• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ATV rəhbərliyinə sərt ittiham – “Bura Avropa deyil”

ATV rəhbərliyinə sərt ittiham – “Bura Avropa deyil”

ATV-də yayımlanan "Ümid var" verilişində Ağcabədidən olan bir nəfərin öz xanımının intim videosunu efirə göndərməsi və onun yayımlanması ictimaiyyət arasında böyük səs küyə səbəb oldu.

Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli Modern.az-a bildirib ki, məsələ diqqətə saxlanılır və hüquqi müstəvidə baxılacaq. Onun sözlərinə görə, əgər qanun pozuntusu varsa lazımi tədbirlər görüləcək. "Şura sədri və sadə bir vətəndaş kimi mən də bu cür sosial problemi olan, fiziki cəhətdən qüsurlu insanlar, ümumiyyətlə insanlar üzərində şou yaratmağı pisləyirik.

Biz bu cür verilişlərin Azərbaycan efirində olmasını istəmirik. Çox təəssüf ki, televiziya kanallarında özlərinə dırnaqarası reytinq qazanan aparıcılar, eləcədə kanal rəhbərliyi doğru yolda deyillər. Bura Avropa və ya başqa ölkələr deyil ki, hər bir şeyi açıq şəkildə yaysınlar".

ATV-də yayımlanan "Ümid var" verilişinə qadağanın qoyulması məsələsinə gəlincə isə MTRŞ sədri bildirdi ki, onların belə səlahiyyəti yoxdur. "Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Başqa ölkələrdə bu tip verilişlərlə bağlı qanunvericilik formasında Şuraya səlahiyyətlər verilir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur.

Məsələn qonşu Türkiyədə və başqa ölkələrdə bu cür verilişlər varsa Teleradio Şuraları onları müəyyən müddətə bağlaya bilir. Amma bizim Teleradio Yayımı haqqında qanunda bu yoxdur. Bu müddəa ilə bağlı dəfələrlə müvafiq instansiyalara təklif olunub. Təəssüflər olsun ki, hələ ki, bu təklif qəbul olunmayıb".

Məsələyə telekanaldan da reaksiya gəlib. Modern.az-a açıqlamasında ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu deyib ki, onlar ittihamları qəbul etmirlər: "Etik cəhətdən biz özümüz də evli adamların xəyanətinə dair iddialarının nümayiş olunması məsələsini qəbul etmirik". Onun sözlərinə görə, Ağcabədi rayon sakini ATV kanalına tamam başqa məsələdən ötrü müraciət edib.

"Sadəcə, həmin şəxs ATV-yə uşaqlarının hüquqlarının müdafiəsi üçün üz tutmuşdu. Müraciətdə uşaqlarının ona verilməsinə yardımçı olmaq xahiş olunurdu. "Ümid var" verilişi də bu məsələ üzərində qurulmuşdu. Sadəcə, canlı efir olduğuna görə belə bir vəziyyət yarandı. Artıq veriliş öz məcrasını dəyişdiyindən televiziya tərəfindən bu məsələ qapadılıb. Amma bu, "Ümid var"ın bağlanması anlamına gəlmir".

Qeyd edək ki, dünən ATV kanalında yayımlanan "Ümid var" verilişində bir Ağcabədi sakini öz xanımının xəyanətinə dair təqdim etdiyi video nümayiş olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR