Habil Əliyevi özünə ustad hesab edən küçə musiqiçisi: “Arif Quliyev ifalarımı canlı dinləyir” – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

Habil Əliyevi özünə ustad hesab edən küçə musiqiçisi: “Arif Quliyev ifalarımı canlı dinləyir” – FOTOLAR/VİDEO

O, sanki “Xalqlar dostluğu” metrostansiyasının qarşısındakı ərazidə işə götürülüb. Hər gün səhər bura gələrək taxta yeşiklərin üstündə oturur. Yanından ötüb-keçənlərdən pul yığmaq üçün qarşısına plastmas qab qoyaraq, köhnə akkordeonunu sinəsinə sıxır və çeşidli musiqiləri ifa etməyə başlayır.

Eldar Manafov 1965-ci ildə Şirvan şəhərində anadan olub. Özünün də dediyi kimi, akkordeonda çalmağı, küçə musiqisini lap erkən yaşlarında öyrənib. Özü də təkbaşına.

Onunla söhbətimizdə keçmişi ilə maraqlandıq. Publika.az akkordeon ifaçısı ilə söhbəti təqdim edir:

Əvvəllər müxtəlif yerlərdə fəhlə işləyən Eldar Manafov sonralar maddi sıxıntılarla üzləşib: “Plastik qapı sexinə işə düzəlmişdim. Düzdür, sağlamlıq üçün zərərli idi. Həftədə 2 litr süd, hər ay normal maaş və yaxşı işlədiyimə görə əlavə pul mükafatı alırdım. Beləcə, ailəmi birtəhər dolandırırdım. Lakin 1995-ci ildə işlədiyim sex fəaliyyətini dayandırdı. Buna görə də dolanışığımız çətinləşdi”.

220 manat pensiya aldığını deyən müsahibim bildirir ki, bu pul onun ailəsinin tələbatını ödəmir: “Maddi sıxıntı çəkirdik deyə, küçə musiqiçiliyi ilə məşğul olmağa məcbur oldum. Qərara aldım ki, akkordeonda ifa etməklə ailəmi dolandırım. Əvvəllər ayrı-ayrı alqı-satqı mərkəzlərinin girişində akkordeonda ifa etməyə başladım. Sonra Bakıxanov qəsəbəsində ifa edir, pul qazanırdım. Bir qədər orda işlədikdən sonra gəldim “Gənclik” metrostansiyasının qarşısındakı parka. Düz 8 il də “Gənclik”də işlədim. Parkda yaxşı mahnılar ifa etdiyimdən yaxşı da pul qazanırdım. Ondan sonra isə bura gəldim. Çünki qarovulçular, polislər işləməyə imkan vermirdilər. 2006-cı ildən burda - metronun qarşısında çörəkpulu qazanıram”.

Eldar Manafovun akkordeonda ifa etməyi öyrənməsinin maraqlı tarixçəsi var: “Mən uşaq olanda böyük bacıma akkordeon almışdılar. Lakin o, ifa etməyi öyrənmirdi. Alət evin bir küncündə qalmışdı deyə mən onda ifa etməyə başladım. Özü də necə?! Mənə kömək edən kamança ustası Habil Əliyev oldu. Düz dörd yaşımdan evimizdə onun ifalarını dinləyirdim. Beş yaşımdan isə tədricən akkordeonda ifa etməyi öyrənməyə qərar verdim. Onun ifasının yazıldığı qrammofon valına qulaq asaraq, tədricən çalmağı öyrəndim. Hər gün Habil Əliyevin qrammofon vallarını qoyub qulaq asırdım. O, hansı xalları vururdusa, mən də onu edirdim. Buna görə də Habil Əliyevi müəllimim adlandırıram”.

O, musiqi təhsili almadığından özünü musiqiçi hesab etmir: “Mən sənətkar deyiləm. Çünki nə ali, nə də orta təhsilim var, musiqi savadı almamışam. Ona görə də özümü sənətkar hesab edə bilmərəm. Bəzi musiqiçilərin yanında özümü heç kim sayıram”.

Bütün bunlara baxmayaraq, seyircilərindən razılıq edir. Deyir ki, küçədən ötüb-keçənlərdən bəziləri nəinki ona pul verir, hətta bir çoxu dayanıb ifalarını da dinləyirlər: “İfalarım çoxunun xoşuna gəlir. Bir dəfə küçədə mahnı ifa edirdim. Bir də gördüm müğənni Tağı Salehoğlu mənə yaxınlaşdı. Sən demə, ifama qulaq asıb bəyənibmiş. “Gənclik” metrostansiyasının qarşısında dayananda Cabbar Musayevlə, Şamil Mustafayevlə tez-tez qarşılaşırdıq. Gözəl sənətkarımız Arif Quliyev də hərdən buralara gəlir, salamlaşıb görüşür, zarafatlaşırıq. Çox gözəl insandır. Hər dəfə deyir ki, filan mahnını ifa et, qulaq asım, ifalarını bəyənirəm”.

Gündə yüzlərlə mahnı ifa etdiyini deyən musiqiçi bacardığını edir ki, ifaları insanların xoşuna gəlsin: “İndi dolanışığım pis deyil. Şükür Allaha, gündə 5-10 manat qazanıram. Buranın polislərindən razıyam. Allah dörd polisin hər birindən razı olsun!”

Müsahibim deyir ki, çətinliklə də olsa küçə musiqiçiliyi ilə ailəsini dolandırır: “Həyat yoldaşım gözdən əlildir. Buna görə də heç yerdə işləyə bilmir. Özüm də birinci qrup əliləm. Gözümün biri görmür, o biri isə çox zəif görür. Birtəhər gəzirəm. Bir oğlum, bir qızım var. Qızım Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq və rejissorluq fakültəsində oxuyur. Oğlum əlildir, əvvəllər burda tərəzi qoyub pul qazanırdı”.

Ailəsinin bir sıra çətinlikləri olduğunu deyən müsahibim Korlar Cəmiyyətinin fəaliyyətindən giley-güzar edib: “Korlar Cəmiyyətinin sədri bəzi gözdən əlilləri hesaba almır. Yeni Günəşli qəsəbəsində yaşayıram. Biz bir neçə il əvvəl ev növbəsinə dayanmışdıq. 1996-cı ildə hansısa yollarla növbəmizi ləğv etdilər. Bunu nəyə görə etdiklərini bilmədim. Ona görə də indi hamımız birotaqlı mənzildə yaşayırıq. Yetkin yaşlı övladlarla bir otağın içində yaşamaq çox çətindir. Qızımın 25, oğlumun 26 yaşı var. Heç olmasa, ikiotaqlı evim olsaydı, dərdim olmazdı”.

Küçə musiqiçisi kimi fəaliyyət göstərdiyi uzun illər ərzində ona bir neçə akkordeon yoldaşlıq edib: “Hər gün küçədə, özü də saatlarla çaldığımdan alətlər tez-tez sıradan çıxır. Buna görə də il yarım - iki ildən bir yenisini alıram. Təəssüf ki, bunun təzəsini düzəldən yoxdur. Yaxşı ki, Arzu adlı usta var. Akkordeonum sıradan çıxanda gedib ondan yenisini alıram. İndi ifa etdiyim alət 140 manatadır. Amma imkansız olduğumdan onu mənə 80 manata satdı. Təxminən 4 aydır bundan istifadə edirəm. Çöldə, özü də saatlarla istifadə olunan alətdir deyə, bu da tezliklə sıradan çıxacaq. İndiyədək onlarla akkordeon dəyişmişəm”.

Bütün mahnıları ifa etməyi bacardığını deyən Eldar Manafovun sözlərinə görə onun özünəməxsus iş rejimi var: “Bura hər gün səhər saat 9-da, ya da 9-un yarısında gəlirəm. Birinci himnimizi ifa edirəm. Çünki ən gözəl mahnı odur. Sonra isə Cabbar Musayevin, Niyaməddin Musayevin və Könül Kərimovanın mahnılarını akkordeonda çalıram. Çünki həmin mahnıları çox sevirəm. İstəyirsənsə, Könül xanımın musiqilərindən birini ifa edim, qulaq as”.

O, bunu deyib Könül Kərimovanın oxuduğu mahnılardan birini ifa edir. Küçədən keçənlərdən bəziləri isə bir neçə saniyə dayanıb onu dinləyir.

Müsahibim deyir ki, bu sənətə həvəsi və bağlılığı həddən ziyadədir: “Yorulmasam, gecəyə qədər mahnı ifa edərəm. Həm yorulduğumdan, həm də Yeni Günəşlidə yaşadığımdan axşam saat 8-də, 9-un yarısında evimə gedirəm”.

Təklif olsa, gedib hansısa musiqi qrupunda ifaçı işləyə bilər. Amma: “...Gözlərimə görə inanmıram ki, məni hansısa qrupa üzv etsinlər. Boyum da balacadır. Bir dəfə ad günü məclisinə getdim. Qulağım eşidə-eşidə dedilər ki, filankəs musiqiçi tapmadı deyə, bura koru gətirib. Elə məni aparan adamın özünə dedilər ki, harda xəstə varsa, onu gətirmisən”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm