Bu qatarın dalınca baxma... Bakı-Xarkov qatarında yol sərgüzəştləri
Bizi izləyin

Qırmızı.az

Bu qatarın dalınca baxma... Bakı-Xarkov qatarında yol sərgüzəştləri

Xarkov-Bakı qatarının yola düşməsinə 40 dəqiqəyə yaxın vaxt qalırdı. İlk qarşıma çıxan qatarın bələdçisinə (deyəsən, Xarkov-Kiyev qatarının bələdçisi idi) yaxınlaşaraq əlimdəki bileti göstərib Bakıya getmək üçün hansı platformaya yaxınlaşmalı olduğumu soruşdum. 7-ci platformanı göstərdi. Əslində deməsəydi də, vaqonların qarşısında dayanmış bələdçilərin üzünə baxan kimi qatarın Azərbaycana gedəcəyini təxmin etmək olardı. Uzaq Ukraynada azərbaycanlı görməyin xoş duyğu olduğunu düşünmək elə platformaya yaxınlaşana qədər çəkdi. Üz-gözündən zəhrimar yağan yaşca kiçik bələdçi əmr formasında “bileti göstər” dedi. Bu sifətdə adamdan ancaq bu tərzdə danışıq gözləmək olardı. Ona görə də, bələdçinin “sən” deyə müraciətinə etiraz etməyi heç ağlımdan da keçirmədim. Növbəti dəfə yaşlı bələdçi dilləndi, “Hələ şəklinə bax gör özüdür?” Artıq “qaragünlüyümü qablaşdırmışdım”. Növbəti iki gün ərzində məni daha nələr gözləyə bilərdi...

Çaypulu...

Yerimizə təzəcə əyləşmişdik ki, üz-gözündən zəhrimar tökülən həmin bələdçilər qatarda peyda oldular:

“İki gün yol gedəcəksiz, çaypulu verin. Biz çay dəmləyirik, əziyyət çəkirik...” Əlimi cibimə salıb 5 manat çıxardım. Pulu görər-görməz bələdçi qadından dəhşətli reaksiya gəldi: “Bu nədir, 5 manat? Ələ salmısan məni? Üstünə birini də qoy!”

Özümü sakitləşdirməyə çalışıb “olan budur” dedim. Növbə kupe yoldaşlarım –Dağıstandan olan iki hicablı xanıma çatdı. Əxlaqlı və mərifətli qadınlara bənzəyirdilər. Bələdçimiz mənə dediyi kobud səslə: “Pul ver, rubl, rubl!” - qışqırdı. Növbə ukraynalıya gəldi, ondan da Ukrayna valyutası - qriven aldılar. Valyutadəyişmə məntəqəsi kimi istənilən pul vahidinə də etirazları yox idi. Yadıma 90-cı illər düşdü. O vaxt Azərbaycandan Rusiyaya və əksinə, Rusiyadan Azərbaycana qatarla gedənlər Çeçenistan ərazisində eyni vəziyyətlə üzləşirdilər. Çeçen silahlıları qatarı saxlayır, vaqonlara doluşur, camaatın evinə aldığı televizor, video-maqnitofon, geyim və əllərinə keçən hər şeyi götürərək, insanlarla vəhşi kimi davranır, etiraz edən olarsa, işgəncə verirdilər. Doğrudur, o vaxtdan xeyli keçib, çox şey dəyişib, artıq belə hadisələrə demək olar ki, rast gəlinmir... Amma təəssüf ki, azərbaycanlı qatar bələdçiləri bəzi davranışları ilə insanları o illərə qayıtmağa məcbur edirlər. Təbii ki, bələdçilər silahlı çeçenlərdən bir az mədəni və bir az da müasirdirlər.

Yaxın zamanda düzələcək

Əslində, Ukrayna rüşvətə meyllilik, insanların bir-birinə “atması” baxımından bizdən o qədər fərqlənməsə də, hər şeyə rəğmən bu ölkədə bir az qayda-qanun var. Məsələn, əslində biletə daxil olan çay xidmətinə görə Ukraynaya məxsus qatarda da pul istəyirlər, amma utana-utana və həm də 6 qriven - yəni 30 qəpik. Üstəgəl, çayı bizdəki kimi özün gedib süzmürsən, onu kupeyə gətirilər. Özümüz qarışıq hər gün bu qatarla müxtəlif millətlərin nümayəndələrinin getdiyini nəzərə alsaq, bunun ölkəmizin imici üçün nə qədər ayıb bir şey olduğunu dərk edərik. Axı bələdçilərimiz həm də Azərbaycanı təmsil edirlər.

Mütəxəssislər hesab edirlər ki, müasir qatarlar elə xidmət göstərməlidirlər ki, sərnişinlərin narazılığına səbəb olmasın. Nəqliyyat sahəsində ekspert Azər Allahverənovun Publika.az-a bildirdiyinə görə, ümumiyyətlə, qatarda xidmət dedikdə, təkcə qida və sanitar-gigiyenik normalar deyil, digər nüanslar da nəzərə alınmalıdır. İlk növbədə, qatar bələdçiləri nəzakətli davranış sərgiləməlidirlər:

“Bu gün insanların böyük əksəriyyəti qatarlara üz tutur. İstər şəhərlərarası, istərsə də beynəlxalq səfərlərdə qatar daha əlverişli və təhlükəsiz nəqliyyat vasitəsidir. Təəssüf ki, bu cür neqativ hallar ucbatından insanlar qatardan imtina edərək avtobus və ya yol maşınlarına üz tuturlar. Bununla da bizim dəmir yolu nəqliyyatında sərnişindaşıma böyük zərbə alır”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a qatarlarda problemlərin olduğunu etiraf etsələr də, yaxın zamanlarda düzələcəyini dedilər:

“Bizdə mütəmadi olaraq bələdçilərlə treninqlər keçirilir. Hər qatarın öz təlimatçısı var. Onlar bələdçiləri əmrlər, göstərişlərlə tanış edirlər. Bəzi bələdçilər kurslara cəlb olunurlar. Bizim qatarlarda əslində çay pulludur, qaynadılmış su pulsuzdur. Biz etiraf edirik ki, nöqsanlar var, amma yaxşılığa doğru iş aparılır və güman edirik ki, gələcəkdə bütün narazılıqlar aradan qaldırılacaq”.

QSC-dən onu da bildirdilər ki, əgər kiminsə konkret şikayəti varsa, quruma müraciət etsin: “Qatarın nömrəsini, gediş-gəliş gününü qeyd edib məlumat versinlər ki, biz də problemi araşdırıb tədbir görək”.

Bakıdan-Xarkova gedən “halal” qatarlar

Onu da qeyd edim ki, son vaxtlar qeyri-rəsmi qəribə bir vergi növü da yaranıb – “halallıq”. Xəstəxanada ölüm ayağında olan xəstənin yaxınlarından tutmuş, MİS-də arayış alana qədər hər kəsdən “halallıq” adı ilə alınan bu rüşvət qatarlarımızda da aktualdır. Qatar bələdçilərinin vaqondakı soyuducuya, əlavə yükə, çaya görə və siqaret çəkməyə göz yummaq üçün aldıqları pul “halallıq”dır.

Bələdçilər hər gün yüzlərlə sərnişinə xidmət göstərirlər. Amma bu heç də ona əsas vermir ki, o, kiməsə əsəbi şəkildə cavab versin, aqressiv davransın. Nəzərə alsaq ki, 2016-cı ildə Bakı-Tbilisi-Qars dəmiryolu qatarının açılması planlaşdırılır, belə keyfiyyətsiz xidmətlə sərnişinlərin qarşısına çıxmağımız nə qədər düzgün olar? Əslində, halallıq dinimizə görə yaxşı əməl sayılır, amma bu “halallığ”ın o halallığa heç bir aidiyyəti yoxdur.

Gülnar Əliyeva

Bakı-Xarkov-Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm