Qurbanlıq heyvanı haradan alaq? – BAYRAM PROBLEMİ
Bizi izləyin

Qırmızı.az

Qurbanlıq heyvanı haradan alaq? – BAYRAM PROBLEMİ

Qurban bayramına bir aydan az vaxt qalıb. Hər il olduğu kimi, bayram ərəfəsində ilk ağla gələn təmizlik və qiymət olur. Çünki bir neçə gün davam edən bayram günlərində paytaxt az qala qan gölünə çevrilir. Kim harada gəldi bir ərazini hasara alıb heyvanları toplayır və günü çatanda kəsir.

Əlbəttə, harada gəldi satılan bu heyvanların qiyməti də satıcının istəyinə uyğun olur. Ehtiyacın artdığını görən satıcılar qiyməti elə həddə qaldırırlar ki, bir çoxu heyvan almadan geri qayıtmalı olur. Bəs bu il vəziyyət necə olacaq? Aidiyyəti qurumlar qurban kəsimi və satışına necə nəzarət edəcəklər?

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Publika.az-a açıqlamasında hələ Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlərlə bağlı əmr verilmədiyini, lakin heyvanların satışdan əvvəl yoxlanacağını deyib:

“Baytarlıq nəzarət sənədi olan, termometriyə olunan heyvanların satışına icazə veriləcək. İş adamlarının diqqətinə çatdırmaq istəyirik ki, sonradan cərimə və digər problemlərlə qarşılaşmamaq üçün vaxtında baytarlıq sənədləri alsınlar. Yalnız kəsim və satış üçün ayrılmış yerlərdə satış həyata keçirsinlər. Bakıda 10 kəsim məntəqəsi fəaliyyət göstərir və onların əraziləri də yetərincədir. Sahibkarlara da məsləhət görərdik ki, qurbanlıq üçün gətirdikləri heyvanları məhz bu məntəqələrdə kəsdirsinlər. Bundan başqa, Bakıda 27, respublika ərazisində 104 stasionar baytarlıq sanitariya laboratoriya məntəqəsi fəaliyyət göstərir. Hər bir laboratoriya həm Qurban bayramı günləri, həm də ondan əvvəl və sonrakı günlərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Güman edirik ki, hər şey qaydasında olacaq”.

Bayram günləri yol kənarlarında satılan heyvanlara nəzarət edilməsinə gəldikdə, Y.Xanvəli bunun mümkün olmadığını deyib:

“Həmin obyektlərə satış üçün ərazi rayon icra hakimiyyətləri tərəfindən verilir. Onlara post-patrul xidmətləri nəzarət edir. Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzləri də həmin satış məntəqələrində yoxlamalar aparılmalıdır. Hər bir təşkilat öz üzərinə düşən məsuliyyəti hiss etməlidir. Qurbanlıqla bağlı bütün məsələləri Dövlət Baytarlıq Nəzarət Xidmətindən tələb etmək doğru deyil. Bizim işimiz heyvanların sağlamlığına və ətinin keyfiyyətinə nəzarət etməkdir. İctimaiyyət də bu məsələyə nəzarət etməli, yol kənarında necə gəldi satılan heyvanları almamalıdır. Yalnız icazəsi olan şəxslərdən heyvan ala bilərlər. Rayondan gətirilən heyvana Forma1 baytarlıq sənədi verilir. Heyvanlar həmin sənəd əsasında texniki baxışdan keçirilir. Heyvanın sağlamlığı yerindədirsə, satışa icazə verilir. Lakin onun harada satılması icra hakimiyyətləri ilə razılaşdırılır. Küçədə satılan heyvanlara nəzarət etməyimiz mümkün deyil. Yol kənarında satılan heyvanlarla bağlı il ərzində bir neçə müraciət olur”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Publika.az-a açıqlamasında bildirib ki, hər il Qurban bayramı öncəsi bazarlarda və satış məntəqələrində süni qiymət artımının qarşısını almaq üçün monitorinqlər aparırlar:

“Bayramdan əvvəl, həmin günlərdə əhalinin heyvan ətinə olan tələbatını nəzərə alaraq nəzarət tədbirlərini gücləndiririk. Əvvəlki illərdə olduğu kimi bu il də bazara intensiv nəzarət olacaq. Nəzarət həm bayram günləri, həm də sonrakı günlərdə davam edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm