Elçin: “TV-lərin taleyini 400 ailə həll edir...”
Bizi izləyin

Qırmızı.az

Elçin: “TV-lərin taleyini 400 ailə həll edir...”

Axar.az Elçin Əlibəyli ilə müsahibəni təqdim edir:

- Sizi jurnalist, teleaparıcı, yazar kimi tanıyırlar. Bəs öz interpretasiyanızda kimsiniz?

- Mən heç vaxt özümü yazar və ya jurnalist hesab etməmişəm. Çünki o peşənin sahibi deyiləm. Qaldı ki, teleaparıcılığa, bu da mənim öz peşəm deyil. Bir neçə layihəni aparmaq hələ teleaparıcı olmaq demək deyil. Teleaparıcılıq müxtəlif janrlarda olan verilişlərdə özünü sınamaqdır. Mən dövri olaraq bir neçə veriliş aparmışamsa da, mənə tam olaraq teleaparıcı demək olmaz. Amma özümü mənsub olduğum ixtisasın sahibi hesab edirəm ­– sənətşünas.

- Elmi fəaliyyətinizi daha çox önəmsəyirsiniz. Bu fəaliyyət nədən ibarətdir?

- 2005-ci ildə elmlər namizədi dərəcəsi almışam.”Televiziya tənqidi” mövzusunda dissertasiya yazmışam. O zaman televiziya funksiyaları ilə bağlı elmi araşdırmam oldu. Sonra o elmi araşdırmanı davam elətdirdim. Doktorluq dissertasiyası üzərində işlədim. 2011-ci ilin yanvar ayında doktorluq dissertasiyam hazır idi. Amma təəssüf ki, hələ müdafiə baş tutmayıb. Bunun da məndən asılı olmayan çox böyük səbəbləri oldu. Akademiyada şöbə müdiri dəyişdi və sairə. Yəni 2011-ci ildən doktorluq dissertasiyam hazırdır. Bu illər ərzində iki monoqrafiyam çap olunub, hazırda üçüncü və dördüncüsü çapdadır. Monoqrafiyalarım sırf televiziya təhlili ilə bağlıdır. Qeyd edim ki, dissertasiya mövzum televiziya təhlilinin metodologiyasına həsr olunub. Bu mövzu dünyada ən az araşdırılan mövzulardan biridir. Bildiyiniz kimi, ölkəmizdə böyük araşdırmaçılar olub. Onların əməyinə yüksək dəyər verirəm, amma deməliyəm ki, onların böyük əksəriyyəti məsələyə sırf jurnalist kontekstindən yanaşıblar. Mən çalışdım ki, elmi əsərimdə, televiziya modeli ümumiyyətlə necə olmalıdır sualına cavab tapım, müasir terminoloji aparatı formalaşdırım. Çünki bizdə terminoloji aparatda çox ciddi problemlər var. Yəni belə. Doktorluq dissertasiyam sırf buna həsr olundu. Monoqrafiyamda isə televiziya nəzəriyyəsinin əsaslarını işləmişəm. Bütün bunlarla yanaşı, dərs vəsaitləri də hazırlamışam. Amma təəssüf ki, dərsliklər hələ çap olunmayıb.

- Niyə?

- Çünki öz hesabıma dərslik çap etmək niyətində deyiləm. Azərbaycanda olan ali məktəblər isə hələ maraqlanmırlar.

- Həmişə şoumen və aparıcıların məktəbi olmalıdır ideyasını müdafiə etmisiniz. “Televiziya nəzəriyyəsinin əsasları” kitablarının müəllifi və teleaparıcılıq təcrübəsinə sahib biri kimi belə bir məktəb yaratmaq haqda düşünürsünüz?

- Hesab etmirəm ki, mənim rəhbərliyimlə hansısa bir məktəb ola bilər. Amma Azərbaycanda bu və digər şəkildə buna cəhdlər olundu.

- Məsələn?

- Məsələn, mən ANS-in yaratdığı jurnalistika akademiyasını çox təqdirəlayiq hesab edirəm. Ümumiyyətlə, ANS telekanalının yetirmələri Azərbaycan televiziyasında özünəməxsus yer tutur. Çox təəssüf ki, bizim bir çox aparıcılarımız pedoqoji fəaliyyətlə məşğul olmadılar...

- Bunun günahkarı kimdir?

- Günahkar aparıcılar deyil, təbii ki, mən yaxşı aparıcılardan danışıram. Hazırda jurnalist təhsili verən universitetlər bilirsiniz ki, dövlət universitetləridir. Bu ali məktəblər aparıcılarla əməkdaşlıq etmir, master klasslar təşkil etmək istəmir. Hələ mən müəllimliyə cəlb etməkdən danışmıram. Kimisə pisləmək və ya tənqid etmək niyətində deyiləm, amma gerçək göz önündədir. Məsələ burasındadır ki, master klass olmadan jurnalistikaya gəlmək çox çətindir. Jurnalistikaya parta arxasından gəlmək olmaz. Burda təcrübə böyük rol oynayır. Təəssüf ki, bizdə bu sahədə böyük problemlər var.

- Elçin bəy, yazılarınızdan birində demisiz ki, Azərbaycan televiziyası müstəqillikdən sonra 2 hissəyə bölünür – şəxsiyyətləşmiş aparıcıların fəaliyyət göstərdiyi dövr və ondan sonrakı dövr. Bu “sonrakı dövr”də fəaliyyət göstərən aparıcıların “şəxsiyyətləşməməsi”nin, ümumilikdə narazı olduğunuz televiziyanın müasir vəziyyətinin tək səbəbkarı təhsil ocaqlarıdır?

- Yox, təkcə təhsil ocaqları deyil. Məsələ burasındadır ki, 1991-2001-ci illərdə Azərbaycan teleməkanında fəaliyyət göstərən böyük simaların əksəriyyəti indi efirdə yoxdur.

- Bunun səbəbini necə izah edərdiniz?

- Bunun səbəbi əlahəzrət reytinq və reytinq hesablayıcı şirkətlərin Azərbaycana gəlməsidir. 2001-2002-ci illərdə sözügedən şirkətlər Azərbaycana gəldi və bununla da bizim indi razılaşmadığımız, qəbul etmək istəmədiyimiz məqamlar çoxalmağa başladı. Biz o dövrün verilişləri ilə hazırda yayımlanan verilişləri müqayisə etsək, fərqi çox aydın şəkildə görərik. Piplmetr deyilən ölçü cihazı kabel televiziyası və ya peyk vasitəsilə qoşulan izləyiciləri reytinqə daxil etmir. Bu cihaz köhnə televizorlara yerləşdirilir. Azərbaycanda ən kasıb orta təbəqənin belə evində plazma televizorları var. İndi siz təsəvvür edin, onlar hansı təbəqəni tapıb reytinqi hesablayırlar!.. Mən sosial bölgü aparmaq istəmirəm, amma bu adamların nə dərəcədə ziyalı və savadlı olduğunu deyə bilərik? Lakin reytinq onların baxdığı verilişlər əsasında hesablanır.

- Belə çıxır ki, reytinqə təsir edən 400 ailə sosial cəhətdən müəyyən dərəcədə aşağı təbəqə hesab olunur və...

- Və onların dünyagörüşü, təhsili haqda heç bir təsəvvürümüz yoxdur. Bu 400 ailə Azərbaycan teleməkanının bütün müqəddəratını həll edir. Beləliklə, reytinq hesablayıcı şirkətlərin yürütdüyü siyasət elə-belə siyasət deyil. Onlar transmilli şirkətlərdir. Azəycanın da reklam bazarı iki böyük şirkətə aiddir. Və faktiki olaraq bazara onlar diqtə edir. Onlara beyin üçün saqqız lazımdır. Manipulyasiyada belə bir texnologiya var ki, informasiyanı maksimum sürətlə verirsən və izləyici dərk edə bilməmiş onu alt şüura ötürür. Bu texnologiyadan istifadə edərək şirkətlər öz məhsullarını reklam edirlər.

- Belə çıxır ki, televiziyamızın hazırki vəziyyətinin günahkarı transmilli reytinq şirkətlərinin biznes planlarıdır...

- Burda həmçinin bizim QHT-lərin də, cəmiyyətin də, televiziya işçilərinin də günahı var. 10 il qabaq Azərbaycan televiziyasına ictimai qınaq mövcud idi. Bir neçə yazarın adını çəkə bilərəm ki, onlar ciddi şəkildə televiziyanın tənqidi ilə məşğul olurdular...

- Çəkin.

- “Nedelya” qəzetində Elşad Quliyev, “525-ci qəzet”də Sevda, İlhamiyyə Rzanın, elə mən özüm “Vətəndaş Həmrəyliyi” qəzetində hər həftə televiziya tənqidi mövzusunda yazılar yazırdım. Amma təəssüf ki, indi bu tənqidi münasibət yoxdur. Təhsillə bağlı dediyimiz problemlər də bura daxildir. Bu gün müasir Azərbaycan insanına baxsaq, görərik ki, məhz televiziyanın yetişdirdiyi insanlardır.

- “El içində” verilişi ilə sosial problemlərə toxunurduz və çoxsaylı düşmənlər qazanmışdınız. Sizi buna görəmi sevmirlər?

- Mən düşmən deməzdim. Məşhur söz var, deyir, “Mən pul deyiləm ki, məni sevsinlər”. Televiziya aparıcısı hər şeyi gözə almalıdır. Bizim ən müqəddəs hesab etdiyimiz Allahdırsa, onunla bağlı müxtəlif fikirlər mövcuddursa, - hətta ateistlər də var – bu baxımdan aparıcını da inkar etmək, qəbul etməmək mümkündür. Baxır say, nisbət hesabına. “El içində” verilişində məqsədim camaatın məni sevməyinə nail olmaq deyildi. Məqsədim qaba, kobud, acıdil bir aparıcı ilə müəyyən problemlərin üstünə getmək idi. Mən burda insan kimi, şəxsiyyət kimi uduzurdum. Məni kobud hesab edirdilər, amma mən uduzsam da, veriliş uddu. Dövrü üçün nəsə etmək istədik. Bəzən veriliş seviləndə aparıcı uduzur, aparıcı uduzanda veriliş qazanır.

- Deyirsiz ki, aqressiv sosial maskaya “El içində” verilişində müzakirə olunan sosial problemləri xalqa çatdırmaq üçün ehtiyacınız var idi. Bəs digər verilişlər necə? Onlar ki, “El içində” deyildi?

- Hər sosial maskanın şüurlarda öz yeri var. Yumşaq adam da var, kobud adam da...

- Sosial maska seçiminizdə bədən kompleksinizin rol oynadığı doğrudur?

- Bəli, bədən kompleksi də rol oynayır. Kənardan hamıya elə gəlir ki, kök adamlar xoş, mehriban olur. Azərbaycanda da tanıdığımız bəzi adamlar var ki, onlar məhz bu cür imic qazanıblar. Bu addımı atmasaydım, mənim fəaliyyətim də bu prosesin məntiqi davamı olacaqdı. Onu aradan qaldırmaq üçün bu addımı atdım. Bilmirəm nə dərəcədə doğrudur. Məsələn, Qulu müəllim (Məhərrəmli) hesab edirdi ki, “El içində” verilişi, ümumiyyətlə, jurnalistika qanunauyğunluqlarına ziddir.

- Hansı xüsusiyyətinə görə?

- Aparıcının subyektivliyinə görə.

- Bəs siz necə düşünürsünüz? Qulu müəllim haqlıdır?

- Mən heç də belə düşünmürəm. Kim deyir ki, aparıcı obyektiv olmalıdır? Mən Azərbaycan teleməkanında ilk dəfə göstərdim ki, aparıcının da mövqeyi ola bilər və o, heç də hər zaman obyektiv olmalı deyil. Heç kimin qarşısında öhdəlik götürməmişdim ki, sizə obyektiv layihə təqdim edəcəm.

- Efirə çıxan aparıcı gözəl, xoşagəlimli olmalıdırmı?

- Qətiyyən.

- Yəni aparıcı izləyicinin vizual zövqünü oxşamalı deyil?

- Yox, Ofranın nə gözəlliyi var? Ofra artıq 30 ildir ki, dünya televiziyasının liderlərindən biridir. Görüntü yalnız modayla, gözəlliklə bağlı verilişdə lazım ola bilər. Amma aparıcıda xarizma şərtdir. Azərbaycanda belə bir tendensiya var ki, çalışırlar efirdə yalnız gözəllər olsun. Amma zaman göstərdi ki, gözəllər teleməkanda çox az iş görə bildi. Əsas olan intellekt və xarizmadır.

- Mehriban Xanlarova ilə yeni layihəyə start verəcəyinzi elan etdiniz, hətta verilişin reklam çarxı da izləyicilərə təqdim olundu. Sonra o layihənin başına nə gəldi?

- O layihə çox pis vaxta düşdü. Mehrban xanım Türkiyədə oldu, sonra yay başladı. Yay isə televiziya mövsümünün sonudur. Buna görə də sentyarda verilişi izləyicilərə təqdim etməyi planlaşdırırıq.

- Mehriban xanımla işləmək çətin deyil ki?

- Yox, qətiyyən. Biz Mehriban xanımla artıq illərdir dostluq və əməkdaşlıq edirik. Baxmayaraq ki, fikir ayrılıqlarımız olub, heç vaxt mübahisə etməmişik.

- Müsahibələrinizdən birində Azərbaycan cəmiyyətinin intellektdən qorxduğunu demisiniz...

- Elədir. İnsanlar qavraya bilmədikləri şeylərdən qorxurlar və Freyd demişkən, onu anlamayanda başına bir qapaz vururlar. Bizdə bu funksiyanı məmurundan tutmuş adi sürücüsünə qədər hər kəs edir və ətrafındakıları aşağılamağa çalışır.

- Belə çıxır ki, buna səbəb natamamlıq kompleksi və özünütəsdiqdir?

- Bəli.

- Cəmiyyətimizin böyük əksəriyyətinin natamamlıq kompleksindən əziyyət çəkdiyini düşünürsünüz?

- Elədir. Çünki burda da təhsilin çox böyük rolu var. Biz orta təhsildə şəxsiyyət yetişdirməyə cəhd etmirik. Problem bundadır.

- Verilişlərinizdən birində gəlməyən rejissorun və ifaçının yerinə balqabaq qoymuşduz...

- Kliplərin təhlili ilə bağlı bir layihəyə start vermişdik. Məşhur rejissorlardan biri gəlməkdən imtina etdi. Mən onun yerinə kaktus, ifaçının yerinə isə balqabaq qoydum.

- Verilişdən sonra onlar sizin bu hərəkətinizə heç bir reaksiya vermədi?

- Rejissor heç bir reaksiya vermədi, müğənni isə sonradan gəldi və o balqabağı gördü...

- Bu etdiyiniz nə dərəcədə düzgün hesab oluna bilər?

- Bunun təhqir mənası yox idi. Əgər insan verilişə gəlmirsə, bunu normal qəbul etmək olar. Amma gəlirəm deyirsə, çəkiliş başlayan vaxtı telefonu söndürürsə, yerinə balqabaq qoymaqla məsələni həll etmək olar.

- Ziyalı kimdir və onun xalq qarşısında öhdəliyi varmı?

- Vallah, onu ziyalılardan soruşmaq lazımdır.

- Özünüzü ziyalı hesab etmirsiniz?

- Yox. Azərbaycanda çox az adama ziyalı demək olar. Təəssüf ki. Bizdə hər diplomluya ziyalı deyilir. Onlar ziyalı deyil, diplomludur.

- Rəssam işi qədər gözəl, qüsursuz qadın, yoxsa intellektli və sadə görünüşlü?

- Çox maraqlı sualdır. Təbii ki, estetik yanaşma bütün cizgilərin yerində olması deyil. Surəti gözəl qadınlara dəyər versəm də, mənim üçün intellekt daha üstündür.

- Sosial şəbəkələrdə olduqca pessimist, həyatdan bezmiş biri kimi təəssürat oyadırsınız. Nədir sizi belə bədbinləşdirən? Kiminsə həsrətini yaşayırsınız?

- Bu, çox normaldır. İnsan yaşının elə bir həddinə çatır ki, bütün etdiklərinin artıq arxada qaldığını düşünür. Artıq sən xatirələrlə yaşayırsan. Çünki nail olduğun bütün uğurlar keçmişdə qalıb. Başa düşürsən ki, bundan sonra yeni uğurlar əldə edə bilməyəcəksən. Belə olduğu halda insanı kədər bürüyür...

- Siz indiyə qədərki fəaliyyətinizdə öz həyat missiyanızı tamamladığınızı düşünürsünüz?

- Bəli, mən hesab edirəm ki, öz missiyamı 2010-cu ildə başa çatdırmışam.

- Yaxın gələcəklə bağlı hansı planlarınız var?

- Dediyim kimi, kitablarımı hazırlayıram, bundan başqa elə də ciddi bir planım yoxdur. Statuslarımda olduğu kimi – günü günə calayıram...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm