• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qurban necə kəsilməlidir? - İSLAM QAYDASI

Qurban necə kəsilməlidir? - İSLAM QAYDASI

Qurbanı neçə kəsməliyəm? Kəsdiyim qurbanı kimlərə verməliyəm? Qurban kəsən özü ətdən yeyə bilərmi? Hansı heyvanı qurban kəsmək olar?

Hər il Qurban bayramı ərəfəsində bu suallar gündəmə gəlir. Xüsusən də ilk dəfə qurban kəsənlər məsələdə daha həssas olurlar.

Publika.az qurban kəsmək istəyənləri narahat edən suallara cavab tapmağa çalışıb.

İlahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında bildirib ki, Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün məcburi hesab edilir.

“Həccdə olmayanlara isə məcburi deyil, sadəcə bəyənilən əməldir. Onlar qurban kəsməkdə ixtiyar sahibidirlər. İmkanı olan şəxslər hətta bir neçə qurban kəsib paylaya bilər. Bu, həmin şəxsin ruzisinin artmasına, bərəkətli olmasına vəsilə olar. Qurban kəsmək həm də xeyriyyəçilik, yardımlaşma kimi əməllərin möhkəmləndirilməsinə xidmət edir, sosial bərabərliyi təbliğ edir, ictimai məsuliyyəti artırır”.

Qurbanın necə bölünməsinə gəldikdə, Hacı Şahin Həsənli bu barədə konkret qayda olmadığını deyir:

“Qurban ətinin neçə yerə bölünməsi barədə dəqiq göstəriş yoxdur. Sadəcə hər kəsə bərabər çəkidə olmalıdır. Ailə də özünə bir pay saxlaya bilər. lakin qurban ətinin daha çox ehtiyacı olanlara verilməsi bəyənilir. Hər gün süfrəsində ət olan ailələrə verilməyə bilər. Çalışmaq lazımdır ki, qurban payını həqiqətən ehtiyacı olanlara verək ki, bayramın mahiyyətinə uyğun olsun. Qurban kəsiləcək heyvan sağlam olmalı, 1 yaşına çatmalı və təmiz şəraitdə kəsilməlidir”.

Onun sözlərinə görə, bayramda qurban kəsmək imkanı olmayan şəxslər sonradan istədikləri vaxt bunu edə bilərlər. Qurbanı nə vaxt kəsməklə bağlı heç bir qadağa, məhdudiyyət yoxdur.

“Insanlar istədikləri vaxt qurban kəsə bilərlər. Sadəcə qurban natəmiz və insanlara maneə yaradacaq yerlərdə kəsilməməlidir. Xüsusi ayrılan yerlərdə, ya da həyətdə kəsə bilər. Bu zaman təmizliyə fikir verilməlidir. Qurban xeyirxah əməl olduğundan şəhərin təmizliyinə xələl gətirməməlidir. “Bismillаh” deməklə, üzü qibləyə kəsilməlidir”.

İlahiyyatçı Elşad Miri insanların qurbanın mahiyyətini düzgün anlamadığını deyir:

“Qurban deyəndə insanlar nəyisə kəsmək, doğramaq kimi başa düşür. Qurbanın mahiyyətini başa düşmək lazımdır. Bu söz ərəb dilində “yaxınlaşmaq” deməkdir. Quranda da göstərilib ki, “Allaha sizin kəsdiyiniz heyvanların əti, qanı yox, sizin məsuliyyət şüurunuz çatar” - deyə qeyd olunur. Hər kəs Qurbanı nə üçün kəsdiyini, mahiyyətini dərk etməlidir”.

E.Mirinin sözlərinə görə, paylaşmaq bayramı olan Qurban cəmiyyətdə ola biləcək ictimai partlayışların da qarşısını alır:

“Peyğəmbərimizin səhabələri qurbanı 3 hissəyə bölüblər. Qonum-qonşuya, ehtiyacı olana və sonuncu hissəni isə özlərinə saxlayardılar. İndi də bu ənənəyə əməl etmək olar. Niyyət qurbanını ailə özü yeməyə bilər, lakin Qurban bayramında kəsilən qurbandan ev sahibi də yeyə bilər. Lakin daha çox paylamağa diqqət etməlidir ki, qurban kəsə bilməyənlər faydalana bilsinlər.

Qurban ətinə ehtiyacı olmayan qonum-qonşuya bu ətdən vermək olar. Bu, onlar arasında münasibətlərin yaxşılaşmasına xidmət edir. Mütləq deyil ki, həmin şəxs qurban payını özü istifadə etsin, o, bunu ehtiyacı olan başqa birinə verə bilər”.

E.Miri bildirir ki, bir neçə şəxs birləşib dəvə, inək, camış kəsə bilər.

“Bu da başqa bir birliyin nümunəsidir. Heyvanı xüsusi kəsim yerlərində, peşəkar qəssablara kəsdirmək daha məqsədəuyğundur, nəinki yol kənarında natəmiz şəraitdə kəsmək. Təmizlik məsələsinə diqqət edilməlidir. Unutmaq olmaz ki, təmizlik imanın yarısıdır”, - deyə o bildirib.

Kimlərin qurbanı qəbul ediləcək?

İnsanları düşündürən başqa bir məqam kəsdiyi qurbanın qəbul edilib-edilməməsidir.

E.Mirinin sözlərinə görə, bunu heç kim bilə bilməz:

“Sadəcə qurban kəsən şəxs bu məqamda hər hansı məqsəd güdməməlidir. Bir insanın inək kəsməyə gücü çatırsa, qoyun kəsirsə, bu yanaşma doğru qəbul edilmir. İnsan gücü çatanın ən gözəlini etməlidir. Yaxud da həmin pulla bir tələbənin təhsil haqqına kömək etmək olar. Bəlkə də bu, qurban kəsməkdən daha savab iş olar. Qurbanı kəsib satışa qoymaq riyakarlıqdır. Xoruz, hind toyuğu qurban kimi kəsilə bilməz”.

Qeyd edək ki, Qurban bayramı bu il sentyabrın 24-25-də qeyd olunacaq. Bayram günləri qurban kəsərkən ilahiyyatçıların məsləhətlərini nəzərə alın.

Allah qurbanınızı qəbul eləsin!

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR