• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kütləvi diplomlular və diplomlu işsizlər – Attestatla xaricdə oxuyanların aqibəti necə olacaq?

Kütləvi diplomlular və diplomlu işsizlər – Attestatla xaricdə oxuyanların aqibəti necə olacaq?

- Oğlum 119 bal toplayıb. Bu balla ali məktəb tələbəsi ola bilərmi?

- Bizdə toplanan bal nəzərə alınmır, oxumağa ancaq attestatla göndəririk.

- Seçimi necə edirsiniz?

- Seçimə ehtiyac yoxdur, kim müraciət edirsə, o, ali məktəbə qəbul olunur.

- Bəs oxumağa göndərdiyiniz tələbələrin diplomları qayıdanda tanınacaqmı?

- Əlbəttə, diplomlar tanınır. Bunu öyrənmək üçün internetdə araşdırma apara bilərsiniz.

Bu dialoq özünü keçid balını toplaya bilməyən abituriyentin valideyni kimi təqdim edən həmkarımla xaricdə attestatla təhsil təşkil edən şirkət nümayəndəsi arasında baş tutub. Sakarya, Balıkesir, Uşak, Zonquldak və digər iki universitetlə anlaşmaları olduğunu deyən şirkət rəsmisinin sözlərinə görə, həmin ali məktəblərə qəbula yüz faiz zəmanət verilir. Bundan başqa, əməkdaşlıq etdikləri 50-yə yaxın universitet var ki, tələbələri həmin ali məktəblərə də yerləşdirmək mümkündür. Aylıq 100-120 manat yataqxana, 300-800 manat arası isə ali məktəbin illik təhsil xərcidir. 1500-2500 manat məbləğ isə bu işi “düzüb-qoşduğuna“ görə şirkətə ödənməlidir.

Məlumdur ki, bir sıra xarici ölkələrdə ali məktəblərə qəbul imtahansız və attestat balı ilə aparılır. Lakin qəbul olunan tələbə 5-6 ay oxuduqdan sonra kifayət qədər çətin olan semestr imtahanı gəlir və əsas problem də bu zaman yaranır. Əksər hallarda TQDK-nın qəbul imtahanında 50-100 bal toplayan bu tələbələr oxuduqları ali məktəbi yarımçıq qoyaraq geri qayıdırlar. Problemin digər tərəfi isə ondan ibarətdir ki, Təhsil Nazirliyindən xaricdəki hər hansı ali məktəbin verdiyi diplomun ölkəmizdə tanınıb-tanınmadığını hər bir vətəndaş özü öyrənə bilirsə, abituriyent nəyə görə əlavə olaraq 1500-2500 manatı aradüzəldən şirkətə verməlidir? Ölkəmizdə bu funksiyanı yerinə yetirən şirkətlərin əsas marağı nədir və seçimi necə edirlər?

Türkiyə universitetlərinə attestatla qəbulu həyata keçirən “İnternational Training Center” şirkətinin əməkdaşı Publika.az-a açıqlamasında xaricdə universitetlərin daha çox fərdi şəxslərlə deyil, şirkətlərlə əməkdaşlığa üstünlük verdiklərini dedi. Onun sözlərindən belə məlum olur ki, attestatla ali məktəbə qəbul üçün müraciət edən gəncə universitetlər “qapını arxadan bağla” deyəcəklər. Əslində isə bunun reallığı əks etdirmədiyi məlumdur. Çünki özü araşdıraraq ali məktəb seçən və orada təhsil alan xeyli tələbələrimiz var.

Təhsil Nazirliyi hər il belə şirkətlərlə əməkdaşlıq etmədiyini elan etsə də, şirkətlər bu qurumla əməkdaşlıq etdiklərini deməkdə israrlıdırlar. Elə söhbət etdiyimiz şirkət rəsmisi də nazirliklə əməkdaşlıq etdiklərini və vaxtı-vaxtında vergi ödədiklərini bildirdi: “Təhsil Nazirliyi ilə əməkdaşlığımız var deyə, şirkətimiz Vergilər Nazirliyində qeydiyyata alınıb və hər bir alınan məvacib üzrə vergi vaxtı-vaxtında ödənilir. Sadəcə valideynlər diplomun dövlət tərəfindən tanınıb-tanınmamasını soruşanda biz onları birbaşa olaraq Təhsil Nazirliyinin qaynar xətti ilə əlaqələndiririk, məlumat alırlar. Yəni bizim işlədiyimiz ali məktəblərin diplomları tanınır. Buyurub Təhsil Nazirliyinin qaynar xəttindən öyrənə bilərsiniz”.

Təhsil sahəsində ekspert Məlahət Mürşüdlünün Publika.az-a bildirdiyinə görə isə belə şirkətlər biznes qurumları olduqlarından yalnız maddi maraqdan irəli gələn fəaliyyət həyata keçirirlər: “Onları maraqlandırmır ki, gənclər ali təhsil alsın. Azərbaycana qayıdıb iş tapacaq-tapmayacaq, onun diplomu tanınıb-tanınmayacaq - bu problemlər onları narahat etmir. Bu şirkətlər özləri özlərini maliyyələşdirir və yeganə məqsədləri də qazanc əldə etməkdir”.

Ekspertlər hesab edirlər ki, əslində xaricdə attestatla təhsil təklif edən şirkətlər Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərməli və vergi ödəməlidirlər. Özbaşına belə bir sistemin formalaşması müəyyən problemlər yarada bilər. Əgər qeyri- qanuni fəaliyyət göstərən bir qurum varsa, onun fəaliyyəti dayandırılmalıdır. Bu baxımdan monitorinqlərin aparılması o şirkətlər üçün çox vacibdir. Əgər doğrudan da bu şirkətlərdən ölkə büdcəsinə müəyyən miqdarda vəsait gəlirsə, seçim artıq valideynlərin özlərinindir. Yəni valideynlər istəsələr, şirkətlərlə işbirliyi qurarlar, istəməsələr yox.

Əslində xaricdə attestatla təhsil təklif edən şirkət vətəndaşla müqavilə bağlamalıdır. Müqavilədə bütün şərtlər göstərilir və əgər bundan sonra müqavilənin şərtlərinə əməl edilməzsə, vətəndaş məhkəməyə müraciət edə bilər. Əgər bu şirkətlər vətəndaşı aldadıb verdiyi elanın əksinə fərqli bir təkliflə onun istəyinə zidd addım atmağa məcbur edirlərsə, bu, cinayət əməlidir və buna uyğun addım atmaq olar.

Problemin həlli yollarına gəlincə, burada da ekspertlər arasında fikir ayrılığı var. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda ali məktəbə qəbulun qaydaları dəyişdirilsə, problem müəyyən qədər həll olunar. M.Mürşüdlünün sözlərinə görə, gələn ildən ali məktəblərə qəbul attestat balı ilə, imtahansız aparıla bilər: “Ali təhsil müəssisələrinə, universitetlərə imtahansız qəbul aparıla bilər. Hələ 1992-ci ildə “Təhsil haqqında” qanun müzakirə olunanda bu məsələ gündəmdə idi. Dünyanın 90 faiz ölkəsində bu sistem var. Mən düşünürəm ki, yaxın gələcəkdə, hətta gələn il belə qəbulları görəcəyik. Hələ ki bu məsələ ilə bağlı müzakirələr aparılır”.

Millət vəkili Fazil Mustafa hesab edir ki, xaricdə təhsilin məhdudlaşdırılması doğru davranış deyil. Deputatın Publika.az-a bildirdiyinə görə, bizdə belə bir anlayış var ki, TQDK-nın imtahanlarından keçən şəxslərin xaricdə təhsil alması məqbul sayılır. Əslində orta təhsil sahəsində problemlər olduğuna görə, bu məsələnin üzərinə vətəndaşın təhsil almaq hüququnun məhdudlaşdırılması ilə gedilməməlidir. F.Mustafa hesab edir ki, istənilən şəxs xaricdə təhsil ala bilər. Problem isə orada oxumağa qabiliyyətlərinin çatıb-çatmayacağıdır: “Əslində ali təhsil müəssisələrinə qəbul belə olmamalıdır və Bolonya sisteminin mahiyyəti odur ki, girişdə çətinlik yoxdur, amma universiteti bitirmək qabiliyyət tələb edir. Bizdə isə çox təəssüf ki, çoxları ali məktəbə qəbul olur. Üstəlik də köçürmə yolu ilə prestijli fakültələrə axın etdiklərindən hamının kütləvi şəkildə diplomu olur, amma heç kimin işi olmur”.

Millət vəkili hesab edir ki, ali məktəbə qəbul attestat balı ilə və imtahansız olarsa belə, bu, problemi aradan qaldırmayacaq. Çünki ali təhsilə münasibət dəyişməlidir: “Bizdə ali təhsil sistemi kökündən yenilənməlidir. Universitetlərə muxtariyyət verilməlidir, dövlətin müəyyən dərəcədə universitetlər üzərində müdaxiləsi aradan qalxmalıdır. Yüksək səviyyəli özəl universitetlər yaradılmalıdır. Belə ali təhsil ocaqlarının səviyyəsi yüksək olarsa, təhsilin də səviyyəsi yüksələcək”.

Təhsil Nazirliyinin də mövqeyi bəllidir. Cavab ənənəvi və lakonikdir: “Təhsil Nazirliyi heç bir kanal və ya sahibkarlıq subyekti ilə xarıcdə ali təhsil almaq vədlərini bölüşmür və birgə əməkdaşlıq fəaliyyəti yoxdur. "İşbazlar"ın Təhsil Nazirliyi adından verilən vədlərinə inanaraq övladlarınızı mənşəyi bəlli olmayan xarici ali təhsil müəssisələrinə göndərməyin!”

...Vəssalam. İstənilən halda bütün problemlərin ən azı bir çıxış yolu var. Təhsil sistemini və ya insanların şüurunu kökündən dəyişə bilməsək də, aldanmamağımız öz əlimizdədir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR