Yeni yol çəkilir – FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Yeni yol çəkilir – FOTO/VİDEO

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolu çəkilir. Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun uzunluğu 54 kilometrdir. Hazırda yolun III texniki dərəcəyə uyğun yenidənqurulması işləri davam etdirilir. Layihə üzrə yolun hərəkət zolaqlarının sayı 2 olmaqla ümumi eni 12 metrdir. Bura 8 metr yolun hərəkət hissəsi, hər tərəfdə 2 metr olmaqla çiyinlər daxildir. Asfalt-beton örtüyünün qalınlığı 25 santimetrdir.

Hal-hazırda layihə üzrə sözügedən yolda bir-neçə istiqamətdə işlər aparılır. Belə ki, Padardan Şamaxı istiqamətinə 0-10-cu kilometrliyində işlər tam olaraq yekunlaşdırılıb. 10-27-ci kilometrlik hissəsində 3 qat asfalt-beton örtük döşənərək, çiyinlər bərkidilib. Yolun 27-37-ci kilometrlik hissəsində mövcud yol yatağı 2,5-3,5 metr qazılır, sağlamlaşdırma işləri gedir. Yararsız torpaq çıxarılaraq yerinə karbonat material doldurulur və üzərinə qırmadaş qarışığı ilə əsas tikilir. Bundan başqa sürüşmə zonasında əlavə tədbirlər görülərək, su axıdıcı qurğuların tikilməsi nəzərdə tutulur.

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunun 39-cu kilometrliyindən Şamaxıya doğru 6 kilometrlik hissədə artıq 3 qat asfalt-beton örtük döşənib və bu istiqamətdə işlər davam etdirilir. 45-53-cü kilometrlik hissədə isə yol yatağının əsası tikilir. Yolun 54-cü kilometrlik hissəsində sel daşqınlarının qarşısını almaq üçün kiçik su ötürücüləri tikilir. Yolda ümumilikdə 45 su ötürücüsü və 2 alt keşidin inşası aparılır.

Layihənin əhəmiyyəti kifayət qədər böyükdür. Çünki sözügedən avtomobil yolu yenidənqurulandan sonra cənub və aran rayonlarından Şamaxı şəhərinə və əksinə məsafə dəfələrlə qısalacaq. Bu layihənin reallaşması yol üzərində yerləşən yaşayış məntəqələrinin inkişafı baxımından da çox böyük əhəmiyyət daşıyır.

Şamaxı-Göylər-Padar Çöl avtomobil yolunda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm