• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tibb müəssisələrinin lazer fırıldağı: Həkimlərdən QANSIZ əməliyyat - ARAŞDIRMA

Tibb müəssisələrinin lazer fırıldağı: Həkimlərdən QANSIZ əməliyyat - ARAŞDIRMA

“Burun-boğaz, ürək, qarın, böyrək əməliyyatlarını ağrısız, kəsiksiz, qansız etmək istəyirsiniz? Elə isə bizim klinikaya müraciət edin. Lazerlə bütün bu əməliyyatlar mümkündür”.

Diqqət! Diqqət! Biz həmçinin lazerlə qansız, ağrısız sünnət də edirik”.

Reklamın son cümləsini eşidənə qədər hər şey normal idi. Axı digər əməliyyatları heç vaxt gözümüzlə görməmişik. Tibb inkişaf edib, yeni üsullar kəşf edilib, bəlkə də, əməliyyatlar yeni üsulla edilir. Amma sünnət məsələsi bizi düşünməyə vadar etdi. “Necə yəni qansız sünnət?” Gözümüzün önünə həmin prosesi gətirək. Ətdən ət kəsilə və qan çıxmaya? Beynimdəki suallara “hər şeyi bilən” “Google”-da cavab axtarmağa çalışırdım ki, qarşıma bu barədə müxtəlif elanlar çıxdı.

“Ev şəraitində ağrısız, qansız, fəsadsız sünnət edirəm. 30 ildir bu işlə məşğulam. İxtisasca cərraham. Xahiş olunur, yalnız ciddi şəxslər narahat etsin. Qiymət 80 AZN”.

Demək, klinikaların üstünlük kimi təqdim etdiyi üsulu evdə də etmək mümkündür.

Bəs bu lazer deyilən üsulun ənənəvi əməliyyatlardan fərqi nədir? Necə olur ki, əməliyyat, sünnət edirlər, özü də kəsiksiz və qan çıxmadan.

Deyəsən, vəziyyət qəlizləşir. “Google”la kifayətlənməyib araşdırmamızı real həyatda davam etdirdik.

Qurbanlar…

Kiçik araşdırmamız zamanı bəlli oldu ki, bu reklamlar tək bizim diqqətimizi çəkmir. Çoxları bu elanların qurbanı olub. Reklamdakı ağrısız, kəsiksiz sözlərinə inanıb xəstəxanalara üz tuturlar.

Qızı bir müddət əvvəl özəl klinikaların birində qeysəriyyə üsulu ilə ana olan Təranə xanım aldandıqlarını gec anlayıb.

“Klinikada bizə dedilər ki, əməliyyat lazerlə olacaq. Qızınızın qarnında heç bir iz qalmayacaq. Bu, yeni üsuldur”. Qızım belə məsələlərə böyük önəm verir. Xərci çox olsa da, razılaşdıq. Həqiqətən də, əməliyyatdan sonra qızımın qarnında çox kiçik iz qalmışdı. Həkimlərin sözlərinə əməl etdiklərini düşünürdük. Sonradan öyrəndik ki, əslində əməliyyat lazerlə olmayıb, bizi aldadıblar”.

Belə əməliyyatların digər qurbanı oğlunu bu üsulla sünnət etdirmiş Səlim bəydir. Həkimlər uşağı lazerlə sünnət edəcəklərinə söz vermişdilər: “Düzdür, qan çıxmadı, amma səbəbini heç cür anlaya bilmədik”. O da sonradan əməliyyatın lazerlə aparılmadığını eşidib.

Bəs əməliyyatın lazerlə aparıldığını necə ayırd etmək olar? Hansı əməliyyatları bu üsulla etmək mümkündür? Təəssüf ki, nə qəhrəmanlarım, nə də internet bu məsələdə kifayət qədər məlumatlı oldu. Ona görə də, mütəxəssislərə müraciət etdik.

Avropa Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Kollegiyasının üzvü, həkim İlyas Axundzadə söhbətə “insanların beynini yuyublar, lazer barədə deyilənlərin çoxu cəfəngiyatdır”sözləri ilə başladı. Müsahibim kəsiksiz, ağrısız və qansız sözlərinə belə aydınlıq gətirdi:

“Reklamlarda əməliyyat barədə deyilən həmin sözlərə qəti qarşıyam. Əvvəlcə onu bilməliyik ki, cərrahi əməliyyat toxumalara mexaniki yolla aparılan müdaxilədir. Mexaniki yolla ayrılan toxumaların yerləri dəyişdirilir. Toxumaları ayıranda mütləq qan olmalıdır. Tibdə bir neçə əməliyyat var ki, yalnız onları qansız etmək mümkündür. Ağrısız əməliyyat üçün yetərincə ağrıkəsicilər var”.

“Bu gün qarın boşluğunda kiçik dəliklər açaraq endoskopik əməliyyatlar aparmaq mümkündür. Bu zaman əməliyyatın yeri çox kiçik olur. Lakin bunun lazerlə əlaqəsi yoxdur. Təəssüf ki, insanları “lazerlə tikiş edilib” deyə aldadırlar. Halbuki lazer sadəcə bədəndə kəsikləri, parçaları yandırma və buxarlandırma xüsusiyyətinə sahibdir. Lazerlə bağlı ilk cəfəngiyatlar Rusiyada yaranıb. Sonradan Azərbaycanda da yayılıb” – deyə İ.Axundzadə əlavə etdi.

Həkim onu da bildirdi ki, hətta lazerlə əməliyyat vəd edilən bir çox klinikalarda həmin aparatlar yoxdur. Bu klinikaların həkimləri prosesdən məlumatsız olduqlarına görə, belə fikirlər uydurur, insanları aldadırlar. Normal tikiş aparılsa, əməliyyat yerində iz qalmaya bilər. Düzdür, bir çox dövlət xəstəxanalarında hələ də köhnə tikiş üsulları tətbiq edilir. Sadəcə ailədən daha çox pul qoparmaq üçün lazerlə tikiş yalanını uydururlar.

Lazerin hansı əməliyyatlarda istifadəsinə gəldikdə, İ.Axundzadə onların sayının məhdud olduğunu dedi:

“Lazerdən, əsasən, göz cərrahiyyəsində, əllə tutulması mümkün olmayan yerlərdə kiçik toxumaların çıxarılması üçün istifadə edilə bilər. Kosmetik cərrahiyyədə dərinin içərisində olan piqmentli strukturları pozmaq, tatuaj, döymə, damar ləkələrini götürmək, pilinq üçün lazer üsulu tətbiq edilir. Lazer, sadəcə, bu vaxta qədər edilməsi mümkün olmayan əməliyyatların aparılmasına imkan verir. Məsələn, lazer bizə gözün torlu qişası əməliyyatını etmək imkanı yaradıb. 20-30 il əvvəl bu əməliyyatı edə bilmirdik”.

“Heç bir sünnət əməliyyatı lazerlə icra edilmir”

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənovun sözlərinə görə, bu gün əhali arasında lazer əməliyyatları ilə bağlı yanlış düşüncələr var. O, lazer üsulu adı ilə bilinən əməliyyatların bir çoxunda əslində lazerdən istifadə edilmədiyini deyir.

“Tibdə lazerdən istifadəni iki qrupa bölə bilərik. Birinci az invaziv, qarın, döş boşluğu və hər hansı dəlikdən daxil olaraq edilən əməliyyatlardır ki, bunlara endoskopik, laparoskopik, tarokoskopik əməliyyatlar deyilir. İkinci forma birbaşa lazerlə aparılanlardır. Təəssüf ki, endoskopik əməliyyatların bir çoxu lazer əməliyyatı kimi anlaşılır. Bilmək lazımdır ki, bu əməliyyatlar zamanı prosesin yalnız bir hissəsində lazerdən istifadə edilir. Qarın, döş, oynaq boşluğu, ginekoloji əməliyyatlarda endovizual sistem vasitəsilə kiçik dəlikdən daxil olaraq görüntü yaradılır, digər dəliklərdən keçməklə isə proses həyata keçirilir. Bunu lazer əməliyyatı ilə qarışdırmaq olmaz. Bundan başqa, lazerlə sünnət barədə düşüncələr də tamamilə yanlışdır. Azərbaycanda heç bir sünnət əməliyyatı lazerlə icra edilmir. Radiofrekans dalğaları ilə işləyən xüsusi elektrocihazlar var ki, onlarla dəlik açarkən həm kəsmək, həm də xırda damarları koaqulyasiya etmək mümkün olur. Lazerlə sünnət edilməsi söhbəti cəfəngiyatdır. Ağrını hiss etməmək üçün yerli keyitmə, ümumi anesteziyadan istifadə edilə bilər. Hər hansı şəxsə lazerlə sünnət, öd kisəsi, bağırsaq əməliyyatları təklif edilərsə, bunun yanlış olduğunu anlamaq lazımdır”.

Baş həkim lazer üsulundan hansı əməliyyatlar zamanı istifadə edildiyinə də aydınlıq gətirdi:

“Lazer texnologiyası cərrahiyyə və kosmetologiyada istifadə edilir. Kosmetologiyada əsasən dəri törəmələri, qüsurların kəsilib götürülməsində istifadə edilir. Cərrahiyyədə uroloji praktikada, kişilərdə prostat vəzinin əməliyyatı, böyrək daşı əməliyyatlarında lazer şüası ilə daşların kontakt qırılması, ayaqlarda venoz genişlənmə zamanı damarların daralmasında, onkoloji praktikada törəmələrin kəsilib çıxarılmasında lazerdən istifadə edilir. Lazer kimi praktikada ultrasəs, radiofrekans dalğalarının yaratdığı təsirlərdən istifadə edilməklə tibbi, cərrahi manipulyasiyalar aparıla bilir. Varikoz əməliyyatları zamanı damara daxil olmaqla içərisi yandırılır. Bu həm estetik, həm də digər çətinlikləri aradan qaldırır. Eləcə də böyrək daşları əməliyyatları zamanı bu üsuldan istifadə edərək sidik kanalından daxil olub, daşları qırmaq mümkündür. Əvvəllər bu, çox ağrılı proses idi. İndi isə xəstə bir gün içərisində evə buraxılır”.

Lazerlə əməliyyatın üstünlüklərinə də toxunan A.Həsənov bildirdi ki, bu zaman yaranın irinləməsi, tikiş məsrəfi aradan qalxır, həmçinin xəstə daha tez sağalır. Bəs bu üsulla əməliyyat hansı fəsadlar verə bilər?

Baş həkim doğru istifadə edildiyi halda lazerin zərərsiz olduğunu dedi:

“Bütün alternativ, lazer, frekans texnologiyaları tibb üçün hazırlanıb. Doğru istifadə olunduğu təqdirdə zərəri yoxdur. Sadəcə naşılıq, işi bilməməzlikdən yanlış aparılan prosedurlar nəticəsində həmin nahiyələrin zədələnməsi, yanması, damar yaxınlığı olarsa, onların yanması kimi ağırlaşmalar ola bilər. Bunlar yalnız düzgün istifadə edilmədiyi halda müşahidə edilə bilər”.

Millət vəkili Musa Quliyev bu məsələyə iki istiqamətdən yanaşır. Onun sözlərinə görə, qanunda bu məsələ açıq şəkildə göstərilsə də, əməl edilmir:

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunda göstərilib ki, səhiyyə ilə bağlı qanunlar Səhiyyə Nazirliyi ilə razılaşdırılmış, məzmunu dəqiqləşdirilmiş halda verilməlidir. Qalan məsələləri reklam biliciləri müəyyən edirlər. Məzmunu razılaşdırılmamış reklamlar qanundan kənaraçıxmadır. Hesab edirəm ki, bu məsələdə Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası nəzarəti artırmalı və tədbir görməlidirlər. Səhiyyə Nazirliyi ilə razılaşdırılmamış reklam verən klinikalara cərimə sanksiyaları tətbiq edilə, növbəti dəfə nazirlik onların lisenziyasını uzatmaya bilər. Hər halda qanun bu səlahiyyətləri müəyyənləşdirib. Səhiyyə Nazirliyi özü də bu məsələdə fəal olmalıdır. Hər dəfə kiminsə şikayət etməsinə ehtiyac yoxdur, özləri də izləyə bilərlər. Hər halda qanunda bu məsələ göstərilib, görünür, icrada problemlər var”.

Klinikalara müraciət zamanı lazerlə əməliyyat vəd edilərək aldadılanlara gəldikdə, M.Quliyev hesab edir ki, bu məsələdə vətəndaşlar məsuliyyət daşıyır:

“Klinikaya müraciət edən şəxslər əməliyyatla bağlı müqavilə bağlamalıdırlar. Həmin müqavilədə əməliyyatın növü, tətbiq ediləcək prosedur və sonrakı mərhələlər barədə maddələr əks olunmalıdır. Hesab edirəm ki, vətəndaşlar bu məsələdə məsuliyyət daşıyırlar”.

Klinikaların insanları açıq şəkildə aldatdığı bu faktlarla bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin günlərdir əlaqə yaratmağımıza baxmayaraq, nazirliyin bu məsələdə mövqeyi, klinikalar barədə hansı tədbirlər görməsi və ya planları barədə heç bir məlumat öyrənə bilmədik. Suallarımıza cavabları yox idi, yoxsa cavab vermək istəmədilər, deyə bilmərik.

Sonda qeyd edək ki, lazer bizim ölkəmizdə kəşf edilən üsul deyil. Dünya tibbinin qarşısında duran əsas məsələ tibbi müdaxilələr zamanı az kəsiklə xəstənin xəstəxanada daha az qalmasını təmin etməkdir. Bu məsələdə lazer üsulu həm həkim, həm də xəstələrin köməyinə çatır. Lakin görünən odur ki, dünya tibbinin insanların rahatlığı üçün kəşf etdiyi bu üsuldan biz insanlarımızı aldatmaq məqsədilə istifadə edirik. Haqqımızı isə ancaq özümüz qoruya bilərik. Ən azından hər eşitdiyimizə inanmayıb, kiçik araşdırma aparmaqla.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR