Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilir
Bizi izləyin

Qırmızı.az

Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilir

Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb. Publika.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Rövşən Rzayev, qafqaz müsəlmanları idarəsinin nümayəndəsi Hacı Tahir Abbaslı, eləcə də rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Konfransda mövzu ilə bağlı DQİDK-nın sədri Mübariz Qurbanlının “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Komitə sədri çıxışında Azərbaycanda dini sabitliyin hökm sürdüyünü, ölkəmizdə dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşıldığını, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində bir çox tədbirlər həyata keçirildiyini deyib.

Daha sonra deputat Rövşən Rzayev, Qmi-nin nümayəndəsi Hacı Tahir Abbaslı mövzu ilə bağlı çıxış edərək, ölkədəki dini durum, radikalizmə qarşı mübarizə, dini maarifləndirmə işinin səmərəli təşkili barədə fikirlərini bölüşüblər.

Konfransın ilk iş günü başa çatdıqdan sonra Komitə sədri Mübariz Qurbanlı Daşkəsən şəhərindəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.

Qeyd edək ki, konfrans avqustun 26-da işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm