Şok endirim: 2 manata ayaqqabı, yalvaran satıcılar - Bakı metrosundan REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Şok endirim: 2 manata ayaqqabı, yalvaran satıcılar - Bakı metrosundan REPORTAJ - FOTOLAR

Şok endirim, yalvaran satıcılar - Bakı metrosundan REPORTAJ

Mart ayının 27-ə qədər metropolitenin içrisindəki ticarət obyektlərinin tamam yığışdırılacağı xəbərindən sonra sözügedən obyektlərdə satılan mallar şok qiymətlərə təklif olundu.

Bu xəbəri eşidən paytaxt sakinləri isə fürsəti əldən verməmək üçün metrolara axışmağa başladılar.

Elə mən də… Fikirləşdim ki, bir jurnalist olaraq gedib bir reportaj hazırlayım, vəziyyətlə yerindəcə tanış olum, həm də cib kisəmə uyğun olaraq yüngülcə bazarlıq edim.

Necə deyərlər həm ziyarət, həm ticarət… Onu da deyim ki, 20 Yanvar istiqamətinə hərəkət edən 199 saylı avtobusun əksər sərnişinləri elə deyəsən hamılıqla alış-verişə gedirdi. Çünki avtobusda ağız deyəni qulaq eşitmirdi: “Ə, deyirlər şok endirimdir. Gedirəm özümə şalvar almağa…”

20 Yanvar metrosunda isə gözlədiyimin tam əksinə, bizim tərəfin təbirincə desəm, “eycahanlıq” idi. Əlimi bir-iki koftaya atdım şok endrimin dadını çıxarım, gördüm ki, yox e, burdakılar heç də mallarını satıcıların diliylə desəm, çölə atmaq fikrində deyillər. Hətta bəziləri ticarət obyektlərinin yığışdırılacağı xəbərindən deyəsən heç xəbərdar da deyildilər.

Çünki “sizdə endirim yoxdur”-sualından çaşıb qalan satıcı qadınlar, söhbətin nədən getdiyini anlaya bilmədilər. Lap əsəbiləşdim: “Ay balam siz heç televizora-zada baxmırsınız?”Qadan alım, televizora baxmağa vaxtmı var, “səhər naxıra, axşam axura”. Gedən kimi də başımızı atıb yatırıq”. Belə anladım ki, bunlar hələ də sözün hər iki mənasında yuxudan ayılmayıblar.

Dediklərinə görə, onlara məlumat verən olmayıb, odur ki, hər kəs öz işindədir, müştərisini gözləyən kim, müştəri xanımlara dil tökən kim. Bir xanımın ayağına ayaqqabı geyindirə-geyindirə, “gör ayaqlarına nə gözəl yaraşır”,-deyə qızı həvəsləndirən gənc satıcı oğlan “ay xanım biz öz işimizdəyik. Bizi köçürən-zad yoxdur, amma deyəsən, siz lap dirəşibsiniz e...” Amma beləysiylə çənə-boğaz etməyə halım yox idi; bir yandan tələsirdim, bir yandan da bu zəhirmar qrip məni lap əldən salmışdı.

20 Yanvarda çox dayanmadım, üz tutdum “Gəncliy”ə…Hə, burda vəziyyət ayrı cür idi. Şok qiymətlər, əməlli-başlı alış-veriş. Xəlvətliyə salıb fotoları çəkməyə başlamışdım ki, hay düşdü, deysən jurnalistdir. “Ay xanım sən Allah, şəkil-zad şəkmə, mənim əsgim tüstülüdür, onsuz da başımıza daş duşub, sən də bir yandan "mazqimizi" çürütmə…”

İşə yaxınlıqdakı polis qarışmalı oldu. Diri tərpənib, əlimdəki fotoaparatımı vaxtında cibimdə gizlətməsəydim, yəqin ki, iş böyüyəcəkdi. Alış-veriş etdiyimi deyib, tezcə geyimlərə yaxınlaşıram. Burda doğrudan da şok endirimlər var idi. Metrostansiyalarının keçidlərindəki köşklərdə “bütün mallara endirim” yazısı göz deşirdi.

Satıcılardan biri adının çəkilməməsi şərtilə danışmağa razılıq verdi: “Görürsünüz, satılan malların hamısına 20-50 faiz endirim etmişik. 25 manatlıq şalvarları 10 manata, 30 manatlıq çantaları 15 manata satırıq. Neyləyək, hamısı əlimizdə qalıb. Satılmayanları da aparıb yığacağıq evimizə. Bizə deyiblər yığışın, martın 27-ə qədər vaxtınız var. Amma deyən yoxdur ki, sonra harda malımızı sataq.

İnan Allaha azı üç bankdan kredit götürmüşəm, ödəməsəm, gəlib özümü də giov aparacaqlar, arvad-uşağa kim baxacaq bilmirəm”. Metronun “Nərimanov” stansiyasındakı ticarət köşklərində də eyni vəziyyət idi. Satıcalar az qala müştərilərə yalvarırdılar: “Alın aparın, malımız əlimizdə qalmasın. Neçəyə istəyirsinizsə, veririk, vallah mayasından da aşığı qiymətə təklif edirik”.

Satıcılara lap ürəyim ağrıdı, imkanım olsaydı, burdakı malların hamısını alıb aparardım…Amma gücüm çatanları aldım-30 manatlıq şalvarı, 15 manata, 25 manatlıq çantanı 10 manata, 7 manatlıq ayqqabını isə 3 manata…

Bəzi satıcar isə bu şok endrimə baxmayaraq alverin zəif olduğunu dedilər. Səbəbini isə camaatda pulun olmaması ilə əlaqələndirdilər: “Ay bacı, sənin başına dönüm, camaatda pul ola ki, gərək gəlib mal ala də. Pulu olan da gedib “Tarqovı”dan bazarlıq edir, deyir gərək mənim arvadım “Korolina”dan geyinə…”

Digər metrostansiyalarda da eyni vəziyyət yaşanırdı. Şok endrimlər hələ davam edəcək. Alıcılar pul arzulayıram ki, satıcıların malları əllərində qalmasın.

Qeyd edək ki, mart ayının 27-ə qədər metropolitenin içərisindəki ticarət obyektləri tamam yığışdırılacaq. Metropolitenin keçidindəki ticarət obyektlərinin isə nə zaman köçürüləcəyi barədə məlumat verilməyib.

Cəvahir Səlimqızı

FOTO: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm