• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dərsə gedən bir uşaq... Bəs iki uşağın məktəb xərci nə qədərdir? - ARAŞDIRMA

Dərsə gedən bir uşaq... Bəs iki uşağın məktəb xərci nə qədərdir? - ARAŞDIRMA

“Bu il məktəbə üç uşaq göndərməliyəm. Avqustdan hazırlığa başlasam da, hələ də alış-veriş bitməyib. Keçən il iki uşağın məktəbə getməsi ailəmizə 300 manata başa gəldi. Bu il biri də onlara qoşuldu, yəqin, xərcim ən azı 150 manat artacaq. Hələ ki dəftər-qələmdən başlamışam. Bazarı gəzib qiymətləri öyrəndikdən sonra alış-veriş edirəm. Bu il ötən illə müqayisədə qiymətlərdə artım var. Bəzi ləvazimatlarda elə də artım yoxdur. Dəftər-qələmə azı 100-200 manat xərcim çıxacaq. Bura geyim və çantaların pulunu da əlavə edin. Bir sözlə, avqust maaşımızı ancaq uşaqlara xərcləyəcəyik”.

Bunu yeni tədris ilinin ailələrinə sevincdən çox problem gətirdiyini söyləyən valideyn Sahibə Babayeva deyir.

Onun kimi bu günlərdə minlərlə ailənin də evində məktəb hazırlığı əsas mövzudur. Həm büdcəyə uyğun, həm də keyfiyyətli mal tapmaq heç də asan deyil. Bu baxımdan yüz ölçüb, bir biçmək lazımdır.

Yeni tədris ilinin başlanmasına iki həftədən az bir vaxtın qaldığını nəzərə alıb bir məktəblinin geyim, məktəb ləvazimatları xərcini araşdırdıq. Paytaxtın dəftərxana ləvazimatları satılan mağazalarında apardığımız müşahidələr zamanı valideynlərin çarəsiz durumda olduğunu müşahidə etmək mümkün idi. Tədris ilinin başlanmasına az qalsa da, mağazalarda qələbəlik hiss olunmurdu. Gələnlər də bir neçə qələm, karandaş, dəftər alıb digər qiymətlərlə maraqlanıb dükanı tərk edirdilər.

Mağazanın girişində qarşılaşdığımız Sevinc xanım əlindəki çantanı göstərərək pulunun hələ ki dəftər-qələmə çatdığını deyir:

“Vaxt var, yavaş-yavaş hamısını alacağıq. Amma uşaqları gətirmirəm. Onlarla gələndə çox şey istəyirlər, geri qaytarmağa da utanıb, hamısını alırıq. Özüm gələndə isə ancaq ehtiyac olanları alıram”.

Satıcılar isə alıcı qıtlığından şikayətlənirdilər. Azər adlı satıcı hələ ki qızğın satışın başlamadığını deyir:

“Sentyabrın 9-10-dan sonra alıcılar artacaq. Nədənsə, bizdə valideynlər məktəbə bir neçə gün qalmış təlaşa düşürlər. Onda da sıxlıq yaranır. Bəzən istədiklərini tapa bilmədiklərindən çatışmayan şeyləri almaq üçün məktəb başlayandan sonra yenidən gəlirlər”.

Bir uşağın məktəbə hazırlıq xərcinə gəldikdə, o, çantasız və geyimsiz azı 40-50 manat lazım olduğunu deyir.

“12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər 20, 60 vərəqli 40, 100 vərəqli 60 qəpik, karandaşyonan və pozan 50 qəpik, karandaşların qiyməti 1.50 manatdan, qələmlər isə 20-30 qəpikdən başlayır. Dəftər üzləri 5-30, xətkeş 50 qəpikdir. Hərəsindən də bir neçəsini alanda, təxminən 40-50 manat xərcin çıxır. Çantalar 20 manatdan başlayır, 100 manata qədər bahalaşır”.

Üz tutduğumuz digər mağazalarda da qiymətlər fərqli deyildi. Həsən adlı satıcı ibtidai siniflərlə yuxarı sinif şagirdlərinin məktəb ləvazimatlarının qiymətlərinin fərqli olduğunu deyir:

“İbtidai sinifdə ən çox rəngli karandaşlar, pozan, rəngli kağızlar, albomlara ehtiyac olur. Yuxarı siniflərdə isə ən çox qələm və dəftər alırlar. Bəzi valideynlər rənglərin sayı çox olan karandaşlar istəyir, bəziləri qiyməti az olanı axtarır. Ümumilikdə, seçim ən çox qiymətdən asılıdır. İbtidai siniflər üçün bir nəfərin xərci təxminən 150 manatdır. Əlbəttə, bu yalnız ucuz qiymətlərlə olan hesablamadır. Məsələn, 100 manata çanta almaq istəsəniz, daha çox “tərləməli” olacaqsınız”.

Satıcılar deyir ki, işini son məqama saxlayan valideynlərlə yanaşı, planlı “işləyənlər” də var.

“Məsələn, bu ilin tədarükünü hələ dərs ili başa çatan kimi görənlərə də rast gəlinir. Qiymətlərin bahalaşacağından ehtiyat edənlər iyundan gəlib 50-60 ədəd dəftər alıblar. Həmin valideynlər indi o qədər də xərcə düşmürlər”.

Qiymətin artmasına gəldikdə, satıcılar bunun çox olmadığını deyir.

“Dollara görə xaricdən idxal olunan məhsulların qiymətində artım var. Amma çox baha sata bilmirik, onda alan olmayacaq. Məsələn, dəftərləri baha alsaq da, ötənilki qiymətə satırıq. Əvəzində karandaş və digər məhsulların qiymətini 10-20 qəpik artırırıq”.

Qeyd edək ki, brend hesab edilən mağazalarda qiymətlər digərlərindən kəskin fərqlənir. Məsələn, adi mağazada 12 vərəqli dəftər 8-10 qəpikdir. 40 vərəqli Azərbaycan istehsalı olan dəftərlər 35-45 qəpik, Rusiya istehsalı olanlar 50-60 qəpik, Türkiyə istehsalı 70-90 qəpik təşkil edir. 100 vərəqli dəftərlər isə 50 qəpiklə 1 manat arasında dəyişirdi. Qələm 20 qəpikdən 1 manatadək, karandaş 10 qəpikdən 40 qəpiyədək, karandaş dəstləri 1 manat 20 qəpikdən 7 manatadək, xətkeş 20 qəpikdən 50 qəpiyədək, pərgar 1 manat 20 qəpikdən 8 manatadək, pozanın qiyməti isə 20 qəpiklə 1 manat arasında təklif edilir. Şəkil albomları 1 manat 50 qəpikdən başlayır.

Brend mağazalarda isə adi qələmlər 50 qəpik, dəftərlər 60 qəpikdən başlayırdı, karandaş dəstləri 8-30 manat arasında dəyişirdi. Qayçı 3-4 manat, çantalar 60-70 manatdan, pozan və karandaşyonanlar 1 manat 20 qəpikdən başlayırdı.

Məktəbli geyimlərinin qiymətinə gəldikdə, Bakı Tikiş Evinin məlumatına görə, 1-6-cı siniflər üçün kostyumun qiyməti 34 manat, əlavə köynək və jilet də götürmək istəsələr, bu halda onlar əlavə olaraq 12 manat (6 manat köynək, 6 manat jiletin qiyməti) ödəməlidirlər. Yuxarı siniflər üçün isə kostyumun qiyməti 43 manat təşkil edir. Köynəyin qiyməti 1 manat baha olsa da, jiletin qiyməti dəyişmir. Elə bir vəziyyət yaranıb ki, valideynlər bir dəstlə kifayətlənməyərək əlavə köynək və jilet alırlar.

Amma satışda bu geyimlərin saxta forması satılır. Onların qiyməti isə Bakı Tikiş Evindən azı iki dəfə aşağıdır. Həmin geyimlərin keyfiyyətsiz olması ilə bağlı fikirlər valideynlərin əl-qolunu bağlayır.

Bir sözlə, bir uşağı məktəbə tam hazırlamaq üçün valideyn orta hesabla 150 manat xərcləməlidir. İki-üç uşağı olanlar isə bu hesabdan özlərinə nəticə çıxara bilərlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR