• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

BSU və Dillər Universiteti birləşir

BSU və Dillər Universiteti birləşir

Son günlər sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin (BSU) ləğv edilərək Dövlət Dillər Universitetinə (DDU) birləşdirilməsi barədə məlumatlar yayılır. Bu informasiya ali təhsil müəssilərinin kollektivlərində də geniş əks-səda doğurub.

Yayılan xəbərlərdə Dillər Universitetinin rektoru Səməd Seyidovun da vəzifəsindən azad olunacağı və iki universiteti birləşdirərək yeni rektor təyin ediləcəyi deyilir. Kamal Abdullanın yerinə BSU-ya rektor təyin edilməməsinin səbəbi kimi də bu struktur islahatına hazırlıq göstərilir.

Rəsmi olaraq heç bir məlumat yoxdur

Yayılan informasiyalara aydınlıq gətirmək üçün Təhsil Nazirliyi və adıçəkilən ali məktəblərin rəsmiləri ilə əlaqə saxladıq. Nazirliyin KİV-lə iş sektorunun rəhbəri Cəsarət Valehov səfərdə olduğu üçün sualımıza cavab verə bilməyəcəyini dedi.

BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev “Axar.az”a açıqlamasında Universitetin ləğv olunması barədə yayılan məlumatların şaiyə olduğunu bildirdi:

“Sosial şəbəkələrdə gedən bu cür məlumatlardan xəbərimiz var. Ancaq bunlar hamısı şaiyədir. Universitetin ləğv olunması və digər bir müəssisəyə birləşdirilməsi barədə məndə rəsmi məlumat yoxdur. Bu, ölkə rəhbərliyinin səlahiyyətində olan məsələdir. Onlar nə qərar versələr, elə də olacaq”.

BSU-nun ölkənin təhsil sistemində kifayət qədər çəkisi olduğunu vurğulayan A.Əliyev hazırda dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrinin olduğunu dedi. Onun fikrincə, belə bir ali məktəbin bağlanması arzuolunan hal deyil.

DDU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova da təhsil müəssisələrinin birləşməsi barədə məlumatsız olduğunu dedi: “Bu barədə məndə hər hansı rəsmi məlumat yoxdur və heç bir söz deyə bilmərəm”.

Bu birləşmə nə verə bilər?

Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıxlı bizimlə söhbətində bildirdi ki, adıçəkilən iki təhsil müəssisəsinin birgə fəaliyyət göstərməsi təcrübəsi olub. Onun fikrincə, yenidən həmin təcrübənin müasir standartlar çərçivəsində tətbiqi mənfi fəsadlara yol açmayacaq:

“Əvvəllər də bu iki universitet bir yerdə fəaliyyət göstərirdi və bunun mənfi fəsadları müşahidə edilməmişdi. Bilirsiz ki, təhsil müəssisələrinin birləşdirilməsi məsələsini təhsil naziri Mikayıl Cabbarov da çıxışlarında istisna etməyib. Düşünürəm ki, imkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmə xeyirli olacaq”.

Xatırladaq ki, yanvar ayında ölkə başçısının sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası ilə İnformasiya Texnologoyaları İnstitutu birləşdirilib. Bu günlərdə isə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında ali məktəblərin birləşməsi məsələsinə toxunaraq, yeni təhsil strategiyasının tələblərinə uyğun olaraq, bu istiqamətdə dəyişiklik ediləcəyini istisna etməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR