Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsində - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsində - FOTOLAR

Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Bakıya dönüb.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib və əllərinə silah alaraq vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar. Dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulmasının şahidi olan vətənpərvər oğullar düşmənin susdurulmasında da yaxından iştirak ediblər.

Şəhidlər xiyabanını ziyarətlə başlanan cəbhə bölgələrinə səfərin iştirakçılarını Şəmkir şəhərində Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. O, bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib.

Əsgər klubunda keçirilən ilk tədbirdə Əfqanıstan müharibəsi veteranlarının keçdiyi döyüş yolundan, xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə onların cəbhəyə yola salınaraq Qarabağ uğrunda əsl fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərindən, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin keçmiş beynəlmiləlçi döyüşçülərə daimi diqqət və qayğı göstərməsindən bəhs edilib.

Səfərin iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər və Goranboyda ön səngərlərdə olublar.

Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov və başqaları yenidən cəbhə bölgələrinə qayıtmaq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm