• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sərnişinlərə şad xəbər: yeni metro stansiyaları istifadəyə veriləcək

Sərnişinlərə şad xəbər: yeni metro stansiyaları istifadəyə veriləcək

““Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında tikinti işləri başa çatıb”.

Bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, adı çəkilən hər iki stansiyada hazırda abadlıq işləri aparılır.

Təmir işlərinin sürətlə davam etdiyini deyən N. Paşayev qeyd etdi ki, hər iki stansiyada bir sıra yeniliklər olacaq: “Hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Elektrik təchizatı sistemi, rabitə sistemi və yanğından avtomatik mühafizə sistemləri quraşdırılır. Onu da qeyd etmək istəyirəm ki, hər iki stansiyada fiziki qüsurlu insanlar üçün xüsusi liftlər quraşdırılıb. Həmin insanlar yerin üst hissəsindən birbaşa platformaya daxil olacaq. Yəni eskalator və pilləkəndan istifadə etməyəcəklər. Bildirim ki, bundan sonra tikiləcək bütün stansiyalarımızın hamısında bu cür liftlər quraşdırılacaq. Təbii ki, bütün bunlar insanlarımızın rahatlığı üçün düşünülmüş addımdır”.

Sözügedən stansiyaların bu ilin birinci yarısından istifadəyə veriləcəyini qeyd edən Metropoliten rəsmisi, həmçinin Elmlər Akademiyasının ikinci çıxışının hazır olacağı tarixi də açıqladı: “Bakı Dövlət Universitetinə birbaşa çıxışı nəzərdə tutan yeni qurğu bu ilin sonuna kimi hazır olacaq. Hazırda orada da tikinti işləri davam edir. Tikinti işləri ən yüksək səviyyədə həyata keçirilir. Düşünürəm ki, tikinti işləri yekunlaşandan sonra Universitetə gedən yolda sıxlıq aradan qalxmış olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR