“BakıKART” müəmması: Sərnişinlər narazıdır, Metropoliten isə “haqlıyıq” deyir
Bizi izləyin

Qırmızı.az

“BakıKART” müəmması: Sərnişinlər narazıdır, Metropoliten isə “haqlıyıq” deyir

Bir neçə gündür ictimai nəqliyyatda vahid kart sisteminə keçid başlayıb. Bu yenilik çoxdan gözlənilsə də, ilkin mərhələdə birmənalı qarşılanmadı: hələlik yalnız metroda istifadə edilən kartlarla bağlı bəzi məqamlar istifadəçilərin ürəyincə olmadı. İstər sosial şəbəkə, istərsə də mətbuatda kartla bağlı müzakirələr hələ də davam edir.

Əsas narazılıq isə kartın girov dəyərinin götürülməsi ilə bağlı konkret vaxt məhdudiyyətinin qoyulması ilə bağlıdır. Belə ki, girov dəyərinin qaytarılması üçün istifadəçilərə avqustun 8-dan 15-dək vaxt verildi. Yay fəsli olduğundan əhalinin bir hissəsi məzuniyyətdə və ya paytaxtdan kənardadır. Yəni, həmin qismin hazırda kartın girov dəyərini götürmək imkanı yoxdur. Bu səbəbdən də, sərnişinlər vaxtın ən azı sentyabrın sonuna qədər uzadılmasını istəyirlər. Digər qrup isə metrodan az hallarda istifadə edən - şəxsi avtomobili olan sərnişinlərdir. Onlar karta yüklənən girov dəyərinin sentyabrın 30-na kimi məhdudlaşdırılmasına etiraz edirlər. Həmin sərnişinlərin fikrincə, karta yüklənmiş depozit dəyərini istifadə edə bilməyəcəklər və nəticədə haqları pozulmuş olacaq.

Bəs bu şəxslərin metro kartlarının aqibəti necə olacaq? Girov dəyərinin götürülmə vaxtının avqustun 15-dək olmasının səbəbi nə idi? Köhnə kartlardan istifadə müddətini uzatmaq olmazmı?

Kart istifadəçilərinin daha bir etirazı onun üzərindəki yazıda dil normalarının pozulmasıdır. Çünki “BakıKART” ların üzərində “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi Azərbaycan dilinin qanunlarına qətiyyən uyğun olmayan cümlələr yer alır. Diqqət etdinizsə, cümlələr heç də müasir dil normalarına uyğun qurulmayıb: “alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsi düzgün deyil. Bunu Azərbaycanın dövlət dilinə hörmətsizlik kimi qəbul edənlər də var.

Sərnişinləri narahat edən suallarla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə müraciət etdik. QSC rəsmisi Publika.az-a açıqlamasında əvvəlcə kartın üzərindəki dil normalarının pozulması səbəbinə aydınlq gətirdi: “BakıKART”ların üzərindəki yazılarda dil normalarının pozulması diqqətsizliyin nəticəsidir. Bu layihə üzərində uzun müddətdir işləyirdik. Artıq müəyyən qədər kart sifariş verilib və istifadəyə buraxılıb. Növbəti sifariş zamanı kartın üzərindəki yazılar düzələcək. Dil normalarına uyğun yazılacaq”.

Sərnişinlərin kartla bağlı digər narazılığına gəldikdə, N.Paşayev yeni kartlara keçid zamanı metro istifadəçisinin rahatlığı və maddi cəhətdən ziyana düşməsinin nəzərə alındığını bildirib: “Metro ictimai nəqliyyatdır və istifadəçilər mütəmadi olaraq bu nəqliyyatdan istifadə edir. Çox az qrup insan var ki, onlar az hallarda metrodan istifadə edir. Onlar hazırda istifadəsiz kartlarından sentyabrın 30-dək istifadə edə bilərlər. Bu az müddət deyil. Verilmiş müddətə etiraz edənlərə gəldikdə isə deyə bilərəm ki, vahid kart sisteminə keçidin müəyyən bir müddəti olmalıdır. Avqustun 15-dək onlara vaxt verilmişdi, həmin müddətə qədər kartı geri verib, depozit məbləğini geri götürə bilərdilər. Bu, əsasən kartı tamamilə istifadəsiz olanlar üçün verilən müddət idi. Metrodan az da olsa istifadə edənlər üçün bu yeniliyin çox da fərqi olmayacaq. Belə ki, sentyabrın 30-dək köhnə kart sahiblərinə depozit dəyərini geri götürmək üçün vaxt verilib. Onlar avqustun sonunadək köhnə kartlarını yükləmə aparatlarına qoyaraq girov dəyərini kartın balansına yükləyib, sentyabrın 30-dək istifadə edə bilərlər. Avqustun 31-dək paytaxtda olmayan şəxslər, tələbələrin kartlarının da girov dəyəri və balansdakı gediş haqqı itmir. Həmin şəxslər sentyabrın 30-dək “BakıKART” alaraq həm girov dəyərini, həm də balansdakı pulu həmin yeni karta yükləyə bilərlər. Bunun üçün yeni kartı alıb, metroda fəaliyyət göstərən kassalara yaxınlaşmalıdırlar. Həmin şəxslər onsuz da metrodan istifadə edəcəkləri üçün yeni kart almalıdırlar. Bu mənada onlar da heç nə itirmir. Hesab edirik ki, yeni kartlara keçidlə bağlı ciddi problem yoxdur, hər bir istifadəçiyə də yetərincə vaxt verilir”.

N.Paşayev köhnə kartların nə üçün məhz sentyabrın 30-dək istifadəyə yararlı olması ilə bağlı yaranan suallara da aydınlıq gətirdi: “Hazırda metroda “BakıKART”ın aparatları ilə yanaşı əvvəlki kart yükləmə aparatları da saxlanılıb, turniketlər də iki hissədir. Yay olduğu üçün metrodan gün ərzində 400-450 min sərnişin istifadə edirsə, qış qrafikinə keçəndən sonra bu rəqəm 700-750 min olacaq. Bu zaman isə iki sistemdən istifadə sıxlığa səbəb olacaq. Yeni sistemə keçiriksə, bunu ümumi şəkildə etməliyik. Turniket və kart yükləmə aparatları qarşısında sıxlıq yaranmasın deyə konkret müddət müəyyən etmişik. Müddəti 6 aya qədər uzada bilərdik, lakin bu vaxt ərzində həm “BakıKART”, həm də metro kart istifadəsi, turniketlərin azlığına, nəticədə isə sıxlığa səbəb olacaqdı. Bütün bunları düşünərək qərar qəbul edilib. Oktyabrın 1-dən etibarən metroda köhnə turniket və aparatlar tam ləğv ediləcək”.

“BakıKART”ların üzərində qeyd edilmiş və sərnişinlərin qarşılaşdığı və ya qarşılaşacağı hər hansı problemlə bağlı müraciəti üçün nəzərdə tutulmuş http://www.bakikart.az/ saytı hazırda fəaliyyət göstərmir. N.Paşayev hazırda saytın hazırlıq mərhələsində olduğunu dedi: “Problemlə qarşılaşan sərnişinlər *4343 nömrəsinə zəng edə bilərlər. Bundan başqa, metronun “Nəriman Nərimanov”, “28 May”, “20 Yanvar” və “Neftçilər” stansiyalarında kart analiz mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərə yaxınlaşıb problemlərini həll edə bilərlər. Bu günə qədər 150 min civarında “BakıKART” satılıb. Lakin hələ ki, sərnişinlər köhnə kartların girov dəyərini istifadə edirlər. Yəqin ki, bir müddət sonra tamamilə “BakıKART”dan istifadə ediləcək”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm