Misirin fəxri - 6 dil bilən azərbaycanlı uşaq
Bizi izləyin

Qırmızı.az

Misirin fəxri - 6 dil bilən azərbaycanlı uşaq

Atası misirli, anası isə azərbaycanlı olan Sandi adlı bu istedadlı uşaq 6 dil bilir, musiqi təhsili var və pianoda klassiklərin əsərlərini ifa etməyi bacarır (bir sıra musiqi yarışlarında mükafatlar alıb). Sandi eyni zamanda Misirdə üzgüçülük üzrə müxtəlif mükafatlar qazanıb.

Publika.az xəbər verir ki, bir çox bacarığı ilə seçilən Sandi Salim haqqında anası Sədaqət Əli Əşrəf məlumat verib. Onun sözlərinə görə, Sandi Misirdə yerləşən bir sıra səfirliklərdə keçirilən tədbirlərə dəvət alır və bacarıq və istedadına görə artıq uşaq yaşlarından Qahirədə diqqəti üzərinə cəlb edə bilib: “O, Misirdə Azərbaycanla bağlı təşkil olunan tədbirlərin birini də buraxmır. Türkiyənin, Çinin və digər ölkələrin Misirdəki səfirlərindən də mükafatlar alıb.

Bütün bunlar onun istedad və bacarığına görədir. Hər sahədə aktivdir, səfirliklərin tədbirlərində Azərbaycan rəqslərini ifa edir. Üzgüçülük üzrə isə Misirdə keçirilən yarışlarda dəfələrlə mükafatçılar sırasına düşə bilib. Sandi 6-cı sinfə keçir və Misirdə deyirlər ki, bu yaşda 6 dil bilməsi, eyni vaxtda bir neçə sahədə uğurlara imza atması onun vunderkind olmasından xəbər verir. Getdiyi bütün tədbirlərdə əlində Azərbaycan bayrağını dalğalandırır. Məni də ən çox sevindirən budur.

Sandi haqqında dəfələrlə Misir mətbuatında yazılar dərc edilib. Amma çox istərdim ki, bu istedadlı uşaq barəsində Azərbaycan mətbuatı da məlumatlı olsun. “Diplomatiya”, “Alaadin” uşaq jurnalı və digər Misir mətbu orqanlarında onun haqqında məqalələr çap olunur. Təkcə üzgüçülük və musiqi yarışları deyil, Misirdə rəsm üzrə müsabiqədə birinci yeri əldə etdikdən sonra rəsmə də böyük maraq göstərib və qumla rəsm çəkməyi öyrənir. Avropa Oyunlarının bağlanış mərasimində göstərilən şoudan sonra onda bu həvəs daha da artdı”.

Qeyd edək ki, Sandi İngiltərənin “Royal Music” Akademiyasının Misirdəki filialını bitirib. Hazırda isə piano üzrə magistraturada oxuyur. 6 dildə - Azərbaycan, ərəb, rus, ingilis, fransız və türk dillərində sərbəst danışan Sandi yeni dil öyrənəcəyini deyir və gələcəkdə həkim olmaq istəyir. O, gələcəkdə Azərbaycanda yaşamaq və öz istedad və bacarıqları ilə bu ölkədə parlamağı arzu edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm