“Saç gətir deyəndə baş aparanlar” – rayon avtomobillərinin Bakıya buraxılmaması hansı fəsadlara yol açacaq?
Bizi izləyin

Qırmızı.az

“Saç gətir deyəndə baş aparanlar” – rayon avtomobillərinin Bakıya buraxılmaması hansı fəsadlara yol açacaq?

Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 07:00-dan gecə saat 00:00-a qədər paytaxta girişi qadağan olunacaq. Aidiyyəti qurumlar bunu həm şəhərdə yaşayan, həm də şəhərə gələn vətəndaşların rahat hərəkət etməsi üçün yaradılmış imkan kimi qiymətləndirsələr də, əhali bunu ayrı-seçkilik və qeyri-optimal variant kimi qəbul edir. Əslində buna “saç gətir deyəndə baş aparmaq” deyilir. Yəni bir problemi həll etmək istəyirik və əvəzində daha on problem yaradırıq.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, qadağa Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillərə də şamil ediləcək: “Sentyabrın 15-də Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar istifadəyə veriləcək. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə olunur”.

Bakıya avtomobili ilə gələn rayon sakinləri maşınlarını şəhərin şimal və cənub girəcəklərində tikilən duracaqlarda saxlayaraq şəhərə gedən marşrutlardan istifadə etməlidirlər. İstisna hal kimi paytaxta yalnız xəstə sərnişin gətirən avtomobillər buraxılacaq. Məsələnin bu şəkildə qoyuluşu ortaya bir sıra problemlərin çıxacağından xəbər verir. Mütəxəssislər hesab edirlər ki, rayon qeydiyyatı olan avtomobillərin Bakıya buraxılmaması paytaxtdakı sıxlığı aradan qaldırmamaqla bərabər, narazılığa səbəb olacaq və heç bir halda özünü doğrultmayacaq.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun Publika.az-a bildirdiyinə görə, bunun Bakıdakı sıxlığı aradan qaldırmaq üçün olmasıyla bağlı nə qədər təbliğat aparılsa da, burada açıq-aşkar ayrı-seçkilik elementləri var. Mütəxəssisin sözlərinə görə, dünyanın heç bir yerində paytaxt qeyri-paytxat əhalisinin avtomobilləri üçün bağlı deyil:

“Dünyanın heç bir ölkəsində rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı təcrübə yoxdur. İkincisi də, bunu tətbiq edəndə neqativ hallar nəzərə alınacaqmı? Hansı meyarlar tətbiq edəcəklər, kim nəzarət edəcək? Hansı qaydada aparılacaq? Bütün bunlar problemli məsələlərdir və neqativ hallar da elə buradan doğacaq. İnsanlar müxtəlif vasitələrlə Bakı qeydiyyatı olan nömrələri əldə etməyə çalışacaqlar. Nəzarət edənlər kiməsə güzəştlər edəcək, kimdənsə nə isə umacaqlar. Nəzarət etmək üçün Bakının girişində postlar quraşdırılmalıdır. Postlar qurarkən yolun qalan hissəsində hərəkət iflic olacaq. Belə problemlər 100 faiz doğacaq və o məhdudiyyətin perspektivini görmürəm, bu, özünü doğrultmayacaq”.

Rayondan xəstə gətirənlərə gəlincə, onların şəhərə necə buraxılacağı böyük bir sual altındadır. Ucqar rayondan uşağını Bakıya müalicəyə gətirən vətəndaş onun həqiqətən xəstə olduğunu necə sübut edəcək? Postda duran polis əməkdaşı həkim deyil ki, onu müayinə edib xəstə olmasını təsdiq etsin.

Belə çıxır ki, rayon qeydiyyatı olan avtomobillərin Bakıya buraxılmaması ilə bağlı qərarın arxasında çox sayda həlli çətin olan və bəzən mümkün olmayan problemlər dayanır.

Ekspert hesab edir ki, səhər saat 07:00-dan 00:00-a qədər rayon qeydiyyatı olan avtomobillərin paytaxt ərazisinə buraxılmaması mədəni şəkildə “şəhərə gəlməyin!” deməkdir: “Gecəyarıdan səhər 07:00-a kimi camaatın Bakıda nə işi var? Kim bu vaxt şəhərə gələcək? Əslində bu, ümuiyyətlə, “şəhərə gəlməyin” deməkdir. Əgər gecə paytaxta kütləvi şəkildə gəlmələr olarsa, bu da ciddi fəsadlar doğura bilər. Məlumdur ki, gecə avtomobili idarəetmə qəza riskini ən azı 50 faiz artırır”.

Artıq mövcud qərar qüvvəyə minməmişdən ölkədə bir sıra problemlər yaradıb. Duracaqların yaradılmasına xeyli dövlət vəsaiti xərclənir. Nəzarət üçün də ştatlar ayrılmalı, əməkdaşlar təyin olunmalıdır. Bu da dövlət büdcəsi üçün yükdür. Digər tərəfdən, bu həm də ayrı-ayrı vətəndaşlar üçün yükdür. Ən böyük ziyan isə kənd təsərrüfatı məhsullarını gətirib satanlara dəyəcək. Onlar əlavə xərc çəkərək əldə edəcəkləri qazancdan olacaqlar.

Ekspert hesab edir ki, sentyabrın 15-dən rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması heç nəyi dəyişməyəcək və hər kəs şahid olacaq ki, Bakı elə həmin Bakıdır. Mütəxəssis hesab edir ki, yeni qərarın paytaxtdakı tıxaclara çox cüzi təsiri ola bilər.

“Mənim təxminlərimə görə, yalnız Sumqayıt şəhərindən gələn fərdi avtomobillər Bakı-Sumqayıt yolu, “Şamaxinka”-“20 Yanvar” dairəsi adlanan ərazidə sıxlıqda rol oynayır. Cənubdan, qərbdən - Qazaxdan tutmuş Astaraya qədər – bu zonadan gələn avtomobillərin Bakıda sıxlıq yaratması ehtimalı 0-a yaxındır, yəni təxminən 5-10 faizdir. Bakı-Sumqayıt yolunda sıxlığın qarşısının alınması üçün Bakı-Sumqayıt-Bakı qatarı çox gözəl ideyadır və belə ideyalarla elə etmək lazımdır ki, fərdi avtomobillər Bakı-Sumqayıt yoluna könüllü olaraq çıxmasınlar. Qatar gözəl ideyadır və onu sıx qrafiklə işlətsələr, əlverişli gediş haqqı müəyyənləşdirsələr və qrafiki dəqiq olsa, o zaman Bakı-Sumqayıt yolunun yükü tamamilə azalacaq”.

Ekspert hesab edir ki, Bakıya girişdə yaranan sıxlığı aradan qaldırmaq üçün Biləcəri qəsəbəsindən 9-cu mikrorayona giriş açmaq olar ki, bununla da sıxlıq bir xeyli aradan qalxar. Ə.Hüseynovun sözlərinə görə, əslində Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Ekspert hesab edir ki, komissiya ölkə ərazisində belə bir məhdudiyyət tətbiq edə bilməz:

“Ölkə ərazisində hərəkət məhdudiyyəti ilə bağlı ən azı qanun qəbul oluna bilər. Belə bir qanunu Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir və dövlət başçısı isə imzalayaraq qüvvəyə mindirir. Başqa bir şəxs bu mövzuda məhdudiyyət tətbiq edə bilməz”.

Bir neçə gün öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov da rayondan Bakıya avtomobillə gələnlərin gündüz saatlarında şəhərə buraxılmamasının bir sıra neqativ hallar yaradacağını bildirmişdi. Onun sözlərinə görə, rayon əhalisinin Bakıya avtomobillə gəlmək üçün bir sıra qeyri-leqal yollara əl atmaları qaçılmazdır:

“Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmaması qərarının qəbulundan sonra bir sıra neqativ məqamlar ortaya çıxacaq. Məsələn, rayon sakinləri avtomobil alarkən maşını Bakıda qeydiyyatda olan qohumlarının adına sənədləşdirəcəklər. Həmçinin avtomobilləri olanlar yeni nömrə alanda paytaxt qeydiyyatı olan tanışlarının adına Bakı nömrəsi ala bilərlər ki, paytaxta rahat gedib-gələ bilsinlər. Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmasının qarşısını almaq asan olmayacaq”.

Problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə ünvanladığımız suallarımız cavabsız qaldı. Kamran müəllim çoxsaylı zənglərimizə cavab olaraq telefonun “Zəngimcell”ini işə saldı: “Zəng etdiyiniz abunəçiyə müvəqqəti olaraq zəng çatmır. Bir az sonra zəng etməyinizi xahiş edirik..." Görünür, bəzi məmurlar üçün qərar vermək elə Kamran müəllimin “Zəngimcell”i qədər asandır. Qərarın fəsadları nələr olacaq, onu da gələcək göstərəcək...

Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 00:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib. Belə ki, rayon qeydiyyatında olan avtomobillər yalnız gecəyarıdan səhər saat 07:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm