Binə qəsəbəsi təhlükədə: qaz boruları torpağa basdırılır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Binə qəsəbəsi təhlükədə: qaz boruları torpağa basdırılır – FOTOLAR

Binə qəsəbəsi – Atçılıq Mərkəzinin yaxınlığında qəsəbəyə gedən qaz boruları torpağa basdırılır.

Sakinlərin Publika.az-a bildirdiyinə görə, yolun kənarında yerləşən obyekt sahibləri qarşıdan keçən qaz borularının üzərində tikinti işləri aparırlar. Redaksiyamıza göndərilən fotolarda da boruların bir hissəsinin torpağa basdırıldığı, hətta bir hissəsinin üzərinə mişar daşı töküldüyü aydın görünür.

Əslində, açıq havada olmalı olan qaz borularının bu şəkildə torpağa basdırılması sakinlərin həyatını təhlükəyə atır.

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımovun Publika.az-a bildirdiyinə görə, qaz borularını torpağa basdırmaq qəti qadağandır:

“Əvvəla, qəsəbəyə gedən həmin ana xətdən sağa və sola qoruq zonası sayılır və orada hər hansı torpaq işləri aparmaq, qazmaq və basdırmaq qadağandır. Digər tərəfdən, Abşeron torpaqları aqressiv qrunt zonaya aid olduğundan burada olan qaz boruları torpağın altında tez aşınmaya məruz qalır”.

Mütəxəssis hesab edir ki, yalnız bir halda - izolyasiya olunaraq və “Azəriqaz” İB-in xüsusi icazəsi ilə qaz boruları torpağa basdırıla bilər. Boruların üzərinə daş tökmək isə ümumiyyətlə yolverilməzdir.

“Üzərinə daş tökülərkən borular partlaya bilər. Bu da həmin ərazidə yaşayan sakinlərin həyatına təhlükəyə deməkdir. Borular torpaqla təmasda aşınmaya məruz qalır, bu zaman boru deşilir və yaşayış evlərinin altına qaz sıza bilər. Həmin hissədən yeraltı kabellər keçərsə, oradan sızan cərəyanla kontakt verə və partlayışa səbəb ola bilər”,- deyə mütəxəssis bildirib.

Məsələni araşdırmaq üçün Xəzər Rayon İcra Hakimiyyətinə, Binə qəsəbəsinin bələdiyyəsinə və rayon qaz istismar sahəsinə zəng etsək də, məsələdən məlumatsız olduqları bəlli oldu. Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Kərimovun Publika.az-a bildirdiyinə görə, problem araşdırılacaq və müvafiq tədbir görüləcək.

“Azəriqaz” İB-in Xəzər rayon qaz istismar sahəsinin mühəndisi Zamin Fətullayev Publika.az-a bildirdi ki, ərazidəki vəziyyətlə tanış olub. Onun sözlərinə görə, qaz boruları torpağın altından çıxarılacaq və həmin hissədə qapı-keçidlər qoyulacaq.

Problemi diqqətdə saxlayacağıq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm