• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Evlənmək istəyirsən? - 5 manat “şirinlik”, bir məmur, bir arayış - ARAŞDIRMA - FOTOLAR

Evlənmək istəyirsən? - 5 manat “şirinlik”, bir məmur, bir arayış  - ARAŞDIRMA - FOTOLAR

“7 ildir QİÇS xəstəsiyəm, təkcə özüm yox, qızım da xəstəliyə yoluxub. Səbəbkar həyat yoldaşımdır. Subay vaxtı QİÇS-ə yoluxub, amma məndən gizlədib. Ancaq qızım dünyaya gələndə xəstəliyə yoluxduğumu anladım. Yoldaşım bizdən imtina etdi. Evlənməmişdən əvvəl müayinə olunsaydım, xəstəlikdən xəbər tutardım. Bəlkə də, həyatım tam fərqli olardı”.

Bunu 27 yaşlı QİÇS xəstəsi Aytən (ad şərtidir) xanım deyir. 7 yaşlı qızına xəstəlik barədə heç nə deyə bilməyən müsahibim onun ömür boyu dərmandan asılı yaşamasında özünü günahkar hesab edir. Onun kimi həyat yoldaşının xəstə olduğunu yalnız yoluxandan sonra öyrənənlər az deyil. Belə ailələr heç də həmişə davamlı olmur və dağılmağa məhkumdur. Bu ilə qədər nikahdan əvvəl müayinənin məcburi olmaması insanları, daha çox qadınları çıxılmaz vəziyyətdə qoyurdu. Axı kim ailə quracağı şəxsə deyə bilər ki, gedək müayinəyə, yalnız nəticədən sonra evlənib-evlənməyəcəyimizə qərar verərik.

Amma bu il iyunun 1-dən nikaha girənlər bunu rahatlıqla deyir. Mentalitetin bizi təklifdən belə məhrum etdiyi bir məsələ haqqında qanun qəbul edildi. Artıq cütlüklər nikahdan əvvəl talassemiya, sifilis və QİÇS-ə görə müayinədən keçəcəklər. Zamanla müayinədən keçiriləcək xəstəliklərin siyahısı genişlənəcək.

Yeni qərar xəstəliklərin qarşısını ala biləcəkmi? Cütlüklər sevgiyə, yoxsa sağlamlığa üstünlük verir?

2013-2014-cü illərin statistikası göstərir ki, bir ildə respublikamızda orta hesabla 85-90 min nikah qeydə alınır. Bu isə 170-180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24% Bakı şəhərinin payına düşür, qalan 76% regionlara aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır. Bu, gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.

Rəqəmlərə baxaq…

Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan talassemiyalı xəstələrin sayı cəmi 530 nəfər idi. Onlardan 347 nəfəri 17 yaşınadək olan uşaqlardır.

Statistik rəqəmlər ötən il Azərbaycanda talassemiyalı xəstələrin sayında artım müşahidə olunduğunu göstərir.

1987-ci ildən 2014-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Rəsmi statistik rəqəmlər bu virusa yoluxanların da sayında artım olduğunu göstərir. Rəqəmlər müayinənin aktuallığını bir az da artırır.

Müayinəyə gedənlər…

Elə qəhrəmanımız Yusif Ağayev və nişanlısı nikahdan öncə qeydiyyatda olduqları xəstəxanalara müraciət ediblər. Qarşılaşdıqları maneələr onları müayinədən keçməyə peşman edib.

Yusif Ağayev Sumqayıtda, nişanlısı Bakıda müayinədən keçib. Cütlük nikahları üçün xüsusi gün seçsə də, tibbi müayinə arzularını puç edib.

“Məlumat verilmişdi ki, hər kəs qeydiyyatda olduğu rayonun poliklinikasına müraciət etməlidir. Mən də elə etdim, işdən bir saatlıq icazə alıb Sumqayıt 2 saylı şəhər poliklinikasına getdim. Lakin oradan bildirdilər ki, nikah üçün analizi Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında verməliyəm. Bu iki yer arasındakı yol az qala bir saatdır. İşdən əlavə bir saat da icazə almalı oldum”.

Ünvan səhv deyildiyinə görə, qəhrəmanım Sumqayıtı başdan-başa gəzəndən sonra, nəhayət, deyilən ünvanı tapıb.

“Analiz götürməmiş “5 manat verməlisiniz” dedilər. “Şirinlik” adı ilə tələb olunan bu rüşvəti verməsəm də, gələnlərin əksəriyyəti “şirinlik” verib gedirdilər. Qanunda göstərildiyi kimi, 2 həftə sonra nəticələri götürmək üçün xəstəxanaya getdim. Lakin məlum oldu ki, məndən də əvvəl müayinə olunan 100-dən çox adamın müayinəsinin nəticəsi hazır deyil. Nə az, nə çox, düz 27 gün sonra nəticəni ala bildim. Amma nikah qeydiyyat şöbəsinə təqdim etmək üçün arayışı almaqdan ötrü məni təkrar 2 saylı Şəhər Poliklinikasına göndərdilər. Bir arayış yazmağa görə məndən yenidən 5 manat “şirinlik” istədilər. Məndən başqa gələnlərin hamısı deyilən pulu yerindəcə ödəyirdilər”.

Qəhrəmanımın nişanlısı Nərgiz xanımın da nikahdan əvvəl müayinəsi xeyli sıxıntılı keçib. O da Yusif kimi xəstəxana-xəstəxana dolaşmalı olub. Düzdür, Nərgiz xanımdan “şirinlik” istəməyiblər, amma analizin cavabı 17 gündən sonra verilib. Bunu Talassemiya Mərkəzindən nəticələrin gec göndərilməsi ilə izah edilbər. Halbuki müayinə Talassemiya Mərkəzində deyil, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda aparılır.

Nə Y.Ağayev, nə də nişanlısının analiz nəticələri onlara verilib. Hər ikisinə də qanuna görə nəticənin xəstəxanada qalmalı olduğu deyilib.

Bir sözlə, xəstəxanaların süründürməçiliyi müsahiblərimin nikahlarını istədikləri günə təyin etmələrinə mane olub. Yeganə təsəlliləri ailə qurmaq üçün heç bir tibbi əngəlin olmamasıdır.

Bəs xəstələr nə edir?

Həm bunu öyrənmək, həm də müsahiblərimin qarşılaşdığı problemlərin səbəbini araşdırmaq üçün aidiyyəti orqanlara müraciət etdik.

Sadə vətəndaş kimi müraciət etdiyimiz 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında nikaha girmək istəyənlərə xidmət göstərən həkimlər bu insanları nəinki maarifləndirir, əksinə, onlara ünvanlanan suallara cavab verməkdən boyun qaçırırlar. Bəzən suallardan canlarını qurtarmaq üçün gələnləri 5 saylı “ASAN Xidmət”ə yönləndirirdilər. Həkimlərin bu qədər əsəbi olmalarına irad bildirəndə onlar bunu müraciətlərin çox olması ilə əsaslandırdılar. Xəstəxanadan öyrəndik ki, təkcə gənclər deyil, illərdir qeyri-rəsmi nikahda yaşayan, yaşı 60-a çatmış şəxslər də müayinə üçün gəlir. Onların uşaqları olsa da, nikaha girmək üçün müayinə şərt olduğundan analiz verirlər. Müayinənin nəticələri barədə onlara heç bir açıqlama vermədiklərini dedilər.

Qanunda necədir?

Gördüklərimiz və eşitdiklərimizdən bu qədər. İndi də qarşı tərəfi dinləyək.

Qanuna edilən dəyişiklikdə göstərilib ki, müayinələr respublikanın regionlarında mərkəzi rayon xəstəxanalarının və ya şəhər xəstəxanalarının, şəhər səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçirilir. Müayinənin nəticəsi 2 həftəyə verilir və 1 ay qüvvədədir.

Neçə cütlük xəstədir?

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Publika.az-a açıqlamasında iyun-avqust ayı ərzində 36080 nəfərin müayinə olunduğunu bildirib:

“Müayinənin məqsədi nikaha girənlərdə talassemiya, QİÇS və sifilis xəstəliyini müəyyən etməkdir. Talassemiya daşıyıcıları praktik sağlam insanlardır. Sadəcə iki daşıyıcının ailə qurması nəticəsində xəstə və ya daşıyıcı uşaq dünyaya gətirmə riski var. Hər iki tərəf daşıyıcı olarsa, hamiləliyin 12-18-ci həftələrində aparılan müayinədən sonra döldə talassemiya xəstəliyi aşkarlanarsa, o zaman xəstə uşağın dünyaya gəlib-gəlməməsi barədə valideynlər qərar verməlidirlər. Bu vaxta qədər müayinədən keçən şəxslər arasında 20-yə yaxın talassemiya daşıyıcısı olan cütlük aşkarlanıb. Bunların sayı daha da çox ola bilər. Çünki tərəflər ayrı-ayrılıqda da müayinədən keçirlər. Müayinədən keçən şəxslərin neçəsinin cütlük olması barədə rayonlardan məlumatlar göndərilir. Ümumilikdə isə 3 minə yaxın talassemiya daşıyıcısı aşkarlanıb. Hesab edirik ki, əhalinin 8%-nin talassemiya daşıyıcı olmasını nəzərə alsaq, bu, normal rəqəmdir. Müayinənin nəticələrinə əsasən, talassemiyanın ən çox hansı bölgədə aşkarlanmasını deyə bilmərik. Lakin bu xəstəliyin əsasən Qəbələ, Ağsu, Göyçay, Xaçmazda aşkarlandığı təsdiqlənib. 20 nəfərdə QİÇS, 115 nəfərdə sifilis xəstəliyi aşkarlanıb”.

Baş həkim analizlərin cavablarının gec verilməsinə də aydınlıq gətirdi:

“Gün ərzində 1000-ə yaxın qan nümunəsi daxil olur. Nəticə isə 14 gün müddətində verilməlidir. İlkin dövrlərdə müayinə nəticələrinin verilməsində gecikmələr olurdu. Lakin artıq bu problemlər aradan qaldırılır, çünki indi qan nümunələrinin bölgələrdən paytaxta gətirilməsi üçün xüsusi maşınlar ayrılıb. Müayinəyə qan götürüləndən bir həftə sonra başlanması nəticəyə təsir etmir. Qan nümunələri xüsusi soyuducusu olan konteynerlərdə saxlanılır. Qanın gətirildiyi maşınlarda da bu sistem qurulub. Lakin çalışırıq ki, müayinələr vaxtında aparılsın”.

Xəstəlik aşkarlanan cütlüklərin ailə qurmaqdan imtina etməsinə gəldikdə, Z.Əlimirzəyeva bu vaxta qədər belə faktla qarşılaşmadıqlarını dedi:

“Talassemiya aşkarlanan cütlüklərin evlilikdən imtina etməsi faktı ilə raştlaşmamışıq. Lakin tərəflərdən birində daşıyıcılıq aşkarlananda qarşı tərəf və onun ailə üzvlərində narahatlıq yarandığını müşahidə edirik. Onlara tərəflərdən birində aşkarlanmanın təhlükəli olmadığını izah edirik. Bizim əsas məqsədimiz talassemiyalı xəstələrin doğulmasının qarşısını almaqdır, bunun üçün də tərəflərə seçim imkanları barədə məlumat veririk. Digər xəstəliklərlə bağlı Dəri-Zöhrəvi Dispanseri və QİÇS-lə Mübarizə Mərkəzinə və yaşadıqları yerlərdəki xəstəxanalara da məlumatlar göndərilir. İki gün əvvəl cütlüklərin birində QİÇS aşkarlandı, özünün yazılı razılığı ilə qarşı tərəfə məlumat verildi. Bəzən QİÇS aşkarlanan cütlüklər evlənməyə qərar verirlər”.

Nazirlikdən cavab…

Müayinə zamanı yaşanan neqativ hallarla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova nəticələrin gecikməsinə aydınlıq gətirdi:

“Cavablar maksimum 2-3 həftəyə qədər verilə bilər. Amma bundan çox çəkməməlidir. Xəstənin analizinin nəticəsi mütləq özünə verilməlidir. Cütlüklərə verilən arayışla yanaşı, nəticələrin əks olunduğu vərəqələr də verilməlidir. Hər kəs öz müayinəsinin cavabını bilməlidir”.

Xəstəxanalarda pul istənilməsinə gəldikdə, o, bu halla qarşılaşanlara 9103 nömrəsinə zəng etməyi tövsiyə etdi.

Müayinə aparılan xəstəxanalar barədə nazirliyin saytını ələk-vələk etsək də, heç nə tapmadıq. Nazirlikdən də bizə bu siyahını verən olmadı.

Alternativ və “ASAN” variant

Qeyd edək ki, qanun qəbul ediləndən az sonra bir çox xidmətləri asanlaşdıran “ASAN” xidmətdə də nikahdan əvvəl tibbi müayinənin aparılmasına icazə verildi. Dövlət xəstəxanalarından fərqli olaraq, burada analizin nəticəsi 5 iş günü müddətində verilir.

“ASAN Xidmət” Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov Publika.az-a açıqlamasında avqustun 6-dan 31-dək 5 saylı “ASAN” xidmət mərkəzində 3113 nəfərin nikahdan əvvəl müayinə üçün müraciət etdiyini söylədi.

“Onların 594-ü məhz bu mərkəzdə nikaha daxil olub. Qalanları ya digər mərkəzlərimizə, ya da digər nikah qeydiyyatı idarələrinə müraciət edib. Hazırda yalnız 5 saylı “ASAN Xidmət”də müayinə aparılsa da, gələcəkdə digər mərkəzlərdə də bu xidmət göstərilə bilər”.

“ASAN Xidmət”in 5 günə nəticəni verməsi 2 həftəlik vaxtın şərti müddət olduğunu, əslində nəticənin qısa zamanda verilməsinin mümkünlüyünü sübut edir. Üstəlik, süründürməçilik, gecikmə olmadan. Amma hər kəsin “ASAN”a müraciət etməsi real deyil.

Bir sözlə, nikahdan əvvəl tibbi müayinə problemləri aradan qaldırmaqdansa, gənclərə yeni çətinliklər yaratmış oldu. Heç də bütün gənclər Yusif və Nərgiz kimi müayinə nəticəsini gözləyərək nikah vaxtını təxirə salmayacaq. Bu süründürməçiliyi bəhanə edib məsələyə biganə yanaşanların nikahdan əvvəl toy etməyəcəyinə və xəstəliyi yalnız hamiləlikdən sonra öyrənəcəyinə heç kim zəmanət vermir.

Düzdür, sevgi sərhəd tanımır. Sevən insan üçün xəstəliyin heç bir əhəmiyyəti yoxdur. Amma söhbət bu sevginin meyvəsinin xəstə olmasından gedirsə, burada dayanıb düşünməyə ehtiyac var.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR