Sərnişin taleyi ilə oynayanlar: Yollar xəlvət, sürücü bəy – REPORTAJ - FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

Sərnişin taleyi ilə oynayanlar: Yollar xəlvət, sürücü bəy – REPORTAJ - FOTOLAR/VİDEO

- Şofer, yolu kəsmisən. Avtobusu düz piyada zolağının üstündə saxlamısan.

- Avtobus, sür!

- Niyə dayanacaqda saxlamadın?

- Arxa qapını bağla, bu dəqiqə kimsə yıxılacaq.

Marşrut avtobuslarının sürücülərinə ünvanlanmış bu iradlar hər gün ictimai nəqliyyatdan istifadə edən sərnişinləri mənfi enerji ilə yükləyir. Bəzi marşrut avtobuslarının sürücülərinin sərnişindaşıma, yol hərəkəti qaydalarını addımbaşı pozmaları, qanunlara riayət etməmələri, sərnişinlərlə kobud rəftarı demək olar ki, hər gün ictimai çevrələrdə, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə, bir sözlə, cəmiyyətdə müzakirə mövzusuna çevrilir.

Bu dəfə sükutu həmkarımız Gündüz Abbaszadə pozur. Kəskin ifadələrindən də məlum olur ki, qaydanı və qanunu pozan sürücünün ona qarşı kobudluğundan əsəbiləşib: “Sürücülük mədəniyyəti aşağı olan biri avtobusu piyada zolağının üstündə saxlayaraq piyadaların hərəkətinə mane oldu. Deyirəm, piyada yolunu bağlamısan, utanmadan üstümə şığıyır. Bunlar cəzasız qalmamalıdır. Bəlkə gələn dəfə eyni hərəkəti təkrarlamaz”. “Xətai” metrostansiyasının qarşısında sürücünün yol hərəkəti qaydasını pozmasına irad bildirən həmkarmız üstəlik sürücünün ona qarşı kobud rəftarı ilə də üzləşib.

Publika.az olaraq biz də paytaxtın ayrı-ayrı yerlərində müşahidələr apararaq bəzi marşrut avtobuslarının sürücülərinin qayda pozuntularını müşahidə edib gördüklərimizi qələmə aldıq.

Piyada zolağının düz üstündə…

Paytaxtın Binəqədi, Nizami, Xətai rayonlarında apardığımız müşahidələr zamanı bir sıra marşrut avtobuslarının sürücülərinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozmalarının şahidi olduq. Bunlar əsasən sürücülərin idarə etdikləri ictimai nəqliyyat vasitələrini istədikləri yerdə saxlamaları, yersiz siqnal vermələri, avtobusları qapıları açıq vəziyyətdə idarə etmələri, sükan arxasında telefonla danışmaları, təhlükəsizlik kəmərini bağlamamaları kimi təhlükəsizlik qaydalarına riayət etməmələri ilə bağlıdır.

Məsələn, 35 saylı marşrut avtobusunun bəzi sürücüləri nəqliyyat vasitələrini yolun düz ortasında, harada gəldi saxlayırlar. Avtobusu dayanacaqda deyil, dayanacaqdan kənarda saxlamaq bəzi səhlənkar sürücülər üçün adi hala çevrilib. Onlar isə buna sərnişinlərin tələbi bəhanəsi ilə haqq qazandırmağa çalışırlar.

46 saylı marşrut avtobuslarının sürücüləri nəqliyyat vasitəsini yerüstü piyada zolaqlarının üzərində saxlayaraq, sərnişinləri salondan elə buradaca düşürürlər. Bütün bunlar nəqliyyat vasitələrinin sıx dayanmasına və tıxaclara səbəb olur. Eyni zamanda, avtobusdan düşən sərnişinlərin sağ tərəfdən keçən avtomobillər tərəfindən vurulması təhlükəsi yaradır. Avtobuslar həm də yerüstü piyada zolağından keçmək istəyən piyadaların yolunu kəsir.

Həmin marşrut sürücülərindən biri nəqliyyat vasitəsini piyada zolağının üzərində, yolun tən ortasında saxlamasını guya həmin vaxt dayanacaqda digər nəqliyyat vasitələrinin olması ilə əsaslandırmağa çalışdı. Özünü təqdim etməyən sürücü iddia etdi ki, dayanacağa girməyə yer olmadığından avtobusu burda saxlayıb və bununla tıxacın yaranmasının qarşısını alıb. Halbuki, onun avtobusu burda saxlaması yolda tıxac yaratmışdı.

İctimai nəqliyyat vasitələrini yolun ortasında, dayanacaqdan bir neçə metr kənarda saxlamaq ənənəsi 13 saylı marşrut avtobusunun bəzi sürücülərinə də xasdır. Avtobusu nəqliyyat vasitələrinin sıx, gediş-gəlişin gur yerində saxlayıb sərnişinlərdən gediş haqqı yığmaqla işini bitmiş sayan sürücülər salonu tərk edib küçənin ortasında yerə düşən vətəndaşların hansı təhlükələrlə üzləşmələrinin qətiyyən fərqinə varmırlar. Təki gediş haqları yığılsın...

Qapısı bağlanmayan marşrut avtobusları

12 və 62 saylı marşrut avtobuslarının sürücüləri bəzi yerlərdə, xüsusən də metro stansiyalarının qarşısındakı dayanacaqlara avtobusların qapısı açıq şəkildə daxil olurlar. Görünür, paytaxtda dəfələrlə təkrarlanan qəza hadisələri - ayrı-ayrı sərnişinlərin avtobusların açıq qapılarından yıxılıb xəsarət almaları bəzilərinə dərs olmayıb. Yeri gəlmişkən, 62 saylı marşrut avtobusunun sürücüsündən nə üçün nəqliyyat vasitəsinin qapısını açıq şəkildə idarə etməsinin səbəbini soruşduqda ondan məzəli cavab aldıq: “Hava istidir, nəfəs almaq olmur. Salonda da adam azdır”.

Bu siyahıya 148, 198, 107, 173, habelə digər ərazidə sərnişindaşımanı həyata keçirən 133 saylı marşrut avtobuslarını da əlavə etmək olar. Sərnişinlər bildirirlər ki, hər gün səhər saat 8-10 radələrində, habelə axşam 18-20 radələrində bu daha çox müşahidə edilir.

“Avtoş” sərnişindaşıyanlar

202 saylı marşrut avtobuslarının bəzi sürücüləri sərnişinlərdə “avtoş” təsəvvürü yaradır. Paytaxt sakini Nigar Məmmədova deyir ki, bu avtobuslardan düşəndə şükür edir: “Yolda sürət həddini aşırlar. Elə sürürlər ki, sanki təyyarədə uçursan. Hətta bir dəfə sürücü elə sürdü ki, avtobus qarşıda, işıqforda dayanmış avtomobilə çırpıldı. Buna görə də düşüb başqa avtobusa mindik. Bəziləri isə avtobusu telefonla danışa-danışa idarə edir”.

Bütün bunlar həm sərnişinlərin, həm də fərdi minik avtomobillərinin sürücüləri üçün təhlükə törədir. Taksi sürücüsü Elman Əliyev deyir ki, o, bir neçə dəfə küçənin ortasında avtobusu tərk edən sərnişini vurmaq təhlükəsini yaşayıb: “Avtobus sürücüləri nəqliyyat vasitəsini necə gəldi idarə edir, harada gəldi saxlayırlar. Odur ki, avtobuslar olan yerdə sürəti maksimum azaldıram ki, qəza baş verməsin, avtobusdan düşən hansısa sərnişin yoluma çıxanda avtomobili qaçıra bilim”.

Ekspert: “Təhlükəsizlik kameraları hər şeyi çox gözəl göstərir”

Qəribə burasıdır ki, sürücülərin çoxu sərnişindaşıma qaydalarını müvafiq orqanların küçələrdə reyd keçirən əməkdaşlarının gözləri önündə pozurlar. Aidiyyəti qurumların işçiləri bunlara seyrçi mövqe sərgiləyirlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, qanunvericilikdə bu cür qayda pozuntularının qarşısının alınmasının çox asan üsulu var: “Sadəcə nəzarət olmalıdır. Avtobusların istifadə etdikləri bütün yollarda, küçələrdə nəzarət kameraları var. Onlar hər şeyi çox gözəl göstərir - dayanacaqdan kənarda dayanma, qapıların açıq saxlanması, eləcə də qaydaları pozan avtobusların nömrələrini. İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, qapısı açıq avtobusu sürmək sərnişindaşıma qaydalarını pozmaqdır. Buna görə 3 bal, 60 manat cərimə nəzərdə tutulub. Dayanacaqdan kənarda saxlamağa görə İnzibati Xətalar Məcəlləsinin 158-1.3 maddəsi ilə 4 bal və 60 manat məbləğində cərimə nəzərdə tutulub”.

Ekspert hesab edir ki, əgər nəzarət həyata keçirilsə və cərimələr tətbiq olunsa, qayda pozuntuları azalar: “Həm avtobus, həm də fərdi minik avtomobillərinin sürücüləri çox yaxşı bilirlər ki, nəqliyyat vasitəsini qapısı açıq idarə etmək olmaz. Hətta avtobusda sərnişin olmasa belə, qapısı açıq olan nəqliyyat vasitəsini yerindən tərpətmək qaydalara ziddir. Hər yerdə kamera var. Hətta bəzən sərnişinlər qapılardan sallanırlar. Yaxud sərnişin az olsa belə, 155-ci maddəyə əsasən, qapısı açıq avtobusu sürməyə görə sürücünü 40 manat cərimə etmək lazımdır”.

Ekspert hesab edir ki, digər cəza növlərindən də istifadə etmək lazımdır: “Marşrut xətləri şirkətlər arasında müsabiqə yolu ilə müəyyənləşir, bölünür. Şirkətlərin fəaliyyətləri qiymətləndirilərkən sürücülərin intizamsızlığı da nəzərə alınmalıdır. Marşrut xətləri sürücüləri intizamsız olan, yol hərəkəti qaydalarını pozan şirkətlərdən alına, onlarla müqaviləyə son qoyula bilər”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm