İlham Mirzəyevin tutdurduğu şəxsin vəkilləri hakimə və prokurora etiraz etdilər
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin tutdurduğu şəxsin vəkilləri hakimə və prokurora etiraz etdilər

İlham Mirzəyevin tutdurduğu şəxsin vəkilləri hakimə və prokurora etiraz etdilər

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.Az xəbər verir ki, prosesə sədrlik edən Ayaz Məmmədov bəzi media qurumlarının nümayəndələrinə xəbərdarlıq edib. Hakim deyib ki, sonuncu məhkəmə iclasında icazə alınmadan audo yazı aparılıb və internetdə yayımlanıb: “Kim, bu yazını yazıb, çox böyük tərbiyəsizlik edib. Həm də özünə hörmətsizlik edib. Gizli çəkiliş aparmaq ən azından həmin şəxsin özünə hörmətsizlikdir. Sağlam düşüncəli insan qanuna hörmət etməlidir. Gizli çəkilişin aparılması nəyə lazımdır? Bizim üçün burada gizli heç nə yoxdur. Birinci gündən də demişəm, bu gün də deyirəm ki, məhkəmə zalında 4 kamera var. Həmin kameralar 24 saat çəkiliş aparır. Kimə çəkiliş lazımdırsa vəsatətlə müraciət edə bilər. Bizdə həmin çəkilişləri tərəflərə təqdim edə bilərək. İstəsə evində dəfələrlə baxar, istəsə internetdə yayar. Burada gizli çəkiliş edən şəxs ailəsinə də, valideynə də hörmət qoymur. Çünki belə şəxslər ailəsini də, atasını da aldadır. Məhkəməyə nə qədər vətəndaş, jurnalist dəvət edirsiz-edin. Bizim buna etirazımız yoxdur. Böyük zallarımız da var, həmin zallarda məhkəməni keçirəcəyik. Böyük zalda yerləşmək mümkün olmayacaq, dəhlizdə məhkəməni keçirəcəyik. Burada gizli, gizələdəsi heç nə yoxdur”.

Hakimin xəbərdarlığından sonra Asif Əliyevin vəkili Abuzər Mütəllimov hakim Ayaz Məmmədova və dövlət ittihamçısı Rizvan Sultanova etiraz verib. Vəkil deyib ki, 5 mart 2014-cü ildə keçirilən məhkəmə iclasında dəfələrlə İlham Mirzəyevə xəbərdarlıq edib: “Buna baxmayaraq İlham Mirzəyev məhkəməyə dəvət etdiyi çoxlu sayda KİV nümayəndələrinin yanında məhkəməyə hörmətsizlik nümayiş etdirdi. O, təqsirləndiriləni və onun müdafiəçilərini yüksək tonla təhqir etdi, məhkəməni, dövlət ittihamçısını və Azərbaycan Respublikasının Baş prokurorunu prosesi süni şəkildə uzadılması və açıq-aşkar qanunsuz hökm çıxarmaq məqsədilə rüşvət almaqda ittiham etdi.

Məlum olduğu kimi,qeyd etdiyim hərəkətlər Cinayət Məcəlləsinin 289-cu maddəsində nəzərdə tutulub. Qanunla nəzərdə tutulmuş tədbirlər görülmək əvəzinə, hakim və dövlət ittihamçısı, nədənsə çəkinib. Onlar İlham Mirzəyevə təhqirlərə son qoymasını xahiş etməyə başladılar. Hakim sonra dövlət ittihamçısı ilə birgə provokasiyaya uyaraq zərərçəkmişin və onun nümayəndələrini tələbləri ilə yekdillik nümayiş etdirdilər. Hakim və prokuror müdafiə tərəfinin işin hallarının tam, hərtərəfli və obyektiv tədqiq edilməsinə, təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına yönəlmiş bütün vəsatətləri bir-bir rədd etdilər. Asif Əliyevin müdafiəsi üzrə səylərimiz perspektivsiz olduğunu bildirdilər. Üstəlik, İlham Mirzəyevin təhqir və hədələrindən sonra hakim və dövlət ittihamçısı müdafiə tərəfinin əvvəllər təmin edilmiş vəsatətlərini də rədd etdi. Bu, xüsusən “hadisə” yerinə baxış, orada istintaq eksperimentinin keçirilməsi, şəkillərin işə əlavə edilməsi, maddi sübut qismində işə əlavə edilmiş ANS-dəki veriliş olan diskin, Aysel Əliyevanın və Ceyhun Mahmudovun səsləri olan disklərin tədqiq edilməsi hissəsinə aiddir. Eyni zamanda İlham Mirzəyev təhqiredici ifadələr səsləndirərkən onu sakitləşdirməkdən ötr, hakim tərəfindən müdafiə tərəfinin sübutlarına vaxtından əvvəl mənfi qiymət verilib. Baxmayaraq ki, ittiham tərəfinin yolverilməz sübutlarının məhkəmə araşdırmasından çıxarılmasına dair bizim vəsatətimiz bu günə kimi baxılmayıb. “Hadisə” yerinə baxışdan, eksperimetdən və digər hərəkətlərdən imtina edən məhkəmə və dövlət ittihamçısı bununla iş üzrə həqiqəti müəyyən etməkdən imtina etdilər. İlham Mirzəyevin təhqiramiz və böhtan xarakterli çıxışı da elə məhz buna yönəlib”.

Vəkil əlavə edib ki, 5 mart 2014-cü il tarixdə keçirilən prosesdə İlham Mirzəyevin şər-böhtan xarakterli çıxışından sonra məhkəmə dövlət ittihamçısının razılığı müdafiə tərəfinin nümayəndələrinin əcnəbi dildə olan sənədlərinin işə əlavə edilməsi barədə vəsatətləri təmin edilməyib vəCPM-nin 99-cu maddəsinin tələblərinə uyğun gəlməyən şəxsi tərcüməçi qismində cəlb etməyi zərərçəkmiş tərəfə tapşırıb: “Bu gün, müdafiə tərəfinə məlum olub ki, İlham Mirzəyev prosesə dəvət etdiyi müxbirlər vasitəsi ilə məhkəməyə və dövlət ittihamçısına intinadən məlumat yayıblar. Həmin müxbirlər məlumatda hazırkı məhkəmə prosesi İlham Mirzəyev tərəfindən udulub və məhkəmə qərarı onun xeyrinə çıxarılacaq. Bundan əlavə martın 5-də keçirilən məhkəmə iclası hakimin icazəsi ilə İlham Mirzəyev və onun tərəfdarları tərəfindən videoya yazılıb, müxtəlif internet kanallarında yerləşdirilib. Buna qədər isə məhkəmə müdafiənin qurulmasından ötrü bizim tərəfimizdən diktofon vasitəsilə qeydə alınmasına icazə verməyib. Bununla da, belə nəticəyə gəlmək olar ki, məhkəmə və dövlət ittihamçısı İlham Mirzəyevin hədələrindən və provokasiyalarından çəkindilər. Buna görə də onun məhkəmənin və proses iştirakçılarının ünvanına etdiyi təhqilərinə qanuni şəkildə reaksiya göstərilməyib”.

Abuzər Mütəllimovun sözlərinə görə, məhkəmə İlham Mirzəyev tərəfindən təşkil edilmiş şounun çəkilməsinə və KİV-də yerləşdirilməsi ilə bağlı qanunsuz hərəkətləri ilə razılaşıblar: “Müdafiə və iş üzrə həqiqətin müəyyən olunmasına mane olmağa başlayıblar. Bütün qeyd olunanlar iddia etməyə əsas verir ki, məhkəmə və dövlət ittihamçısı Rizvan Sultanov hədə-qorxu və şantaj nəticəsində Asif Əliyevin cinayət təqibinə maraqlı olublar. İlham Mirzəyevin əsassız ittiham və təhqirlərinin təsiri altında onun qanunsuz tələblərini yerinə yetirmək üçün hər şey etməyə başlayıblar. Məhkəmənin və dövlət ittihamçısının bu cür davranışı onların prosesdə obyektiv iştirakını istisna edir”.

Vəkil çıxışının sonunda hakim Ayaz Məmmədova və dövlət ittihamçısı Rizvan Sultanova edilmiş etirazlarına baxılmasını və təmin edilməsini istəyib. Vəkil Həmçinin deyib ki, ANSPRESS internet agentliyinin müxbiri Zülfiyyə Qurbanova məhkəmədə iştirak etmir. Onun sözlərinə görə, Zülfiyyə Qurbanova bu gün məhkəmənin yekunalaşacağı, jurnalistlərin məhkəməyə gəlməsi barədə çağırışlar edib.

Dövlət ittihamçısı vəsatətlə razılaşmayıb. O, deyib ki, müdafiə tərəfinin onunla bağlı etdiyi vəsatət əsassızdır. Dövlət ittihamçısı etirazın hakimə aid olduğunu və həmin etiraza məhkəmə sədrinin baxılmasının vacib olduğunu deyib. İlham Mirzəyev və onun vəkili Xanlar Bayramzadə etirazın rədd edilməsini istəyiblər.

Asif Əliyevin digər vəkili Cavanşir Süleymanov deyib ki, prosesə sədrlik edən hakimin etiraza baxıması və qiymət verməsi mümkün deyil. Hakim yerində müşavirə keçirərək etirazla bağlı qərarını açıqlayıb. Qərara görə, etiraz baxılmamış saxlanılıb.

Daha sonra İlham Mirzəyevin nümayəndəsi mülki iddia ilə bağlı sənədləri növbəti dəfə məhkəməyə təqdim edib. Hakim deyib ki, sənədlərin arasında tərcümə ilə bağlı çatışmamazlıqlar var. Asif Əliyevin vəkilləri sənədlərlə tanış olması üçün vaxt istəyiblər

Məhkəmə martın 14-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm