Mənzillərin kommunal problemlərini kim həll etməlidir?
Bizi izləyin

Qırmızı.az

Mənzillərin kommunal problemlərini kim həll etməlidir?

Mənzil Məcəlləsinin qəbulundan 5 il keçməsinə baxmayaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması (MMMC) və binaların idarə edilməsi məsələsi hələ də həll ediməyib. Həmin cəmiyyətlər mənzil idarəçiliyi sisteminə daxil ola bilməyib. MMMC-lərin yaradılması təşəbbüsləri olsa da, onlar fəaliyyət göstərə bilmirlər. Bəzi yeni tikilmiş binalarda bu sistemi yeni-yeni qurulmağa başlayıb. Lakin binaların saxlanması üçün tələb olunan vəsait heç də hər zaman sakinlərin büdcəsinə uyğun olmur. Bəzi binalarda aylıq ödənişlər 200-300 manata qədər olur.

Bəs mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyəti necə təşkil edilməlidir? Sakinlər bu cəmiyyətlərə aylıq nə qədər ödəniş etməlidir?

“MVA Konsaltinq” şirkətinin eksperti Nüsrət İbrahimov “Mənzil Məcəlləsi”ndə bu məsələ nəzərdə tutulsa da, həyata keçirilməsində ləngimələrin olduğunu dedi. Onun sözlərinə görə, məcəlləyə əsasən, binalar dövlət qəbulu komissiyasına təhvil veriləndən altı aya qədər binanın idərə edilməsi üçün mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılır. Həmin cəmiyyət müvafiq hüquqi qeydiyyatdan keçir, binanın idarə edilməsini öz üzərinə götürür:

“Özünün idarəedici sturukturunu yaradır, sədr, mühasib seçilir, binanın idarə edilməsi üçün xərclərin aylıq, illik büdcələrini tuturlar. Bu zaman mühafizə sisteminin saxlanması, işıqlandırma sistemi, təmizlik, təmir, zibillərin təmizlənməsi xərcləri hesablanır. Birgə yaşayışçıların iclasında da həmin xərclərin aylıq bölgüsü aparılır, bütün iştirakçılarla birlikdə protokol tərtib edilir. Bu zaman hər kvadrat metrə görə, hər ailənin aylıq neçə manat ödəniləcəyi müəyyənləşdirilir”.

N.İbrahimovun sözlərinə görə, müştərək cəmiyyət dövlət, qeyri-dövlət qurumları ilə müqavilələr imzalayır, binada təmir, hər hansı kommunal xidmətlərdə olan ehtiyaclarına nəzarət edir. Hər üç ayda bir dəfə iclas keçirilir.

Hər ailədən aylıq nə qədər ödəniş tələb edilməsinə gəldikdə isə, N.İbrahimov bunun binanın tikinti materialları, ümumi istifadədə olan sahələri, təmir və saxlanma xərclərindən asılı olduğunu bildirdi:

“Yüksək keyfiyyətlə tikilmiş binaların saxlanmasına ayda 150-200 manat ola bilər. Kütləvi yaşayış sahəsində ucuz materialdan tikilmiş, ümumi istifadə yeri az olan binalarda isə hər mənzilə 20-30 manat düşə bilər. Məsələ binanın ümumi mürəkkəblik göstəricilərindən asılıdır. Həmin sturukturda çalışanların maaşı da toplanmış vəsait hesabına təmin edilir”.

N.İbrahimova həmçinin onu da bildirdi ki, hazırda bu iş ölkədə heç plan olmadan təşkil edilir:

“Bina tikən şirkət öz işçilərini təyin edir. Onlar binanın saxlanması üçün xərcləri təxmini müəyyən edir. Şirkət sahibi də müəyyən edilmiş məbləğin bina sakinləri arasında bölünməsini və hər ay vəsaitinin toplanmasını tələb edir. Bir sözlə iş kor-koranə aparılır. Sonradan toplanan pulun binanın təmir və digər ximdətlərinə sərf olunmasına gəldikdə, bu sahibkarın vicdanından asılı olur”.

Onun sözlərinə görə, bu işin əsaslı şəkildə qurulmasında bina sakinləri də maraqlıdırlar. Hazırkı durumda bina sakinləri yox, bina sahibləri söz sahibidir. İcra sturukturları bu istiqamətdə dönüş edə bilər, MİS-lər vəs vasitələrlə müştərək cəmiyyətlərin yaradılmasında vasitəçilik edə bilər. Bundan sonra sistem fəaliyyət göstərəcək.

Qeyd edək ki, məsələ ilə əlaqədar bir sıra tikinti şirkətləri ilə əlaqə saxladıq, onlar şirkət tərəfindən mənzil mülkiyyətçiliyi məsələsinin həll edildiyini dedilər. Təfərrüatlar barədə məlumat vermək üçün isə aidiyyatı şəxsləri yerində tapmaq mümkün olmadı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm