Ölülərlə selfi çəkənlər – yüngül xasiyyət, psixi pozuntu, yoxsa seksual nekrofiliya? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Ölülərlə selfi çəkənlər – yüngül xasiyyət, psixi pozuntu, yoxsa seksual nekrofiliya? - ARAŞDIRMA

Bir neçə gün əvvəl Rusiyada 13 yaşlı qız yol qəzasında dünyasını dəyişən nənəsi ilə selfi çəkdirərək onu sosial şəbəkədə “Ölülərlə çəkilmiş ən yaxşı selfi” müsabiqəsi üçün paylaşmışdı. Sosial şəbəkədə müsabiqə iştirakçılarına məsləhət görülür ki, ölüm hadisəsi baş verən yerləri müəyyənləşdirərək ölü ilə qeyri-adi selfi çəkdirsinlər. Şərtlərə həmin fotonu sosial şəbəkədə paylaşmaq da daxil idi. Qalibə 1000-5000 rubl arası mükafat vəd olunurdu. Artıq 13 yaşlı qızın valideynləri və ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanan bu müsabiqəyə Rusiya Daxili İşlər Nazirliyindən də reaksiya gəlib və bununla bağlı araşdırmaya başlanılıb. Məsələyə hüquq-mühafizə orqanlarının qarışması yəqin ki, bu təhlükəli ənənənin qarşısını vaxtında alacaq. Bütün bunlar öz yerində. Bəs qəbir daşı ilə, tabutla, lap elə ölünün özü ilə selfi çəkmək hansı ehtiyacdan yaranır? Belə şəxslərin psixoloji problemləri ola bilərmi? İnsanda sual yaranır ki, normal insan niyə ölü ilə şəkil çəkdirsin? Bunun ölüyə və ölü yiyəsinə hörmətsizlik olması, belə fotoların neqativ enerji ötürməsi bir yana qalsın, məsələnin digər tərəfi – selfi xəstələrinin psixoloji pozuntularının olması insanda şübhələr doğurur...

Maraqlıdır ki, Rusiyada “Ölü ilə ən yaxşı selfi” müsabiqəsinin təşkilatçısı Alfred Polyakov keçirdikləri müsabiqəni belə izah edir: “Ölüm heç də həyatın sonu deyil. Bizim layihəmiz imkan verir ki, insanlar ölümə pozitiv yanaşsınlar, yaxşı tərəfdən baxsınlar. Bunun həm də estetik qiyməti var. Biz dünyasını dəyişən yaxınımızı artıq sonuncu dəfə görürük. Ölü ilə təbəssümlə çəkilmiş selfi mərhuma olan sevgimizi göstərir. Bu, bizə dünyadan həmişəlik köçmüş yaxınımızı yad etmək üçün ən yaxşı xatirədir”.

Ölü niyə maraqlıdır?

Hər şey aydındır və heç bir şərh vermədən psixoloqla söhbətə keçmək istəyirəm. Psixoloq Elmir Əkbər hesab edir ki, ölülərlə şəkil çəkdirmək bəzi hallarda fərqlənmək istəyindən yaranırsa, bir çox hallarda belə şəxslər psixi pozuntulara malik potensial manyaklar ola bilər.

Mütəxəssisin Publika.az-a bildirdiyinə görə, bəzi insanlarda ölüyə qarşı qeyri-təbii, qeyri-optimal, cəmiyyət tərəfindən qeyri-normal qəbul olunan “sevgi” var. Psixologiya sahəsində alimlər belə iddia edirlər ki, ölülərlə təmasda olanlarda - yəni morqda, qəbiristanlıqda işləyən insanlar, ölüyuyanlar, hətta patoloq-anatom olan insanlarda ölüyə qarşı qeyri-adi bir maraq var. Təbii ki, bunun analizi onun uşaqlıq vaxtı keçirdiyi travmalara dayanır və bu, psixoanalizin münasibətidir. Ölülərlə şəkil çəkdirməyə gəlincə, əvvəllər Tibb Universitetində tələbələrin ölü ilə kollektiv şəkil çəkdirmək kimi bir ənənəsi var idi. Digər universitetlərin tələblərinin belə bir imkanı olmadığından bu, həmin təhsil müəssisələrində oxuyanlar üçün fərqli bir status demək idi.

Buradan belə nəticəyə gəlmək olar ki, selfi çəkənlərin bir qismi sırf fərqli görünmək üçün bunu edir. İnsanların daxilində cəmiyyətdən, kütlədən, fərqlənmək kimi bir hiss var. Amma bəziləri bunu daha optimal üsulla əldə edir. Yəni oxuyub savad nümayiş etdirərək fərqlilik yaradır. Bəziləri isə daha fərqli, daha kreativ üsul tapa bilmədiklərindən onların fərqliliyi ölü ilə şəkil çəkdirməyə qədər çatır,

Fərqlilik, “yüngüllük”, yoxsa psixi pozuntu?

“Bəzən insanlar fərqlənmək üçün bunu edirlər - desinlər ki, filankəs çox cəsarətlidir, qorxmayıb, iyrənməyib meyitlə şəkil çəkdirib. Bu, yeniyetməlik marağı da ola bilər. Bir qrup da var ki, onlar ciddi nəzarətə götürülməli olan psixi pozğunluğa malik insanlardır. Cəmiyyət, ailələri, hətta xüsusi xidmət orqanları tərəfindən nəzarətə alınmalı olan bu insanlar gələcəkdə başqa cinayətlər də törədə bilərlər. Çünki bunların içərisindən nekrofillər də çıxa bilər. Yəni belə insanlar meyitlə cinsi əlaqəyə girməkdən zövq alırlar. Nekrofillərin xüsusi qruplaşmaları var. Kriminal psixologiyada belə faktlar var ki, onlar qəbiristanlıqları öz aralarında bölür və meyitləri qazıb çıxarırlar”.

Tibb Universitetində tələbələrin meyitləri yararaq daxili orqanlarını çıxardıqları faktdır. Amma bu sırf öyrənmək üçün maraqlıdır. Normalda arzuolunmaz bir işdir. E.Əkbərin sözlərinə görə, əgər insan bundan zövq alırsa, demək onun zövq almaq hissiyyatında problem var və bu şəxsin psixikası bir qədər suallar doğurur: “Onlar qeyri-adi cinayətlərə meylli şəxslər olurlar. Aralarında elələri də var ki, “yüngüllük”dən, “düşüklük”dən qeyri-adi görünmək üçün bunu edirlər. Bəziləri çıxıb hündür yerlərdə selfi çəkdirib yıxılıb ölürlər. Bunlar fantaziyanın kasıblığından, intellektual imkanların dar olmasından irəli gəlir. Fərqlənmək istəyən insan 10 dil öyrənsin, çoxlu kitab oxusun. İnkişaf etmiş insanlar tamam başqa şeylərlə yarışır”.

Bütün yollar Romaya aparır...

Ötən il İtaliyada 42 yaşlı tibb bacısı Daniella Pociali 38 xəstəni öldürməkdə təqsirkar bilinərək həbs olunmuşdu. Onun telefonunu izləyən polis dəhşətli mənzərə qarşısında donub qalıb. Tibb bacısının telefonunda qətlə yetirdiyi pasientlərin meyitləri ilə qan donduran selfiləri var idi. Bütün bu faktlar ölü ilə selfinin heç də adi hal olmadığını göstərir.

Mütəxəssislər hesab edirlər ki, əslində intellekti yüksək olan insan başqa sahədə özəllik əldə etmək istəyər. Bu gün vəfat etmiş nənəsi ilə selfi çəkib sosial şəbəkədə yayan insan gələcəkdə yaşlı babasını-nənəsini və ya körpəsini döyüb videosunu sosial şəbəkəyə yerləşdirərsə, bu heç də təəccüblü olmaz. Çünki bu gün bu, qeyri-adi görünürsə, sabah fərqli olmaq üçün başqa bir şey axtaracaq. Bu da manyaklığa gətirib çıxır. Bu insanlar xüsusi risk qrupuna aid insanlardır, nəinki psixoloq, hətta psixiatr müayinəsi və müalicəsi keçməlidirlər.

Qeyd edim ki, bir müddət öncə Amerikanın Psixiatriya Assosiasiyası bu vaxta qədər şübhəli qarşılanan bir faktı rəsmən təsdiqləyib. Tez-tez öz şəklini çəkdirən ("selfie") insanlarda psixi pozuntular müşahidə olunur. “Selfitis” adlı psixi pozuntu yaşayan insanlar daim öz şəkillərini çəkib internetə yerləşdirmək və özünə inamsızlıq qüsurunu aradan qaldırmağa çalışır.

Amerika Psixiatriya Assosiasiyasının açıqlamasına görə, pozuntunun 3 səviyyəsi mövcuddur:

1. Məhdud "selfitis": gün ərzində azı 3 dəfə öz şəklini çəkir, lakin sosial şəbəkədə şəklini yerləşdirmir.

2. Kəskin "selfitis": gün ərzində azı 3 dəfə şəklini çəkir və bütün şəkilləri sosial şəbəkədə yerləşdirir.

3. Xroniki "selfitis": günün 24 saatı şəklini çəkir və gün ərzində sosial şəbəkəyə 6-dan çox selfi yerləşdirir.

Belə görünür ki, selfi xəstələrindən özümüzü və yaxınlarımızı qorumalıyıq. Hətta bu, həmin şəxslərin xasiyyətlərindəki “yüngüllük”dən irəli gəlsə belə...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm