Odur ey qatar, min, get... Bakı-Sumqayıt qatarından reportaj - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Odur ey qatar, min, get... Bakı-Sumqayıt qatarından reportaj - FOTOLAR

“Bakının dərdi var, Bakı xəstədir...” Hər il adət etdiyimiz kimi, Bilik gününü bu sözlərlə qeyd etməli olurduq. Səbəb isə birdir, tıxaclar. Urbanizasiya, iş yerlərinin, ali təhsil ocaqlarının daha çox mərkəzdə yerləşməsi neçə illərdir ki, bizi tıxac mərəzinə mübtəla edib. Bu dərddən xilas olmaq üçün hər il müxtəlif üsullar sınaqdan keçirilir. Yolkənarı təpəciklər tikilib-söküldü, yollar eninə-uzununa genişləndirildi, körpülər salınıb tunellər qazıldı, amma bu tıxac xərçəng xəstəliyi kimi getdikcə sağalmaz dərdə çevrilməyə başladı. Nə isə... Məsələni çox dağa-daşa salmayım, qayıdaq reallığa, indiki zamana.

Bu il bir az fərqli metodlara əl atıldı. Yollardakı sıxlığı aradan qaldırmaq məqsədi ilə sərnişindaşımada ictimai nəqliyyata üstünlük verildi. Bakıya Sumqayıt da daxil olmaqla kənar yerlərin qeydiyyatında olan fərdi avtomobillərin girişi məhdudlaşdırıldı. Alternativ nəqliyyat vasitələrinin istifadəsinə başlanıldı. Təxminən iki-üç il olar ki, haqqında danışılan Bakı-Sumqayıt qatarı, nəhayət ki, bu il istifadəyə verildi. Düşünürəm ki, bu qatarlar və yolun texniki məlumatları barədə bir daha yazmaq təkrarçılıq olar. Ən azından son bir ayda az qala bu rəqəmlərlə yatıb-dururuq. Ötən şənbə günü bu qatarın ilk sərnişinləri siyahısına biz jurnalistlər də əlavə olunduq. Azərbaycan Dəmir Yollarının məsul əməkdaşları hər dəfə kağızdan oxuduğumuz məlumatları bu dəfə özləri Bakıdan Sumqayıta qədər əyani şəkildə izah etdilər.

Sözün düzü, qatarın rahatlığı canıma necə yayıldısa, doqquz illik yol yorğunluğumu hardasa unutdurmuş oldu. Bu, Bakı-Sumqayıt yolunda yayı yay, qışı qış iztirablarına çox qatlanmalı olmuşam. Ümid edirəm, bunlar bütün xoşagəlməz xatirələr kimi keçmişdə qaldı. Bu gün də həm öz marağımdan, həm də redaksiyanın tapşırığı ilə tezdən işə bu sürət qatarı ilə gəldim. Sərnişinlərin reaksiyası maraqlı idi, bir çox məqamla rastlaşacaqdım, elə oldu da.

Yuxudan səhər saat 6-da oyanmalı oldum ki, bu da o qədər asan başa gəlmədi. Qatara gecikmək ehtimalım böyük olduğundan, demək olar ki, gecəni rahat yatmamışam. Zəngli saatlarla çoxdan dil tapmışam, “rüşvət” verib susdururam və adətən, istədiyim vaxt yuxudan oyanıram. Bu dəfə nə olursa-olsun tezdən oyanmalı idim. Şükürlər olsun, özümdə güc tapıb oyandım və saat yeddiyə qalmış artıq Sumqayıt Dəmir Yolu Vağzalında idim. Sübh çağının meyxoş havası əhvalımı tamamilə yaxşılaşdırdı. Ayıq başla yolboyu müşahidə aparıb qeydlər etdim, arada pəncərədən bir-iki şəkil çəkmək fürsətini də qaçırmadım. Qaçıra da bilməzdim.

İndi keçim gördüklərimə... Vağzala çatanda burda adam əlindən yer olmayacağını düşünürdüm. Amma sağa-sola baxıb ətrafımda məndən başqa 7-8 nəfərin özünü vaqona necə atdığını gördüm. Bu arada bir məsələni də qeyd edim ki, kassa aparatları hələ tam quraşdırılmadığından Sumqayıtdan Bakıya hələ ki pulsuz gəlmək mümkündür. Əks istiqamətdə isə 0.80 AZN ödəmək lazımdır. Tarif Şurası bu məsələdə bizi çox gözlətsə də, onu da qeyd edim ki, təəccübləndirməyi bacardı.

Sərnişinlərin az olmağına gəlincə, insanlar onsuz da hər yeniliyə öncə belə laqeyd yanaşır, sonra qəbul edirlər. Yaxud da səhərləri zəngli saatları susdurmağın da alternativ variantlarını tapıb şirin yuxunu üstün tutublar. O ehtimal da var ki, adət etdikləri tıxacdan, “yol yoldaşları”ndan ayrıla bilməyiblər. Adətkarlıq yaman pis şeydir, bu da sağalmaz bir mərəzdir. Bəlkə, bu qatarın sayəsində mən də tez yatıb, tez durmağı özümə yeni adət edim.

Hə, qatara daxil olan kimi ikinci mərtəbəyə qalxdım. Vaqonda yerlər seyrək də olsa, tutulmuşdu. Pəncərə qarşısında əyləşdim. Arada bir-iki dəfə bələdçi xanım nəzərləri ilə sərnişinləri gözdən keçirib o yan-bu yana keçdi. Sonra bildim ki, qatarda olan sərnişinlərin sayını dəqiqləşdirib hesabat hazırlayır. Bakıya çatar-çatmaz bu gün Sumqayıtdan gələn sərnişinlərin sayı ilə maraqlandım. Məlum oldu ki, səhər tezdən qrafikə uyğun olaraq 2 dəfə gediş-gəliş olub, üçüncüsü yoldadır. Verilən məlumata görə, üçüncü qatar da daxil olmaqla təxminən 400-ə yaxın sərnişin qeydə alınıb.

Mənimlə gələnlərin əksəriyyəti tələbələr idi. Aralarında bu il tələbə adını qazananlar da vardı. Əyləşdiyim cərgədə bir qız anası ilə oturmuşdu. Danışıqlarından anladım ki, universitetə tələbə olaraq ilk gedişidir. Nəqliyyat olaraq da sürət qatarını seçməsi əbəs deyil, həddən artıq səbirsizlik nümayiş etdirirdi. Üzündə bir narahatlıq hiss olunurdu. Tez-tez anasına “gərək taksi ilə gedəydik” - deyə məzəmmət edirdi. Səbirsiz tələbəni başa düşmək olardı, monitorda qatarın sürəti 26 km/saat göstərilirdi. Arxa sıralardan da oğlanlar qatarın sürəti ilə bağlı replikalar atmağa başladılar. Amma qatar keçdiyi ərazilərdən asılı olaraq, yol boyu sürəti 90-16 km/saat arasında dəyişirdi. Qatarının sürətinin müzakirə olunduğu bu dəmdə arxa cərgələrin birində aşıq havası səsləndi, bir anlıq hamının diqqəti ora yönəldi. Məlum oldu ki, Qazaxdan olan bir tələbə (yoldaşlarının zarafatından bildim ki, hansı bölgədəndir) qatarın “wi-fi”ni fərq edib, internetə girər-girməz “youtube”-da bu aşıq havasını tapıb.

Hamının üzünü xoş bir təbəssüm bürüdü. Sonra “wi-fi”-ın mövcudluğundan xəbər tutan bütün sərnişinlər çökdülər internetin xirtdəyinə. İstədim “Facebook”-a girib, tər qoxusundan, tıxac əsəbindən uzaq bu xoşbəxt yolçuluq haqqında bir status da mən yazam, alınmadı. İnternet can verirdi. Hamı əlindəki telefon və planşetlərə necə sarılmışdısa, içi bizim o narahat qızcığaz qarışıq bir də gördüm qatar Dəmiryol Vağzalına girir.

Hələ o ağsaqqal. Yolboyu gediş haqqının bahalığından şikayət edib durdu. “Android”i olmadığından o, minəndən düşənə qədər danışası oldu.

Sonda bir məsələni də qeyd edim ki, məlum marşrutun hərəkət cədvəli hələ ki tam tərtib edilməyib. Bir neçə gün, əsasən, səhərlər və axşamlar bəlli sayda gediş-gəlişdən sonra sərnişin sıxlığı öyrəniləcək. Sonra daimi cədvəl tərtib olunacaq.

Bu günlük bu qədər. Sizlərə də tıxacdan, tər qoxusundan uzaq uğurlu yollar...

Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm