"Mart ayında depressiya pik nöqtəyə çatır“ - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

"Mart ayında depressiya pik nöqtəyə çatır“ - MÜSAHİBƏ

"Mart ayında depressiya pik nöqtəyə çatır“ - MÜSAHİBƏ

Vüsalə Qocayeva: "Elə mərkəz qurmağı planlayırdım ki, gələn insanlar özlərini tamamilə rahat hiss etsinlər"

Hər bir insana məxsus "sirli bir otaq" var. Bu, onun psixologiyasıdır. Zərurət yarananda ora, o otağa nüfuz eləmək, təsir göstərmək istəyənlər olur. Həkimlər, mütəxəssislər, psixoloqlarsa orda sahman yaratmağa, qarışıqlığı, xaosu aradan qaldırmağa çalışırlar. Əlbəttə, bu, asan deyil. Axı, insanlar kələfi dolaşmış düşüncələrini başqalarına etibar eləmək istəmirlər.

Son illər Bakıda bu sahə ilə məş- ğul olan mərkəzlərin sayı və sanbalı artıb. Onlardan biri də "V.S Training Scholl" Psixologiya Mərkəzidir. Mərkəzin rəhbəri, psixoloq Vüsalə Qocayeva ilə söhbətimiz cəmiyyətin bugünkü psixoloji durumu, insanları narahat edən problemlər barədədir.

- Psixoloji təlim kursları Azərbaycan üçün yeni olsa da, bu sahə üzrə açılan mərkəzlərin sayı gündən-günə çoxalır. Sizin mərkəzin başqalarından fərqi nədir?

- Təlim-psixologiya mərkəzi olaraq ödənişli və ödənişsiz təlimlərlə məşğuluq. Mərkəzin nəzdində psixologiya kursları yaratmaqda məqsədimiz aidiyyəti ali məktəbdə psixoterapiya və ya uşaq psixologiyası təhsili üzrə mütəxəssis yetişdirmək idi. Məlum oldu ki, onlara daha maraqlı məlumatlar lazımdır. Məsələn, tələbələr və ya bu sahəyə marağı olan insanlar istiqamətlərini tapa bilmirlər. Yəni onlara uyğun kurslar açmaq lazımdır ki, psixologiya haqqında ümumi məlumatlar ala bilsinlər.

Hazırda mərkəzdə qadın, kişi, uşaq psixologiyası ilə bağlı müxtəlif mövzularda təlimlər keçirik. İşimizin əsasını azyaşlı uşaqlarla fərdi və qrup şəklində çalışmaq təşkil edir.

Böyüklərlə fəaliyyətə də diqqət ayırırıq. Psixoloji konsultasiyalar, qrup terapiyaları, fərdi inkişaf proqramlarına əsasən qurmuşuq işimizi. Turizmin idarə olunması, biznes etiketi, müştəri xidmətlərinin öyrədilməsi sahəsində turizm şirkətləri ilə əməkdaşlıq edirik. Son fəaliyyətimiz isə tələbələr və uşaqlar üçün yaratdığımız "Butterfly" və "Dəcəllər" klublarıdır.

Məqsədimiz uşaqlara həm pedaqoji, həm də psixoloji dəstək verməkdir. Klublarımızda zəka oyunları, əyləncəli riyaziyyat, rəsm, şahmat, dayəliklə bərabər, psixodiaqnostik terapiyalar da aparılır. Qrup terapiyaları uşaqlara ünsiyyət çətinliklərindən qurtulmaqda daha ciddi yardımçı olacaq. Fərq ondadır ki, uşaqlara oyunlar, təlimlər psixoloqun birbaşa iştirakı ilə öyrədilir, oyunla bərabər onların xarakteri də öyrənilir.

- Təlim keçdiyiniz gənclər və uşaqlarda, adətən, hansı problemləri müşahidə edirsiniz?

- Hazırda yeniyetmə və gənc nəsil arasında özünəgüvən hissinin aşağı olması, tez ruhdan düşmə, özünə qapanma halları tez-tez müşahidə olunur. Yaratdığımız klubun da məqsədi bu cür gənclərlə təlimlər keçmək, onları yeni insanlarla görüşdürməkdir. Sözün düzü, ilk fəaliyyətə başlayanda məqsədimiz bu cür insanları bir yerə toplamaq, Azərbaycanda Avropa ölkələrində olduğu kimi, yəni o modelə uyğun psixoloji mərkəz yaratmaq idi.

- Paytaxtda belə mərkəzlərin sayı az deyil... Seçilmək üçün fərqlənmək gərəkdir.

- Əvvəldən elə mərkəz qurmağı planlayırdım ki, bura gələn insanlar özlərini tamamilə rahat hiss etsinlər. Məncə, buna nail ola bilmişəm. Bizim mərkəzdə çox səmimi və pozitiv mühit var. Hər bir psixoloq bizə müraciət edənlərə fərdi yanaşmır, yəni təkcə pasiyentə fokuslanmırlar, eyni zamanda onların yaxınları ilə də ünsiyyətdə olur, tövsiyələrini verirlər.

- Hazırda bütün sahələrdə olduğu kimi, insan psixikasını öyrənən kadrlar arasında da peşəkarlıq problemi var. Bu məsələni necə həll edirsiniz?

- Mərkəzimizdə təcrübəsiz, az bilikli mütəxəssis yoxdur. Mən bu mərkəzi ancaq peşəkarları cəlb etməklə yaratmışam. Əsas kəmiyyət yox, keyfiyyətdir. Bu baxımdan hər kəs tam arxayınlıqla bizə müraciət edə bilər. Çalışırıq ki, mütəxəssislərimiz pasiyentlə səmimi münasibətdə ola bilsinlər. Onlara istədikləri mövzuda yardım etsinlər.

- Müraciətlər arasında yaş senzi necə müəyyənləşib? Yəni daha çox hansı yaş kateqoriyasına məxsus insanlar üz tutur sizə?

- Bizə hər yaşdan insanlar müraciət edə bilərlər. Konkret azyaşlılara gəlincə, deməliyəm ki, 3 yaşına qədər uşaqların psixoloqa müraciət etməsi düzgün deyil. 3 yaşa kimi uşaqlarda şəxsiyyətin formalaşma dövrü gedir. Bundan sonra müəyyən müşahidələr aparmaqla azyaşlılarla problemi üzrə məşğul olmaq mümkündür.

- Belə məlum olur ki, əsas problem azyaşlılarla bağlıdır...

- Belə də demək olar... Hazırda uşaqlar arasında gecdanışma, autizm xəstəliyi, hiperaktivlik, aqressiya geniş yayılıb. Bunun da vaxtı var, yəni 3 yaşına qədər uşağın hər şıltaqlığına görə onu tələsik psixoloqa aparmaq olmaz. Şəxsiyyəti formalaşma dövrü bitdikdən sonra müraciət eləmək daha düzgündür.

- Valideynlərin əsasən şikayəti nədən olur?

- Hiperaktivliklə bağlı... Bir də yeniyetmələrdə etibarsızlıq sindromu geniş yayılıb. Bunun da əsas səbəbi informasiya texnologiyalarından çox istifadə ilə bağlıdır. Biz bunu araşdırmışıq, uşaqlar cizgi filmlərindəki qəhrəmanların aqressiv hərəkətlərini mənimsəyirlər. Onlara bənzəməyə çalışır, onlar kimi hərəkət edirlər. Məsləhət görərdim ki, valideynlər mobil telefonlardan, planşetdən istifadəni minimuma endirsinlər. Uşaqlarda bütün günü bunlarla oynamaqdan özünəqapanma yaranır.

İndi şəkili də planşetdə çəkirlər, kağıza çəkməkdən imtina edirlər. Rəsm dərsinə gələn uşaqda konsentrasiyanın düzgün inkişaf etmədiyini görürük. Uşaqlarda hissiyyatsızlıq yaranır, sanki ürəyi söndürüb, beyinlə işləyirlər. Bu gələcəkdə robot insanların əllə idarə olunması deməkdir. Soyuqqanlı, biganə nəslin yetişməsinə imkan verməməliyik. Bunun üçün uşaqları canlı oyunlara, canlı söhbətlərə cəlb etmək lazımdı, nəinki kompüter oyunlarına.

- Hazırda depressiya mövsümü olan yazın ilk ayını yaşayırıq. Nə məsləhətləriniz var?

- Sirr deyil ki, bu mövsümdə intiharların sayı çoxalır. Saatlar yay-qış vaxtına çəkiləndə də intihar halları baş verir. Mart ayı depressiyanın pik nöqtəyə çatdığı aydır. Havanın dəyişkən olması özünə qapanan, zəif iradəli, nevroloji xəstəliklərdən əziyyət çəkənlərə mənfi təsir edir. Amma bu hadisələrin sosial şəbəkələrdə, virtual aləmdə paylaşılması intiharların sayının artmasına gətirir. İntiharlar həmişə olub, amma indiki kimi populyarlaşmayıb. Odur ki, hər kəsə üz tutub deyirəm ki, belə xəbərləri sosial mühitdə paylaşmasınlar.

- Sizcə, hazırda hər kəsin psixoloji məsləhətlərə qulaq asmağa həvəsi varmı? Bu, cəmiyyətdə necə qavranılır?

- Bununla bağlı çoxlu təlimlərdə olmuşuq. Fəaliyyətimizin əsas dövrünü belə təlimlərdə keçirmişik. Əksər vaxtlarda bizə hamının münasibəti eyni olub. Adətən belə sual verirlər: Sizə niyə qulaq asmalıyıq? Cavab vermişik ki, gəlin, bizə qulaq asın, razı qalmasanız, daha gəlməyin. Təlimlərdə hamı bizimlə razılaşsa da, mentalitet psixoloqa gəlməyə problemlər yaradır.

- Bəs din faktorunun bu məsələyə təsirini necə qiymətləndirirsiniz?

- Mən özüm dinlə maraqlanan insan kimi deyə bilərəm ki, din özü elə psixoloji baxış tərzidir. Dini yaxşı bilən psixologiyanı, psixologiyanı yaxşı bilən də dini qəbul edir. Söhbət əsl bilənlərdən gedir. Yəni biri var fanat olmaq, biri də var öyrənmək, götür-qoy etmək. Mən öz həyat təcrübəmə əsaslanaraq deyirəm ki, hər şeydən bizə lazım olanları götürməliyik.

- Bu sahədə cəmiyyətə daha hansı yenilikləri təqdim etmək istərdiniz?

- Mənim bu sahədə hələ reallaşdıra bilmədiyim bir sıra planlarım durur. Məsələn, müəyyən qrup insanlar var ki, onlar ömrünün çətin günlərini yaşayır. Məsələn, onkoloji xəstələr. Onların psixoloji vəziyyətini çoxları nəzərə almır, ötüb keçirlər. Hamı onu ancaq ayaqda saxlamağa çalışır. Nə ailənin içində xəstəyə baxanların, nə də xəstənin psixoloji vəziyyətini nəzərə alan olur. Onlara heç kim stimul vermir. Nəticədə xəstə "həyatdan tez gedim, canım qurtarsın" deyir. Mənim arzularımdan biri onkoloji xəstələrə psixoloji təlimlər keçməkdir. Yəni onlara yaşadığı dövrü, bu dövrü gözəl keçirməyi başa salaq. Onlara baxan ailə üzvlərini, yaxınlarını başa salaq ki, siz bu qulluğu eləməklə xəstəyə fiziki cəhətdən kömək edirsiz, amma onlara mənəvi cəhətdən də güc vermək lazımdır. Axı, insan öləcəyi saatı saymamalıdır.

- Yeni qurum olaraq, yəqin, gələcək planlarınız çoxdur...

- Planımızda xeyriyyə işləri birinci yerdə dayanır. Qocalar evinə, uşaq evinə getməyi planlaşdırırıq. Məqsədimiz onları sevindirməkdir. Bizim bir çox layihələrimiz var. Düşünürük ki, xarici şirkətlərlə və xaricdə olan psixologiya mərkəzləri ilə müştərək layihələr həyata keçirək.

Naibə Qurbanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm