• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ gəmisində çalışan azərbaycanlı aşpaz: "Köpək balığını yemək çox maraqlı idi" - MÜSAHİBƏ

ABŞ gəmisində çalışan azərbaycanlı aşpaz: "Köpək balığını yemək çox maraqlı idi" - MÜSAHİBƏ

ABŞ-ın "Carnival Group" şirkətinə məxsus gəmidə baş aşpaz vəzifəsində çalışan Emil Hümbətovun "Report"a müsahibəsi.

- Emil bəy, beynəlxalq səviyyəli aşpaz olmaq üçün hansı mərhələlərdən keçdiniz?

- 1995-ci ildən bu günə kimi beşulduzlu dünya şəbəkələrində çalışıram. Bu günə kimi çoxsaylı treninqlərdə iştirak etmişəm. Dünya səviyyəsində olan treninqlərdə qida ilə necə rəftar edilməsini, xüsusi qida gigiyenasına əməl etməyin qaydalarını öyrənmişəm. İşçilərimin də bu cür treninqlərdə iştirak etməsini tələb edirəm. Onlar işlərinin peşəkarı olduğunu sübut etməlidirlər. Qəbul etdiyimiz qida ilə necə rəftar etməli olduğumuzu bilməsək, onun çox böyük fəsadları ola bilər. Məsələn, bilməliyik ki, uşaqların qida rasionunda nələr olar, nələr olmaz. Elə qidalar var ki, onları qarışdırdıqda fəsadlar verə bilər.

- Nəyə görə Azərbaycan şirkətlərini deyil, xarici təmsilçiləri seçirsiniz?

- Azərbaycanda beşulduzlu dünya şəbəkələri var. Mən əvvəldən də xarici ölkələrdə çalışdığım üçün xarici şirkəti seçmişəm. Oman Sultanlığında, Birləşmiş Ərəb Əmirliklərində səviyyəli otellərdə işləmişəm. Neçə ildir Azərbaycana qayıtmışam, dünyanın burada təmsil olunan beşulduzlu şəbəkələrində çalışıram. Fikirləşirəm ki, xarici bir şirkətdə çalışmaqla həm Azərbaycanı təmsil edər, həm də öz peşəkarlığımı artıraram. Mətbəx işi sonsuz dərya kimidir. Hər sahədə olduğu kimi, otel sistemi də inkişaf edir. Biz düşünə bilməzdik ki, vaxt gələcək qidanı rənginə uyğun taxtalarda doğramalı olacağıq, çiy qidanı ayrı, bişmiş qidanı ayrı doğramağın vacib olduğunu öyrənəcəyik. İndi bu sahə bıçaqların, istifadə olunan bütün ləvazimatların belə yuyulmasının ciddi bilik tələb etdiyi sahəyə çevirilib.

- Gəmidə təşkil olunan səyahətlər neçə günlük olur?

- Bir həftə, 15 gün və ən çoxu isə bir ay çəkir.

- Səyahət zamanı qidalanma sahəsində ən çox nələrə diqqət olunur?

- Hazırlanan yeməklərdə istifadə olunan məhsulların mövsümə uyğun olmasına fikir verilir. Müxtəlif fəsillərdə insan orqanizmi üçün ziyan verməyən, faydalı olan yeməklərə üstünlük verilir. Gəmilərdə bütün dünyanın mətbəxinə müraciət olunur. Restoranlarda hər gün bir ölkənin yeməyinə yer verildiyi günlər olur. Mən çalışacağam ki, Azərbaycanın da yeməklərini orada təbliğ edim. Dubay şəhərində çalışanda bizim konsulluqdan vətənimiz haqqında materiallar götürərək Azərbaycan günləri keçirirdim. Otelin içində ərəblərə Azərbaycan, milli yeməklərimiz haqqında məlumatlar verirdim. İstəyirəm ki, təbliğat işlərini indi də ABŞ şirkətində çalışdığım müddətdə davam etdirim. Bizim yeməklər onların çox xoşuna gəlir. Kateqoriyaya görə, yeməklərimiz "fast-food" yeməklərə daxil deyil. Milli yeməklərimizin hazırlanması müəyyən bir zaman tələb edir ki, nəticədə təam daha dadlı olur. Yeməklərimiz dünyada çox bəyənilir.

- Avropada, ABŞ-da təkcə "fast-food" yeyilir?

- Avropada, xüsusilə ABŞ-da həyatın ritminin sürətli olduğu şəhərlərdə həm insanların, həm də restoran sisteminin yemək bişirmək üçün çox zaman ayırmağa vaxtları yoxdur. Eləcə də qidanı qəbul etməyə çox zamanları olmur. Ona görə də çörəkarası qızartmalar, hamburger və s. "fast-food"lara üstünlük verirlər. Bu, həzm sisteminə, insan orqanizminə mənfi təsir göstərir. Ona görə də ABŞ əhalisi piylənmədən əziyyət çəkir. "Fast-food" qidalar müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

- Dünyanın müxtəlif ölkələrində aşpaz kimi fəaliyyətiniz olub. Qidalanma mədəniyyətlərimiz arasında hansı fərqlər var?

- Deyək ki, Avropada qidalanma mədəniyyəti bizdən fərqli olaraq başqa formada inkişaf edib. Onlar çox yemək yesələr də, toylarda, hansısa şadlıqlarda qidanın sadəcə masanın üzərinə yığılmasının tərəfdarı deyillər. İsti, təzə bişirilmiş yemək tələb edirlər. "Fast-food" olsa belə. Heç bir zaman bizim kimi yeyə bilməyəcəkləri çox çeşiddə yeməyin masaya çıxarılmasının tərəfdarı deyillər. Hətta onlar əksər toylarda yeməklərin verilməsinə razılaşmırlar. Şirniyyatla kifayətlənirlər. Bəzi adamlar da var ki, masa servisi yox, fərdi olaraq bir qabda soyuq, bir qabda isə isti yemək servisi etməklə kifayətlənirlər.

- O zaman toylarda pul yazdırmaq adəti də yoxdur...

- Xüsusilə Avropada puldansa çox zaman evə lazım olan əşyalar və ya səyahət etmələri üçün hədiyyələr verirlər.

- Emil bəy, aşpazlıq üçün yaş məhdudiyyəti varmı?

- Yaş məhdudiyyəti fiziki cəhətdən normalar aşağı düşdükdə ola bilər. Amma mən dünya kulinariyasını izləyirəm və Dünya Baş Aşpazlar Assosiasiyasının üzvüyəm. Bəzi hallarda baş aşpazların 75 yaşlarında belə işlərinə davam etdiklərini görmüşəm. Çox cavanlara da fiziki cəhətdən üstün gəlirlər. Bizdə bir az yaşayış normaları fərqlidir. Ona görə də yuxarı yaşlarda o cür işlərdə çalışmaq çətin olur.

- Yəqin ki, Azərbaycandakı restoranlar, şadlıq saraylarının real durumdan xəbərdarsınız. Bəs xarici ölkələrdəki otellərdə, restoranlarda xidmət göstərən ofsiantlara qarşı hansı tələblər var?

- Qulluq sahəsində çalışanlar davranışından tutmuş şəxsi təmizliyinə qədər hər şeyə əməl etməlidirlər. Üzlərini vaxtında qırxmalı, dırnaqları təmiz saxlamalı, əllərində yara olmamalıdır. Geydiyi forma təmiz olmalı, vaxtlı-vaxtında çimməlidirlər ki, tər qoxusu gəlməsin. Düzgün, sürüşməyən və tərləməyən ayaqqabılardan istifadə etməlidirlər. Geydiyi paltar sintetik olmamalıdır ki, tərləməsin. Qida ilə davranışı düzgün olmalıdır. Hər zaman əlcəklə qulluq etməlidirlər. Otel sistemi üçün xüsusi mayelər var ki, əllər onunla yuyulmalıdır. Həmin sabunların iyi yoxdur və bakteriyalar qalmır. Daha sonra əllərini xüsüsi maddə ilə dezinfeksiya etməlidirlər. Məsələn, iş arasında siqaret çəkirlər ki, bunların hamısı nikotindir və mikrobdur. Siqaret çəkdikdən sonra təkrar işə davam etmək dünya otel sistemində qəti qadağandır. Əllərini ancaq dezinfeksiya etdikdən sonra işləyə bilərlər.

- Çalışdığınız ölkələrdə də balıq Azərbaycanda olduğu qədər az yeyilir?

- Dünyada balıq çeşidləri həddən artıq çoxdur. İşlədiyim ərəb ölkələrində okeana çıxış olduğu üçün dənizdən çıxan məhsullar çoxdur və çox istifadə olunur. Okean balıqları insan orqanizmi üçün çox faydalıdır. Mən heç vaxt düşünməzdim ki, Oman Sultanlığına gedəndə marketdən köpək balığının ətini ala bilərəm. Mənim üçün köpək balığını bişirmək də, yemək də çox maraqlı idi. Çox ləzzətli idi. Elə balıq və dəniz məhsulları var ki, Azərbaycanda yoxdur. Hətta beşulduzlu otellərdə belə istifadə olunmur. Çünki bunlar bizim bazar üçün yenidir və insanların pul kisəsi üçün çox bahalıdır.

- Zəngin insanlar daha çox hansı qidalara üstünlük verirlər?

- Hazırda dünyada belə bir tendensiya gedir ki, zəngin insanlar məhsulun rənginə, görünüşünə deyil, təbii olmasına üstünlük verirlər. Yəni zənginlər orqanik məhsullar tələb edirlər. Yetişdirilməsində heç bir dərman vasitəsindən istifadə olunmayan qidalara üstünlük verirlər. Çalışırlar ki, "fast-food"la qidalanmasınlar. Dəniz məhsullarına üstünlük verirlər.

- Genetik modifikasiya olunmuş məhsullara münasibətdə nələri müşahidə edirsiniz?

- Dünyada bu məsələyə qarşı çox həssas yanaşma var. ABŞ-da Qidaların Təhlükəsizliyi Nazirliyi yaradılıb. Bizdə belə bir şey yoxdur. Çox istərdim ki, bizdə də olsun. Avropa ölkələrində məhsulları xüsusi qurğularla yoxlayır və tərkibində kimyəvi maddələr olub-olmadığına, geninin dəyişdirilib-dəyişdirilmədiyinə baxırlar. Əgər varsa, həmin məhsulları satan şirkət cəzalandırılır və fəaliyyəti dayandırılır. Bu səbəbdən əksər şirkətlər məhsulu orqanik yetişdirməyə çalışır, yoxsa iflas ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR