Jurnalistlər və deputatlar cəbhə xəttində - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər və deputatlar cəbhə xəttində - FOTOLAR

“Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində Milli Məclisin bir qrup deputatı, KİV nümayəndələri və QHT təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar.

Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində KİV-lərə şərait yaratmaq, hərbi və müdafiə sahəsində görülən işlərin cəmiyyətə çatdırılmasından ibarət olub. Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi və Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə deputatlar və KİV nümayəndələrinin cəbhənin Göygöl və Tovuz rayonları istiqamətində hərbi hissələrdə şəxsi heyətlə görüşləri keçirilib. Nümayəndə heyəti ön xətdə xidmət edən əsgər və zabitlərin yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər.

Media nümayəndələrinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib. Əsgər, gizir və zabitlərin qarşısında çıxış edən Milli Məclisin deputatı Fuad Muradov ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğıdan söz açıb:

“Ön səngərdə gördüklərim, hərbi qulluqçuların sosial-məişət şəraiti, ərzaq təminatı, hər şeydən öncə isə onların döyüş hazırlığı və vətənpərvərlik ruhu məni bir daha əmin etdi ki, Azərbaycan Ordusu çox güclüdür. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqətinin müsbət nəticələri göz önündədir. Bütün bunlar hər birimizdə bir daha əminlik yaradır ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək”.

Milli Məclisin deputatı Rövşən Rzayev isə bildirib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır:

“Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür”.

R.Rzayev Azərbaycan əsgəri ilə fəxr etdiyini xüsusi vurğulayıb.

Çıxışçılar düşmənlə üz-üzə səngərdə Vətənin keşiyində dayanan əsgər, gizir və zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar. “N” hərbi hissənin zabiti Elşad Əbilov əsgərlərin və zabitlərin böyük ruh yüksəkliyində olduğunu deyib, təmas xəttindəki postlarda xidmət üçün yüksək səviyyəli şərait yaradıldığını bildirib. O, qeyd edib ki, Azərbaycan Ordusu düşmənin istənilən hücum və təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinə layiqincə cavab verir.

Səfərdə iştirak edən KİV nümayəndələri isə ön cəbhədə olan hərbiçilərimizlə, əsgərlərimizlə söhbət zamanı bir daha əmin olublar ki, onlar düşmənin istənilən həmləsinin qarşısını alır, təmas xəttindəki postlarımızda ayıq-sayıq Vətənin keşiyində dayanırlar. Düşmənlə üz-üzə Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan, düşmən kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə alan, hər gün atəşkəs rejimini bir neçə dəfə pozan Ermənistan silahlı bölmələrinin vaxtında layiqli cavabını verən əsgər və zabitlərlə görüşlər onların Azərbaycan ordusuna və qələbəyə inamını daha da artırıb. Səfər iştirakçıları döyüşçülərlə səmimi söhbətlər edib və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanacaq döyüşlərdə onlar da Vətən əsgərləri ilə bir yerdə olacaqlarını bildiriblər.

Zabitlər, əsgərlər qonaqlara dərin minnətdarlıqlarını bildirərək onları əmin ediblər ki, bundan sonra da Vətənimizin və xalqımızın milli təhlükəsizliyini etibarla qoruyacaq, əsgəri borclarını şərəflə yerinə yetirəcəklər. PJB sədri Elşad Eyvazlı jurnalistlərə yaratdığı bu cür şəraitə görə Müdafiə Nazirliyi rəhbərliyinə təşəkkür edib. O, bu cür layihələrin davamlı olacağını söyləyib.

Vasif Həsənli,

Göygöl-Tovuz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm