Qanuna tabe olmayan qəhrəmanlar - Bakıda nömrəsiz “Lifan”ları kimlər sürür? – FOTO
Bizi izləyin

Qırmızı.az

Qanuna tabe olmayan qəhrəmanlar - Bakıda nömrəsiz “Lifan”ları kimlər sürür? – FOTO

May ayı idi, Qələbə gününə iki gün qalmışdı. Təxminən 3 saatdan artıq II Dünya Müharibəsinin iştirakçısı, 90 yaşlı veteran Çingiz Ələkbərovla müsahibədə oldum. Bu qədər vaxt keçsə də, söhbətin bitməsini istəmirdim. Ən çox heyran olduğum 90 yaşlı hərbçinin nizam-intizamı idi. Otağındakı səliqə, selofana bükülərək asılqandan asılmış kostyumları, kitab rəfindəki vərəqlərin millimetrə qədər dəqiqliklə üst-üstə yığılması, bizi danışdığımız vaxtda qarşılama punktuallığından tutmuş, danışarkən hər cümləsinə qoyduğu tələbkarlıq məni valeh etmişdi. Bu, əsl hərbçi nizam-intizamı idi. Elə o vaxtdan mənim gözümdə hərbçilərin qiyməti birə-on artdı. Heç vaxt bu təsəvvürlərin sarsılmasını istəməsəm də...

Nömrəsiz taksi

Bir neçə il öncə Sumqayıt şəhərində nömrəsiz “Lifan” markalı avtomobil taksi fəaliyyəti göstərirdi. Bütün şəhərin tanıdığı bu maşının nömrəsini sahibi çıxarıb bir tərəfə tullamışdı və ən dəhşətlisi isə o, bütün şəhəri yol polislərinin gözü qarşısında rahatca dolaşırdı. Hazırda onun aqibətinin necə olduğunu bilmirəm, amma etdiyinin nəticəsi bizim aqibətimizi müəyyənləşdirdi. Artıq Bakıda da eyni mənzərənin şahidi oluruq, həm də bir deyil, şəhərin müxtəlif yerlərində sağa-sola şütüyən “Lifan” markalı nömrəsiz avtomobilləri yəqin ki, çoxu görüb. Bir neçə gün öncə magistral yolda arxa şüşəsinə bütün şüşəni tutmuş tank şəkli vurulmuş nömrəsiz “Lifan”ın fotosunu çəkməyə imkan tapmadım.

Bu yaxınlarda Milli Onkologiya Mərkəzinin qarşısında qabağıma çıxan nömrəsiz avtomobilin şəklini çəkə bildim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanan bu avtomobili idarə edənlərin ölkəmizin qanunlarına bu qədər hörmətsiz yanaşması haradan qaynaqlanır? Əvvəlcə onu qeyd edim ki, bunu “Lifan” verilən bütün əlillər etmir və bu da doğrudur ki, həmin şəxslərə görə Qarabağ qazilərinin etdiklərini şübhə altına almaq olmaz. Onların sayəsində rahat yaşadığımızı da, bəlkə sağ qaldığımızı da, öz sağlamlıqlarını bizim yolumuzda qurban verdiklərini də bilirik və buna görə əslində başımızın üstündə yerləri var. Sözsüz ki, nömrəsiz avtomobil idarə edənlər onların lap az bir hissəsidir. Həm də ölkənin ən ali qanununa hörmətsizlik edən bir şəxsin vətəni necə qoruması da sual altındadır. Bu, həm də müharibədə həmin hərbçilərin hansı iş gördüklərini də sual altına alır.

Yol polisi görürmü?

Bəs nömrəsiz avtomobil idarə etmək əslində nə deməkdir? Şəhərdə şütüyən bu avtomobilləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, ya da onların quraşdırdığı müşahidə kameraları görmürmü?

Əslində, əksər hallarda avtomobilin nömrəsiz idarə olunması radar və müşahidə kameralarından yayınmağa xidmət edir. Həm də bu avtomobillərlə hər hansı qəza hadisəsi törədilmiş olsa, onları aşkarlamaq çətin olacaq. Məsələ əlillərə gəlincə, qanunvericiliyimizdə əlillərin nömrə nişanı olmayan avtomobil idarə etməsinə icazə verilmir. Nömrəsiz maşın idarə etmək isə elə oğurluq avtomobil idarə etmək kimi bir şeydir.

Sürücüyə başa salınır ki...

Ekspertlər hesab edirlər ki, bu avtomobillər iki formada idarə olunur. Ya onlar qeydiyyatdan keçmir və ümumiyyətlə nömrəsi olmur, ya da nömrəsi olduğu halda çıxarılaraq avtomobili nömrəsiz idarə edirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun Publika.az-a bildirdiyinə görə, istənilən halda sürücü qanunu pozmuş olur və onu cəza gözləyir:

“Əgər nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Sürücüyə başa salınır ki, get avtomobili qeydiyyatdan keçir. Əgər avtomobilin nömrəsi varsa və “yüngül təfəkkürlü” olduğuna görə sürücü onu çıxararaq nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib taxdıqdan sonra onu idarə edə bilər”.

Qəhrəmana yaraşmayan hərəkət

Mütəxəssis hesab edir ki, bu, Qarabağ veteranına yaraşmayan hərəkətdir və istənilən halda cəzalandırılmalıdır. Nazirliyin bu işi DYP ilə birgə görməsinə gəlincə, ekspert bildirdi ki, ƏƏSMN əlillərə kompleks sənədlər verir ki, avtomobili özləri qeydiyyatdan keçirsinlər. Amma bu insanların bəziləri rayonlarda qeydiyyatda olduqlarından, hamısını qeydiyyatdan keçirmək çətinlik törədir.

Əgər nömrə almasalar...

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayevin Publika.az-a bildirdiyinə görə, bəzən əlillər məsuliyyətsizlik edərək gedib həmin nömrələri almırlar:

“Biz əlillərə avtomobilin sənədlərini veririk. Həmin sənədləri götürərək qeydiyyata düşməli və Yol Polisindən nömrə almalıdırlar. Onları qeydiyyata almaq, nömrə vermək nazirliyin səlahiyyətində deyil. Bəzən insanlar məsuliyyətsizlik edərək gedib həmin nömrələri almırlar. Əgər nömrə almasalar, DYP tərəfindən saxlanılıb cərimələnəcəklər”.

Nazirlik rəsmisinin sözlərinə görə, əslində onlar əlil şəxslər olduqlarına görə DYP-də heç bir problemlə də üzləşmirlər. Dərhal nazirlikdən verilən sənədləri göstərərək rahatlıqla nömrə ala bilərlər.

Sükan arxasında kim olur-olsun sürücüdür

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Publika.az-a verdiyi açıqlamaya görə heç bir sürücü dövlət nömrə nişanı olmadan avtomobil idarə edə bilməz. Onun sözlərinə görə, əgər kimsə bunu edirsə, bu inzibati xətadır və edənlər mütləq məsuliyyət daşıyır:

“Əgər əlillər onlara verilən avtomobilləri qeydiyyatdan keçirmədən idarə edirlərsə, deməli onlar öz əlilliklərindən istifadə edirlər. Əlil ona verilən avtomobilin dövlət nömrə nişanı ilə təchiz edilməsini təmin etmirsə və nömrəsiz sürürsə, bu həmin əlilin “Yol Hərəkəti Haqqında Qanun”a olan hörmətsizliyidir. Əlilliyi nəzərə alınaraq, hörmət əlaməti olaraq dövlət tərəfindən verilən nəqliyyat vasitəsini nömrəsiz sürməsi qanuna biganəliyidir. Sükan arxasında kim olur-olsun sürücüdür. Mən axşam təlimatda bununla bağlı informasiya verəcəyəm və əgər belə maşınlar varsa, barəsində tədbir görüləcək”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm