Yeraltı əməliyyat və ya Bakı metrosunun tükənməyən problemləri - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Yeraltı əməliyyat və ya Bakı metrosunun tükənməyən problemləri - ARAŞDIRMA

Avqustun 8-dən paytaxtın ictimai nəqliyyatı vahid kart sisteminə keçib. Bu sistem hələ ki yalnız metroda tətbiq olunur. Yaxın zamanda bir sıra avtobuslar, növbəti il isə bütün avtobuslar bu ödəniş sisteminə keçəcək.

Bir aya yaxındır istifadə olunan yeni kartların ətrafında müzakirələr davam edir. Sakinlərin hələ də yeni kartdan istifadəyə öyrəşməməsi bir tərəfə, ödəniş aparatları və turniketlər bəzi stansiyalarda sıxlığa səbəb olur.

Aparatlar yetərsizdir?

“Memar Əcəmi”, “20 Yanvar”, “Həzi Aslanov” stansiyalarında yükləmə aparatlarının sayı sərnişinlərin sayı ilə tərs mütənasibdir. Aparat çatışmazlığı səhər saatlarında metroda qıtlıq illərinin çörək növbələrini xatırladan basabas yaradır. Metronun girişinə qədər uzanan növbədə səbir edib gözləyəndə isə aparatda qadağa ilə qarşılaşırsan. Məlum olur ki, aparat pulla dolub və boşaltmaq üçün adam çağırılıb. Kosmosdan yerdəki aparatların idarə olunduğu vaxtda aparatın dolmasını avtomatik məlumat verəcək sistemi qurmaq bu qədərmi çətindir? Aparatları gecə boşaltmaq olmazmı ki, sərnişinlər bu problemlə qarşılaşmasın?

Metro tarixinə ekskursiya

Uzun növbədə güclə kartına pul yükləyən sərnişin bu dəfə ona uyğun turniket axtarışına çıxır. Köhnə kartların istifadəsini nəzərə alaraq onlara uyğun turniketlərin hələ də saxlanması anlaşılır və təqdir edilir. Lakin jeton dövründə istifadə edilən turniketlərin hələ də saxlanması səbəbini anlaya bilmirik. Yolu “Həzi Aslanov”, “Memar Əcəmi” stansiyalarından düşənlər metroda üç nəsil ödəniş sistemini eyni vaxtda görə bilərlər.

“Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında yaşanan problemlərə aydınlıq gətirib.

“Yükləmə aparatlarında yaranan problemə görə metropoliten əməkdaşları tərəfindən “Bakı Kart”a məlumat verilir, məsələ aradan qaldırılır. Aparatların dolması və digər problemlə bağlı sualları “BakıKart” cavablandıra bilər. Biz aparatlara müdaxilə edə bilmirik, yalnız nəzarət edirik”.

Aparatların sayının az olmasına gəldikdə, N.Paşayev bu məsələnin gündəmdə olduğunu dedi:

“Biz “BakıKart”la danışıqlarımızı davam etdiririk, prosesə yeni başlayanda təxminən 50 aparat quraşdırmağı planlaşdırmışdıq. Lakin sonradan ehtiyacın çox olduğunu nəzərə alaraq say artırıldı. Hazırda onların sayı 120-dən çoxdur. Bu prosesi mərhələli şəkildə həyata keçiririk. Həmçinin metrodan istifadəçilərin sayı və digər məsələlər analiz ediləndən sonra bu aparatların sayını artırırıq. Hər gün turniket və aparat sayında artım olur.

Stansiyalarda səhər saatlarında kartla ödəniş aparılarkən yaşanan sıxlığı özüm də müşahidə etmişəm. Lakin vətəndaşlarla söhbət zamanı da müşahidə etdiyimiz məqam problemin yalnız aparatların sayı ilə əlaqədar olmadığını göstərir. Bir aydır “BakıKart”ın satışına başlanılıb, lakin sərnişinlər yalnız sentyabrın 1-dən kütləvi halda kart almağa başlayıb. Düşünürəm ki, sıxlığın əsas səbəbi budur və bir həftədən sonra problemin aradan qalxacağı ehtimal edilir”.

Jeton vaxtı istifadə edilən turniketlərin hələ də mövcud olmasına gəldikdə, N.Paşayev bu məsələ ilə bağlı ilk dəfə bizdən eşitdiyini dedi:

“Normalda jeton turniketləri olmamalıdır. Çünki metrodan jetonla ödəniş çoxdan ləğv edilib. Bu məsələ ilə bağlı müvafiq şöbə ilə danışıb məsələni araşdıracam”.

“BakıKart” tam fəaliyyətə başlamayıb

Problemin digər tərəfi isə “BakıKart”dır. Saytları fəaliyyətsiz olsa da, kartın üzərində qeyd olunan nömrələrlə əlaqə saxladıq. Suallarımıza cavab olaraq bildirdilər ki, aparatların dolması ilə bağlı problemdən xəbərdardırlar.

“Bizdə elə bir sistem qurulub ki, aparatlardakı bütün əməliyyatları kənardan müşahidə edə bilirik. Aparatın dolması və ya həmin dolma mərhələsinə çatması barədə sistemə avtomatik məlumat ötürülür. Həmçinin stansiyalarda əməkdaşlarımız sərnişinlərə pul yükləmə və digər köməkliyi göstərir. Problem yarananda onlar bizə məlumat verir, əməkdaşlarımız aparatları boşaldır. Lakin bəzi sərnişinlər çox səbirsizlik edir və 5-10 dəqiqə gözləmək istəmir. Stansiyalarda səs-küy yaradırlar. Lakin nəzərə almaq lazımdır ki, sistem yeni qurulub, texniki problemlərin aradan qaldırılması üzərində iş aparırıq”.

Əvvəldən problemin yaşanacağı sistemdə görünürsə, stansiyadan məlumat veriləndən sonra tədbir görülməsinə isə “BakıKart” izahat verə bilmədi.

“Bakı Metropoliteni” QSC niyə bu qədər kasıbdır?

“Üstü bəzək, altı təzək” burada deyiblər. Bakının üstü meqapolisi xatırladır, altı SSRİ-nin qılıncının dalı-qabağı kəsdiyi illəri… Söhbət metrostansiyalara daxil olan şəxsdə yaranan ilk təəssüratdan gedir. Əslində isə dövlətimiz Metopolitenə qayğısız yanaşmır.

“Bakı Metropoliteni” dövlət büdcəsindən bir neçə istiqamət üzrə pay alır. Bunun birincisi subsidiyalardır. Məsələn, cari ildə büdcənin nəqliyyat və rabitə xərclərindən Bakı Metropoliteninə 38 milyon manat vəsait ayrılıb. Xərc üzrə təsnifatda qeyd edilib ki, hazırda metroda gediş haqqı 20 qəpikdir. Lakin real sərnişindaşıma baha başa gəldiyindən və metrodan əhalinin aztəminatlı hissəsi daha çox istifadə etdiyindən real gediş haqqı xərcinin qalan hissəsinin ödənilməsi üçün büdcədən 38 milyon manat yardım olunacaq. Onu da xatırladaq ki, 2014-cü ildə həmin rəqəm 36 milyon manat təşkil edib.

İkinci istiqamət Bakı Metropolitenin investisiya xərcləri çərçivəsində büdcədən aldığı vəsaitlərdir. Düzdür, cari ildə Metropolitenin investisiya xərcləri çərçivəsində büdcədən nə qədər vəsait aldığına dair rəqəmlər açıqlanmır. Lakin büdcəyə nəzər yetirdikdə Metropolitenin az vəsait almadığını təxmin etmək olur. Konkret olaraq, 2015-cü ilin büdcə xərclərində dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən təqdim edilən xərclər üzrə büdcə sifarişlərinin 79,8 faizi həcmində vəsait 2015-ci il dövlət büdcəsinin xərclərində nəzərə alınıb. Dövlət büdcəsindən isə əsaslı xərclər üçün 9366,0 milyon manat( bu xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 44,4 faizdir) ayrılıb. İnfrastruktur layihələrinə 5 109 666,0 min manat nəzərdə tutulub. Bunun da 2 240405,2 min manatının nəqliyyata yönəldilməsi planlaşdırılıb. Nəqliyyata yönəldilən 2 240405,2 min manatın 1 385 823,0 min manatı əsaslı vəsait qoyuluşu hesabına, 854 582,2 manatı xarici kreditlər, 111 487,0 min manatı Neft Fondunun transfertləri hesabına təmin edilib. Nəzərə alsaq ki, Metropoliten də bu vəsaitlərdən bəhrələnir, bu qədər xərcləmənin fonunda idarənin nə xidmət səviyyəsində, nə qatarlarında, nə də stansiyalarında keyfiyyət dəyişikliyi var.

Daha bir fakt. Milli Büdcə Qrupunun 2014-cü ilin investisiya xərclərinə dair ilkin məlumatında deyilirdi ki, əsaslı vəsait qoyuluşu çərçivəsində Bakı Metropoliteni İdarəsinə 224 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə dövlət investisiya proqramında Bakı Metropoliteninə 164 milyon 300 min manat vəsait ayrılıbmış. Həmin vəsait 6 maddə üzrə bölünübmüş. Belə ki, ayrılan pulun 70 milyon manatı Bakı Metropoliteninin V növbəsi üzrə “M.Əcəmi-2 keçid -Avtovağzal” stansiyaları, stansiyalararası tunellərin tikintisi və obyektlərin köçürülməsinə, 60 milyon manatı Bakı Metropoliteninin III növbəsinin şimal sahəsinin tikintisi çərçivəsində 6-cı stansiyanın və Deponun tikintisi, infrastrukturun köçürülməsi və əhaliyə kompensasiyaların ödənilməsinə, 20 milyon manatı “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı xərclərə, 8,3 milyon manatı “Məşədi Əzizbəyov” stansiyasının yenidən qurulmasına, 3 milyon manatı 6-cı stansiyanın istismara verilməsi ilə əlaqədar yerüstü sahənin abadlaşdırılmasına, 3 milyon manatı Metropoliten üçün avadanlıqların alınmasına xərclənməsi nəzərdə tutulub. Əlavə şərh vermədən sadəcə metronun sözügedən stansiyalarının real vəziyyətini yada salın və pulların nə dərəcədə “səmərəli” xərcləndiyinə dair təsəvvürünüz yaranacaq.

Leyla Əliyeva

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm