Azərbaycan üçün 7 illik quraqlıq təhlükəsi realdırmı? - SORĞU
Bizi izləyin

Qırmızı.az

Azərbaycan üçün 7 illik quraqlıq təhlükəsi realdırmı? - SORĞU

“Azərbaycanda 7 il quraqlıq olacaq. Buna səbəb son dövrlərdə meteoroloji silahlardan istifadə etməklə havanın dəyişdirilməsidir. BMT 2030-cu ilə kimi Azərbaycanda quraqlıq baş verəcəyi barədə məlumat verirsə, deməli, buna onların özləri şərait yaradır”.

Bu fikirlər ekoloq Telman Zeynalova məxsusdur. Onun sözlərinə görə, istiliyin 20%-i Günəşdən gəlirsə, yerdə qalan 80%-i Yer kürəsi özü qızdırır.

T.Zeynalov onu da bildirib ki, Xəzərdə suyun qalxıb-enməsi Sakit okeandan asılıdır. Dünyanın 80% çaylarını, göllərini idarə edən Sakit okeandır. Yanvar ayında Sakit okeanda El Nino isti cərəyanı qalxdı. Bu isə o deməkdir ki, ən azı 7 il quraqlıq olacaq.

Bəs ekoloqun bu iddiası nə qədər həqiqətə uyğundur?

Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay Publika.az-a açıqlamasında bildirib ki, quraqlıqla bağlı narahatlığa əsas yoxdur.

“Ümumiyyətlə, quraqlıqla bağlı konkret söz demək çətindir. Ölkəmizin 39,9 kub kilometr həcmində su ehtiyatı vardır. Bunun 10,3 kub kilometri yerli, 20.6 kub kilometri isə tranzit çayların hesabına formalaşır. Bu rəqəmlər çoxillik məlumatların orta hesabatıdır. Lakin müəyyən illərdə quraqlığın müşahidə olunması istisna edilmir. Necə ki, 2014-2015-ci illərdə yağışların az yağması ilə əlaqədar olaraq yay aylarında su ehtiyatlarının bir az azalması müşahidə edilirdi. Amma bir neçə ilin göstəricisinə əsasən, qərar vermək olmaz. Su ehtiyatı yağıntılarla əlaqədardır, lakin bu barədə proqnoz verə bilmərik”.

R.Qaşqay su ehtiyatlarının azalması barədə fikirlərin əsassız olduğunu bildirib.

“Bu fikirlər çayların aşağı axınlarında suyun azalması, bəzilərində isə quruması ilə izah olunur. Lakin çaylarda yalnız suyun qıtlığı müşahidə edilir, buna səbəb çayın yuxarı hissəsində sudan çox istifadə edilməsidir. Yuxarıda su anbarları tikirlər, kanallar, xırda arxlar çəkilər. Bu da əsasən, əhalinin sayının artması ilə əlaqədardır.

Lakin bu gün Kiçik Qafqazın yamaclarında yetərincə su ehtiyatları var. Hazırda hidrogeoloqlar bu ehtiyatların kəşfi və istifadəsi istiqamətində iş aparırlar. Mövcud su ehtiyatları illər əvvəl əhalinin sayına uyğun olub. İldən-ilə say artdığından ehtiyac da artır. Əhalinin suya olan tələbatını yeni bulaqların aşkarlanması, artezian quyularının qazılması və s. hesabaına təmin etmək olar. Bir sözlə, su ehtiyacını ödəmək üçün yeni su mənbələri tapılmalıdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Publika.az-a açıqlanmasında yaxın gələcək üçün quraqlıqla bağlı proqnoz verməyin tez olduğunu deyib:

“Düzdür, bu il yay fəslində hava şəraitinin isti keçməsi çaylarda suyun səviyyəsinin enməsinə səbəb oldu. Bu proses son bir neçə ildə müşahidə edilir. Bu il də Qanıq və digər çaylarda suyun səviyyəsi azalıb. Lakin qarşıdan yağıntılar dövrü gəlir, payız daşqınları gözlənilir. Sentyabrın sonu, oktyabrın əvvəlində yağan yağışlar çaylarda, xüsusən Böyük Qafqazın, Lənkəran, Astara çaylarında sululuğu artıracaq. Hazırda da respublika çaylarında sululuq normaya yaxındır. Ümumiyyətlə, il ərzində quraqlıq yağış və qardan asılıdır, onlar bol olarsa, quraqlıq təhlükəsi azalır”.

Dünyada gedən proseslərin Azərbaycanda da quraqlığa təsir etməsinə gəldikdə A.Verdiyev 2010-cu ildə Kür çayında baş verən daşqından sonra çaylarda azsulu dövrlərin müşahidə olunduğunu bildirib:

“Ayrı-ayrı dövrlərdə qısamüddətli daşqınlar istisna olmaqla, 2010-cu ildən sonra çaylarda azsulu dövr müşahidə olunur. Böyük və Kiçik Qafqazın dağ çaylarında qısamüddətli daşqınlar olsa da, Kür və Qanıx tranzit çaylarda sululuq normaya yaxın olur”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm