• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Boğazda qalan çöp... Azərbaycanlılara məxsus xəstəlik, yoxsa fırıldaqçılıq?- ARAŞDIRMA

Boğazda qalan çöp... Azərbaycanlılara məxsus xəstəlik, yoxsa fırıldaqçılıq?- ARAŞDIRMA

“Oğlum təzə iməkləməyə başlamışdı. Yerdən nə tapırdısa, gözümüzdən yayınıb tez ağzına qoyurdu. Bir gün bərk xəstələndi – qızdırma, boğaz ağrısı, qusma, yeməkdən də tamam kəsilmişdi. Lap başımızı itirdik, həkimə apardıq, bir torba iynə-dərman yazdı. Heç nə kömək etmədi, əksinə, antibiotiklər onu bir az da əldən saldı. Həkimlər təcili xəstəxanaya yerləşməyimizi məsləhət gördülər. Qayınanam dedi ki, gəlin uşağı çöpçüyə aparaq, bəlkə, çöpü qalıb. Ora çatana qədər deyindim. Çöpçünün onu sağaldacağına inanmamağım bir yana, fikirləşirdim ki, əlini uşağın boğazına salıb ona infeksiya keçirəcək. Gözlərimi çöpçünün əllərinə zilləmişdim, bomboş idi. Uşağın burnunu üfürdü və ağzından gavalı çəyirdəyi, yemək qalığı, alma tumu - bir zibillik zibil çıxdı. Uşaq evə çatmamış yolda yuxuya getdi”.

Bu sözləri Publika.az-a həmsöhbətimiz Humay Məmmədova bildirib. Əvvəllər çöpçüyə getməyin qəti şəkildə əleyhinə olan qadın uşağının tez bir zamanda iynə-dərmansız sağaldığını görüncə fikrindən daşınıb.

Kiçik bir sorğu keçirdik və məlum oldu ki, sorğuda iştirak edən körpəsi olan anaların əksəriyyəti Humay xanım kimi çöpçünün xidmətindən istifadə edir. Lakin valideynlər bu məsələdə daha çox təcrübəli və bacarıqlı çöpçüyə getməyə üstünlük verirlər. Çünki valideynlərin zəif yeri olan uşaqlardan qazanc mənbəyi kimi istifadə edən fırıldaqçılar da tapılır. İki uşaq anası olan Sabirə Lətifovanın sözlərinə görə, bəzi çöpçülər uşağın burnunu asta üfürürlər ki, zir-zibil tamamilə təmizlənməsin. Bir neçə gündən sonra valideyn yenidən uşağın boğazında çöp qaldığını düşünüb onun yanına gəlir və çöpçü də ikiqat qazanmış olur.

Digər bir məsələ isə bəzi çöpçülərin uşağı çöpdən birdəfəlik xilas etmək üçün çöpü “bağlaması” ilə bağlıdır. Sabirə Lətifovanın sözlərinə görə, bunun üçün Sumqayıt şəhərində yaşayan Yeganə adlı çöpçü ondan 100 manat pul alsa da, uşağa heç bir xeyri olmayıb:

“Təxminən 10 il əvvəl böyük qızımı, demək olar ki, həftədə iki dəfə çöpçüyə aparırdım. Boğazında qəpikdən tutmuş çörəyə qədər hər şey qalırdı. Bir dəfə çöpçü dedi ki, gətir uşağın çöpünü “bağlayım”, yazıqdı, qızdırmadan əldən düşür. 30 manat verib çöpünü “bağlatdırdım”. Həqiqətən də, ondan sonra boğazında çöp qalmadı. Həmin çöpçü sonradan rayona köçdü və onu bir daha tapmadım. Ondan 5 il sonra kiçik oğlumun da çöpünü “bağlatdırmaq” istədim. Bu dəfə başqa bir çöpçü məndən 100 manat istədi. “Təki uşaq sağalsın” deyib pulu verdim. Çöpü “bağlayanda” dedi ki, uşaqda bir də çöp qalmayacaq. Əgər bağlamaq alınmasa, çöp qalsa, onu pulsuz çıxaracam. Amma oğlumun boğazında ondan sonra da çöp qaldı və həmin çöpçüyə aparanda iddia edirdi ki, çöp qalmayıb. Bu səbəbdən də hər dəfə uşağı başqa çöpçüyə aparmalı olurduq”.

Kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çox çətin məsələdir. Amma görünən odur ki, burada tibb elminə məlum olmayan məqamlar var. Çöpçüləri jurnalist kimi danışdırmağın çətin olduğunu nəzərə alıb onların yanına uşaqla birlikdə müştəri kimi üz tutduq.

Uşaqlara 5 manat, böyüklərə 10 manat...

Çöpçü Məryəmi Sumqayıtda hamı tanıyır. Özünün dediyinə görə, bu, ona vergi kimi verilib. Zarafatla, “bunu bizə də öyrət, gecə vaxtı sizi narahat etməyək” - dedim. Amma çöpçü xanım bildirdi ki, bu, onun əlində deyil:

“Boğazdan çöp çıxarmaq bizdə vergidir və nəsillikcə gəlir. Bu verginin kimə ötürüləcəyini heç kəs özü müəyyən edə bilməz. Bu, Allah tərəfindən verilir. Mənim gözdən əlil qızım var, əgər bunu öyrətmək mümkün olsaydı, ona öyrədərdim ki, həmişə çörəkpulu olsun”.

Çöpçü Məryəmin sözlərinə görə, ona müraciət edənlər arasında uşaqlar çoxluq təşkil etsə də, bəzən böyüklərə də rast gəlinir. Artıq burada qiymət fərqli var. Əgər uşaqdan çöpü 5 manata çıxarırıqsa, böyüklər buna görə 10 manat verməlidirlər. Çöpü qalan adamın boğazına əlini vuran kimi bilir:

“Çox vaxt yanıma gətirilən uşaqların üzünə baxan kimi çöpü qalıb-qalmadığını bilirəm. Çöpü qalan uşaq burnunu ovxalayır, qızdırması olur, halsız olur. Belə uşaqlar çox vaxt işləmə-qusma ilə gətirilir. Adətən, çöpü qalan uşaq yemək yemir və gözləri də yığılır. Çöpünü çıxaran kimi isə dirçəlir və qızdırma düşür”.

Həkimlər də çöpçüyə gedir

Bakının böyük əksəriyyəti uşaqlarını “Şamaxinka” ərazisində yolun kənarında yerləşən məşhur evə - çöpçü Sahibənin yanına aparır. Evi tanımayan şəxs belə qarşıdakı maşınların tıxacından yeri ayırd edə bilər. Çöpçünün qəbuluna girmək üçün 15 dəqiqəyə yaxın gözləməli olduq. Çöpçü magistral yola birbaşa pilləkəni olan evdə xüsusi otaqda bizi qəbul etdi. Digər çöpçülərdən fərqli olaraq, burada uşaqların boğazından çıxan zibilləri atmaq üçün zibil qutusu da qoyulub. Uşağın burnunu üfürüb qida qalıqları çıxaran çöpçüyə 5 manatı uzadanda narazılıq edib, 10 manat istədi. Həftədə iki dəfə bu pulu verməyə imkan olmadığını deyib məbləğə etiraz etdikdə, “istəmirsiz, gedib başqasına çıxartdırınn, qiymət budur” cavabını eşitdik. Sahibə xanım bildirdi ki, buna da şükür edin, çünki axşam saat 22:00-dan sonra gələnlər 20 manat ödəyirlər.

Növbəti dəfə üz tutduğumuz çöpçü isə uzun illər bu işlə məşğul olan Rəsmiyə xanımdır. O da bizimlə söhbətində çöpçülüyün Allah vergisi olduğunu təsdiq etdi və bu işdə həkimlərin aciz olduğunu bildirdi. Onun sözlərinə görə, müştəriləri içərisində həkimlər də var: “Yanıma uşaq gətirən həkimlər çoxdur. Sonradan həkim olduqlarını deyirlər. Hərdən olur ki, onlar özləri valideynləri yanıma göndərirlər ki, aparın, bu uşaq çöpçülükdü”.

Çöpçülərin sözlərinə görə, uşağın boğazında çöpün qalması həm də boğazın quruluşundan asılıdır. Elə uşaq ola bilər ki, onun boğazında ümumiyyətlə çöp qalmasın. Bəs boğazda çöp niyə qalır və ya həqiqətən çöp qalırmı? Belə problemlə üzləşəndə çöpçüyə, yoxsa həkimə getmək lazımdır? Bu suallara çöpçülərin cavabları birmənalıdır. Sualları bu dəfə həkimlərə ünvanladıq:

Elmə bəlli olmayan problem

Həkimlər hesab edirlər ki, yad cisimlərin burunda, ağız boşluğunda, udlaqda, qırtlaqda, qida borusunda qalması hallarına rast gəlinir. Burun boşluğunda belə hallar uşaq yaşları üçün daha xarakterikdir. Həmin yaşlarda uşaqlar bəzən yediyi qidanı, yerdən tapdığı zir-zibili ağzına qoyur.

Qida qəbulu zamanı sivri yad cisimlər damağa, badamcığa və ya udlağa ilişərək orqanizmdə narahatlıq yaradır. Belə hallarda təbabətdə farinqoskopiya deyilən üsulla ağız boşluğu işıqlandırılır və yad cisim həkimin müdaxiləsi ilə götürülür.

Digər bir halda isə yad cisim qida borusu ilə tənəffüs yolunun arasında olan haçalanma nöqtəsinə düşə bilir. Yaşlı adamlar bunu tez hiss edirlər, uşaqlarda isə refleks zəif olduğuna görə yad cisim həmin nahiyədə xeyli müddət qalır. Mütəxəssislər hesab edirlər ki, onun orqanizmdən hər hansı ara həkiminin müdaxiləsi ilə çıxarılması mümkünsüzdür. Belə hallarda mütləq peşəkar həkim müdaxiləsi lazımdır.

Qulaq, burun, boğaz həkimi Məzahir Quliyevin sözlərinə görə, boğazda qalan yad maddəni böyüklərdə asanlıqla görmək olur. Uşaqlarda isə bu imkan bir az məhdud olur, çünki uşaqların boğazındakı boşluqlar bir az dərin olur:

“Lakin nə üçün yemək qalıqları və ya bəzi yad cisimlərin boğazın bir hissəsində qalması elmə bəlli deyil. Özüm də bu barədə maraqlanmışam, lakin səbəbini müəyyən edə bilməmişik. Boğaz ətrafında iltihablaşma olanda yediyimiz qidaların müəyyən hissəsi orada qalır, simptomatik müalicədən sonra qida öz-özünə təmizlənir. Qırtlağa balıq sümüyü, sancaq girsə belə həkimlər onu çıxara bilir. Çöpçülərin gördükləri iş elmə əsaslanmır və xəstələrimizi onların yanına göndərməyimiz düzgün deyil”.

Bəs boğazda çöp qalma yalnız bizim millətə xarakterik xüsusiyyətdirmi, yoxsa bu cür hallara digər ölkələrdə də rast gəlinir? Otolorinqoloq Faiq Abdullayevin Publika.az-a bildirdiyinə görə, uşağın boğazında qida qalıqları qala bilər, amma boğazda qəpik və s. kimi əşyaların qalması mümkün deyil:

“Qida qalıqları burun duşlarına düşür və həkimlər onları çıxara bilirlər. Xüsusi məşqlərlə də bu qalıqları çıxarmaq mümkündür. Amma bizdə insanların kütləvi şəkildə çöpçüyə üz tutması psixoloji təsirlərlə bağlıdır. Avropa ölkələrində kimsə çöpçüyə getdiyini desə, ona gülərlər”.

Mütəxəssislər hesab edirlər ki, yad cisim bədəndə heç də həmişə qızdırmaya səbəb olmur. Uşağı çöpçüyə aparmaqla onun qızdırmasını salmaq mümkün deyil. Çünki yad cismin ağız və ya burun boşluğunda qalması qızdırmaya səbəb olduğundan bu zir-zibil orada qalıb irinləməlidir. Bəzən çöpçü qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etməklə problemi aradan qaldıra bilər. Amma elə nahiyələr var ki, məsələn, bronxlara, qida borusuna düşən yad cisimləri təbabətdən bixəbər ara həkimi çıxara bilməz.

Göründüyü kimi, həkimlər heç də çöpçülüyü və çöpçüləri qəbul etmirlər. Amma onların çöpünü çıxardığı uşaqların sağalması fakt olsa da, o da faktdır ki, bu insanlar nəfəslə bir çox xəstəlikləri yaya bilərlər.

Doğrudur, boğazda qalan çöpü həkimlər ağız boşluğunu işıqlandırmaqla əksər hallarda çıxara bilirlər. İnsanların çöpçüyə müraciət etmələrinin digər bir səbəbi də maddi çatışmazlıqdır. Həkimə getməli, növbəyə durmalı, kifayət qədər pul köçürməlisən, ya da daha az vaxt və pul sərf etməklə çöpdən xilas ola bilərsən. Hər kəs seçimini özü edə bilər, həkim, ya çöpçü - çıxaran tapılacaq, təki boğazda qalan çöp olsun, söz olmasın...

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR