Sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub
Bizi izləyin

Qırmızı.az

Sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub

Sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub.

Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirliyi yaninda dövlət əmək müfəttişliyi xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə məlumat verib.

F.Əlizadə bildirib ki, “Təhlükəsiz iş aylığı”nın keçirilməsində məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi, bu sahədə mövcud nöqsanların aradan qaldırılması, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasıdır: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var. Tədbirlər Planına uyğun olaraq, gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq”.

Xidmət rəisi “Təhlükəsiz iş aylığı” çərçivəsində maarifləndirmə tədbirlərinə də xüsusi önəm veriləcəyini qeyd edib və bildirib ki, Bakıda və respublikanın regionlarındakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin işçilərinin, habelə işəgötürənlərin iştirakı ilə maarifləndirmə xarakterli seminar-müşavirələrin, dəyirmi masaların, görüşlərin keçirilməsi də nəzərə tutulur.

F.Əlizadə ilk dəfə olaraq ötən ilin sentyabrında ölkəmizdə “Təhlükəsiz iş həftəsi”, sonralar cari ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında isə “Təhlükəsiz iş aylığı”nın keçirildiyini diqqətə çatdırıb: “Həmin tədbirlər çərçivəsində işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması, habelə istehsalat qəzası riski yüksək olan iş yerlərində əməyin mühafizəsi vəziyyətinin araşdırılaraq, aşkar olunan nöqsanların aradan qaldırılması üçün məqsədyönlü işlər görülüb. Cari ilin birinci yarımilində əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb. Əminik ki, növbəti “Təhlükəsiz iş aylığı” da bu sahədə müsbət göstəricilərin daha da artmasında mühüm rol oyanayacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm