“Space”-in, “ATV”-nin zibillikdə yaşayan keçmiş əməkdaşı: “11 ildir küçələrdəyəm” – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

“Space”-in, “ATV”-nin zibillikdə yaşayan keçmiş əməkdaşı: “11 ildir küçələrdəyəm” – FOTOLAR/VİDEO

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsindəki zibillikdə köhnə taxtalardan qurulmuş, içi qaranlıq, rütubət olan balaca koma var. İşığı, qazı, suyu olmayan daxmada hələ 1 yaşında ikən ata, 11 yaşında isə ana qayğısından məhrum olmuş 22 yaşlı gənc yaşayır. Adı Əvəz olan gənc zibilxanadakı komanı özü və dostları tikib. Buna qədər isə elə zibillikdəki göyərçin damında gecələyirmiş.

Publika.az-ın Əvəz Əsgərovla müsahibəsini təqdim edir:

Ata-anam, qardaşım, bacım yoxdur

Məlum oldu ki, hələ erkən yaşlarından həyatın hər cür çətinlikləri ilə üzləşmiş bu insan indi də ağır problemlər məngənəsində sıxılır: “Anam 2004-cü il fevralın 24-də dünyasını dəyişib. Atam haqqında heç bir məlumatım yoxdur. Bircə onu bilirəm ki, mən körpə olanda bizi atıb və indi Ukraynada yaşayır. Əvvəllər bir neçə dəfə telefonla danışmışıq. Lakin bir neçə il əvvəl telefonum oğurlandı deyə onun əlaqə nömrəsini itirdim. Qardaşım, bacım yoxdur”.

Əvəz 21 saylı orta məktəbi cəmi üçüncü sinfə qədər oxuya bilib: “Bir müddət anamla müxtəlif ərazilərdə kirayənişin qaldıq. Sonra Yasamaldakı evimizdə (17 a ünvanında) 5 ögey bacı-qardaşımla bir yerdə yaşamağa başladım. Evimiz “ASAN xidmət”in arxasında – 11-ci “Xriptoviy” adlanan ərazidəydi. Mənzil anamın idi, lakin birinci həyat yoldaşının adına rəsmiləşdirmişdi”.

Ana bir, ata ayrı qardaş olan uşaqlar evdə yola getməyiblər: “Onlar hər gün məni incidirdilər. Acılayır, üstümə qışqırırdılar. Otaqların sayı 8 olsa da, məni özlərinə çox görürdülər. Qardaşlarımın hamısı həbsxana həyatı yaşayıb. Narkotik satırdılar. Soruşurdular ki, niyə bizə qoşulmursan? Ataları da oğlanlarını tovlayırdı ki, nə üçün onunla bir evdə yaşayırsınız? Buna görə də 2004-cü ildə məni evdən qovdular. Parklarda, küçələrdə gecələməyə başladım”.

“Space”-də, “ATV”-də, internet televiziyalarda işlədim

3D, fotoshop və digər kompüter proqramlarını mükəmməl bilən müsahibim hətta sayt yığmağı da bacarır: “Kompüter proqramlarını internet klublarda öyrəndim. Bəzilərini də dostlar öyrətdi. 2006-2007-ci illərdə “Space” telekanalında, sonra “ATV”-də, habelə internet televiziyalarda montajçı-dizayner işlədim. “Space”də dizayner işləyəndə xəbərləri PTS-lə efirə ötürürdüm. Həm də montaj işi ilə məşğul idim. 2007-ci ildə əməkhaqqımızı iki dəfə azaltdılar. Buna görə işdən çıxdıq. 2008-2009-cu illərdə ATV-də işlədim. Lakin ordan da uzaqlaşdırıldım. Şəxsiyyət vəsiqəmi itirmişəm deyə indi daimi iş tapa bilmirəm”.

11 ildir küçələrdə qalan gənc bu illər ərzində müxtəlif yerlərdə gecələyib: “Əvvəllər gecələr parklardakı oturacaqların üstündə yatırdım. Qışda soyuqdan donmamaq üçün metroya girirdim. Qatarlarla stansiyaları gəzirdim ki, guya harasa gedirəm. Küçələrdəki zibil yeşiklərindən köhnə, qalın paltarları tapıb, üst-üstə geyinirdim ki, soyuqdan donmayım”.

Artıq bir ildir bu zibilxanada qalıram

Şaxtalı qış gecələrini bəzən ayrı-ayrı obyektlərin qarovulçularının köşklərində keçirib: “Artıq bir ildir bu zibilxanada qalıram. Bir neçə ay göyərçin damında gecələdim. Lakin onun içi çox darısqaldır. Üstəlik, içəridə böcəklər, həşəratlar var deyə gecə qorxuram. Bir neçə gün əvvələ qədər komanın içindəki göyərçin damında qaldım. Ona görə də koma tikmək qərarına gəldim. Bu “ev”i dostlarımla tikdik. Sökülən evlərin taxtalarından istifadə etdik. Lakin gecələr onun da içində qırxayaq və həşəratlar olur.

Dostlar, qonşuluqdakı Mədinə xala sağ olsun, gündəlik yeməyimi verirlər. Günorta dostlardan biri konserv və çörək almışdı, onu yedim. Sağ olsunlar, bəziləri evindən boşqab, qab, paltar gətirirlər. Yaxınlıqda meyvə-tərəvəz mağazası var. Arada ora gedib çay içirəm”.

O, yuyunmaq məsələsini də birtəhər həll edir: “Gecələr çöldə saat 3, ya da 4-də çimirəm, hamı yatandan sonra.

Zibilxanalara atılan paltarları yığıb geyinirəm. Bəzi sakinlər geyinilmiş, köhnə paltarları zibil yeşiklərinin yanına qoyub gedirlər ki, ehtiyacı olanlar götürsünlər. Mən də götürüb geyinirəm. Elə əynimdəki paltarı da zibilxanadan tapmışam. Köhnə olsa da, hələlik geyinmək olar. Ayaqqabımı da zibil yeşiyindən tapdım. Düzdür, ayaqqabılar cırılıb, amma yağışlar başlayana qədər geymək olar.

Döşəyimi, yorğanımı zibilxanalardan tapdım. Komanın qapısı olmadığından üç gün əvvəl kimsə 10 manatımı oğurladı.

Yemək məsələsini də birtəhər həll edirəm. Xeyirxah insanlar sağ olsunlar, kömək edir, mənə yemək, çörək verirlər. Bəzən özüm iş tapıb işləyirəm - yük, qum, sement, daş daşıyıb 5-10 manat alıram. Həftədə 3-4 dəfə iş olur.

Sonuncu dəfə iki gün əvvəl işləmişəm. On manat zəhmət haqqı verdilər. Dünən də sifariş olmalıydı, amma nədənsə olmadı”.

“Youtube”a 140 proqram videosunu yükləmişəm”

Özünün dediyinə görə, əvvəllər kompüterlə bağlı iş təklifləri olub. Lakin bunlar əsasən qanunsuz işlər imiş: “Məsələn, təklif edirdilər ki, kompüterdə hansısa bankın sənədlərindəki rəqəmləri fotoşopla, ya da digər proqramlarla dəyişim. Ona görə də razılıq vermədim. “Youtube”da 140 proqram videosunu yükləmişəm. Həmin videoları özüm hazırlamışam”.

Komanın qarşısı zibilxana olsa da, o, burda qalmağı küçələrdə, parklarda yatmaqdan üstün tutur: “Yerdən yerə fərq var. Hər yerdə gecələmək, qalmaq olmur. Küçələrdə gecələyəndə əyyaşlara rast gəlirdim. Şükür Allaha ki, narkomanlar qarşıma çıxmayıb”.

Yaxın dostu Rəşad Quliyev deyir ki, gecə saat 1-ə qədər Əvəzin yanında olur ki, qorxmasın.

Yasamal sakini Samir Məmmədovun sözlərinə görə, Əvəzi dəfələrlə küçələrdə yatan görüb: “Onu tanıdıqdan sonra əyyaş, oğru, ya da avara olmadığı qənaətinə gəldim. Buna görə də ona kömək edirəm. Nə siqaret çəkir, nə araq içir. Avaralıqla məşğul olmur, tüfeyli həyat tərzi sürmür. Bir neçə dəfə onu kompüterdə işləyən gördüm. Heç ağlıma da gəlməzdi ki, belə bilikli, bacarıqlı oğlan küçədə yaşayır”.

Müsahibimin ağır həyat şəraiti onun tanışlarına elə pis təsir edib ki, Əvəzə kömək etməyi özlərinə mənəvi borc bilirlər: “Dünən səhər gəlib gördüm ki, kolbasa-çörək yeyir. Çay olmadığından su içir. Bu şəraitdə necə çay dəmləsin. İmkanım daxilində ona tez-tez yemək gətirirəm.

Bəzi adamlar Əvəzi həyətlərində fəhlə kimi işlədirlər. 15 manat zəhmət haqqı olan işə görə cəmi 5 manat verirlər”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm