• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“McDonalds”da uşağın döyülməsi ilə bağlı araşdırma aparılır - VİDEO

“McDonalds”da uşağın döyülməsi ilə bağlı araşdırma aparılır - VİDEO

Sentyabrın 3-də “McDonalds” restoranının Nərimanov rayon filialında mühafizəçi 2-3 yaşlı uşağı sillə ilə vuraraq yerə yıxıb. Video görüntüdən aydın olur ki, mühafizəçi dilənçi olduğu ehtimal edilən qadın və onun yanındakı azyaşlı uşaqla kobud davranır, onlara əl qaldırmaqla ərazidən uzaqlaşdırmağa çalışır. Bu hal cəmiyyətdə böyük narazılıq doğurub və uşaq hüquqlarını müdafiə təşkilatları məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini tələb edirlər. Zorakılığa məruz qalmış uşaqların reabilitasiya mərkəzinin icraçı direktoru Kəmalə Aşumovanın Publika.az-a bildirdiyinə görə, bu, istənilən halda uşağa qarşı olunan fiziki zorakılıqdır:

“Heç bir halda heç bir kəs uşağa fiziki qüvvə tətbiq etməməlidir. Bu hadisə isə uşağa qarşı fiziki zorakılıqdır. Hətta şikayət olsa və ya olmasa belə, bu hal hüquq-mühafizə orqanları tərəfindın araşdırılmalıdır. Bu halda həmin insan o şikayəti etməyəcək, amma biz bilirik ki, bu hadisə olub. Hesab edirəm ki, həmin inzibati qurum tərəfindən bu məsələ araşdırılmalı və belə insanlar işdən kənarlaşdırılmalıdırlar”.

K.Aşumovanın sözlərinə görə, belə yerlərdə elə insanlar işə götürülməlidir ki, heç bir halda kiməsə zor tətbiq etməsinlər. Yaxşı olardı ki, həmin insan “uşaq qaynar xətti”nə zəng edərdi və burada balaca bir uşağın diləndirildiyini bildirərdi:

“Zor tətbiq etməklə, fiziki zorakılıqla biz uşağı reabilitasiya edə bilmərik, əksinə ona travma vurmuş olarıq. Lakin bu zaman həmin şəxs işini itirə bilər, töhmət, xəbərdarlıq ala bilər, cinayət işinə cəlb oluna bilər. Bizim işimiz belə uşaqların problemlərini həll etməkdir - qaraçı oldu-olmadı. Bizim gözümüzdə qaraçıya oxşayan şəxsə belə münasibət göstərməməliyik. Hər bir halda uşaq deyil, böyük günahkardır”.

K.Aşumovanın sözlərinə görə, əgər insanda əsəbilik varsa, özünü idarə edə bilmirsə, belə şəxsi işə götürmək düzgün deyil. Hər bir halda mühafizəçi hazırlıqlı olmalıdır, onlar işə götürüləndə bilməlidirlər ki, insanlara xidmət göstərirlər. İnsanların hamısının əsəbləri qaydasında, problemsiz deyil və hər bir situasiya ilə rastlaşa bilər.

“Uşaqlarla işləyən insanlar böyük səbrə və sevgiyə malik olmalıdırlar, insanlara qayğı ilə yanaşmalıdırlar. Belə problemlər bizdə xidmət sahəsinin axsaması və insan resurslarının, kadrların zəif hazırlanması, işə götürülən insanların kadr kimi yetişməsində problemlərin olmasından irəli gəlir”.

Bakıdakı “McDonalds” restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramovla da əlaqə saxladıq. O, Publika.az-a açıqlamasında belə bir halın baş verməsinin təəssüf doğurduğunu dedi:

“Biz məsələdən xəbərdarıq və hazırda bu hadisə araşdırılır. Biz çox təəssüf edirik ki, restoranda, müştərilərin gözü qarşısında belə hal baş verib. Əslində, bizdə restoran daxilində pul yığmaq qadağandır, amma heç bir halda mühafizəçi belə hərəkətə yol verməməli idi. Həmin şəxs şirkətin əməkdaşı deyil, mühafizə xidməti başqa bir şirkətdir. Amma hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kim bunu edibsə, cəzalandırılacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Publika.az-a açıqlamasında belə video ilə bağlı məlumatı olmadığını dedi:

“Məndə belə bir məlumat yoxdur. Əgər həqiqətən belə hal baş veribsə, həmin uşağın valideyni ərazi polis bölməsinə müraciət etməlidir. Bundan sonra həmin şəxs barəsində tədbir görmək olar”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR