz qalmış avtomobillər həm şəhərimizin görünüşünə xələl gətirir, həm də onsuz da nəqliyyat sıxlığının yaşandığı paytaxtda piyadaların, nəqliyyat vasitələrinin gediş-gəlişinə problemlər yaradırlar.

Ölü avtomobillərin sahibləri yol kənarlarında qoyub getdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının kimlərsə tərəfindən oğurlanmaması, naməlum şəxslərin bu nömrələrin başqa avtomobilə bağlayıb hansısa cinayət törətməsinin qarşısını almaq üçün dövlət nömrə nişanını açıb götürürlər. Aylarla küçələrdə, həyətyanı sahələrdə sahiblərinin yollarını gözləyən avtomobillərin uzun müddət nəzarətsiz qalması cinayətlərə də yol açır. Naməlum şəxslər günün gecə saatlarında bu avtomaşınların şüşələrini sındırıb, onların salonundakı avadanlıqları söküb aparırlar.

Elə avtomobillər də var ki, sahibləri onların mühərriklərini və digər hissələrini çıxararaq satıblar. Küçələrdə yalnız onların kuzovu qalmaqdadır.

Maraqlıdır, Bakının köhnə, istismar müddətini başa vurmuş avtomobillərinin yaratdığı problem necə həllini tapmalıdır? Başqa sözlə, paytaxt küçələri, yollar və digər ərazilər ölü avtomobillərdən niyə təmizlənilmir?

Elə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bununla bağlı problemin getdikcə daha da dərinləşdiyini vurğulayıb. O, belə halların hələlik kütləviləşmədiyini desə də, istismar müddətini başa vurmuş maşınlarla bağlı tədbirlərin görülməsinin vaxtının çatdığını dilə gətirib: “Bizdə köhnə avtomobillərlə bağlı problem hələlik o qədər də ciddi deyil. Amma təəssüf ki, belə hallar getdikcə artır. Ölkəmizdə avtomaşınların sayı artdıqca, avtomobilləşmə prosesi yüksələn xətt üzrə getdikcə küçələrə atılmış köhnə avtomobillərin də sayı çoxalır. Təəssüf ki, sizin qaldırdığınız bu problemin həlli bizim qanunvericilikdə təsbit olunmayıb. Yəni qanunvericilikdə bu problemin həlli yoxdur”.

Dünyanın bir sıra ölkələrində avtomobilləşmə prosesinin hələ ötən əsrin 50-60-cı illərində başladığını deyən ekspertin sözlərinə görə, həmin dövlətlərdə köhnələrək sıradan çıxmış nəqliyyat vasitələri ilə bağlı müvafiq qanun qəbul edilib: “Bir sıra dövlətlərdə nəqliyyat vasitələrinin utilizasiyası haqqında qanun qəbul edilib. Yəni istismar müddətini başa vurmuş, əl-ayağa dolaşan avtomobillərin çıxdaş edilməsi, yığışdırılması. Texniki baxışdan keçə bilməyən, istismara yararsız avtomobillər küçələrdən, yollardan, həyətyanı sahələrdən yığışdırılmalıdır. Lakin qanunvericilikdə bununla bağlı hər hansı mexanizm olmadığından istismara yararsız avtomobillər küçələrdə, həyətyanı sahələrdə, yol kənarlarında qalmaqdadır. Heç kim bu nəqliyyat vasitələrinin sahibinə deyə bilməz ki, avtomobilini buradan götür. Buna görə də toxunduğunuz problemin həlli havadan asılı qalıb”.

Onun sözlərinə görə, istismar müddətini başa vurmuş avtomobillərin çıxdaş edilməsi heç bir dövlət orqanının səlahiyyəti daxilində deyil. Bu səbəbdən də problem həll edilməmiş qalır: “Bu məsələ belə həll oluna bilər. Tutaq ki, hansısa rayonun mənzil kommunal istismar sahəsinin əməkdaşları onların nəzarəti altında olan ərazidə köhnə avtomobilini illərlə saxlayan vətəndaşa müraciət edə bilər ki, xahiş edirik, avtomobilinizi filan yerdən götürün. Ancaq xahişlə. Heç bir dövlət orqanının icrası icbari olan göstərişlər vermək ixtiyarı yoxdur. Tutaq ki, sahibi köhnə avtomobili küçədə dayanma-durma qadağası ilə bağlı yol nişanının olduğu yerdə atıb gedib. Yol polisi bununla bağlı bircə tədbiri görə bilər – avtomobilin cərimə meydançasına aparılması. Lakin onda yol polisi üçün başqa problem ortaya çıxacaq - köhnə avtomobil aylarla cərimə meydançasında yer tutacaq”.

Hər hansı strukturun küçələrdə, yollarda qalmış köhnə avtomobillərlə bağlı inzibati tədbir görmək səlahiyyətinin olmaması səbəbindən ölü maşınların sayı artacaq: “Bununla bağlı müvafiq qanun qəbul edilməlidir. Həmin qanunda problemin həlli ilə bağlı müəyyən tədbirlər də təsbit olunmalıdır. Məsələn, qanunda göstərilməlidir ki, istismar müddətini başa vurmuş avtomobillər uçotdan çıxarılıb təhvil verilməlidir. Əks təqdirdə, onun sahibi cərimə olunacaq. Təklif edirik ki, cərimənin miqdarı da çox olmasın – cəmi 100 manat. Əgər bu hal növbəti ay təkrarlanarsa, avtomobilin sahibi növbəti dəfə eyni miqdarda cərimə edilməlidir. Belə olarsa, vətəndaşların özləri də problemin həllində maraqlı olacaqlar”.

Getdikcə artan problemin başqa bir səbəbi də mövcuddur: “Problemin yaranma səbəblərindən biri də istismar müddətini başa vurmuş avtomobilini metalloma, təkrar emala göndərən sürücünün bəzi çətinliklərlə üzləşməsidir. Kimsə köhnə nəqliyyat vasitəsini metalloma aparsa, onun özünü də yolda cərimə edə bilərlər. Bu səbəbdən də bəzi sürücülər istismar müddətini başa vurmuş nəqliyyat vasitələrini elə yol kənarlarında, həyətlərdə atıb gedirlər”.

Milli Məclisin deputatı Fazil Mustafa da bu problemin qarşısının alınmasını zəruri sayır: “Milli Məclisin payız sessiyasının plenar iclasında bu məsələylə bağlı təşəbbüs qaldıracam. Təklif edəcəm ki, mövzu ilə bağlı müzakirələr olsun və müvafiq qanun layihəsi hazırlansın”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm