• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda yeni yol salınır - FOTO

Bakıda yeni yol salınır - FOTO

Nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə geriyə dönmələrini təmin etmək məqsədilə yeni yol salınır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Babək prospektinin yan yolu ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsinə doğru hərəkətdə olan nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün yol ötürücüsünün alt hissəsində yerləşən dairədən istifadə etməli olurlar. Nəcəfqulu Rəfiyev küçəsindən və Babək prospektinin digər yan yolu ilə əks istiqamətdən gələn nəqliyyat vasitələrinin də dairədən istifadə etməsini nəzərə alsaq, günün əsasən pik saatlarında dairədə yüklənmə nəticəsində “tıxac” baş verir.

Həmin ərazidə nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə geriyə dönmələrini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yol hissəsi salınır. Yaxın günlərdə nəqliyyat vasitlərinin dairəyə daxil olmadan geri dönmələri üçün salınan yol hissəsi sürücülərin ixtiyarına veriləcək. Yeni yol hissəsinin salınması ilə paralel yol ötürücüsünün alt hissəsində abadlaşdırma işləri həyata keçirilir, səkilər və yolun hərəkət hissəsi yeni asflat-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.

Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub. Hazırda Xətai prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən yol hissəsindən istifadə etməli olurlar. Bununla həm uzaq məsafə qət edilir, həm də ərazidə sıxlıq yaranır. Məhz bütün bunlar nəzərə alınmaqla Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən geri dönmə üçün qeyd olunan ərazidə yeni yol hissəsinin salınması nəzərdə tutulub.

Bundan əlavə Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən və nəqliyyat vasitələrinin geri dönməsi üçün nəzərdə tutulan yol hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Genişləndirilmə işi çərçivəsində yol ayrıcının kənarı 1,5 metr enində, 15 metr uzunluğunda söküləcək. Bununla da geri dönmə əməliyyatı yerinə yetirən nəqliyyat vasitələri küçə ilə hərəkətdə olan nəqliyyat vasitələrinə mane olmadan hərəkətlərinə davam edə biləcəklər. Nəticədə bu cür məqsədyönlü addımlar sadalanan ərazilərdə “tıxac”ın azalmasında müsbət təsir etmiş olacaq.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR