Yuxulu, kövrək, sevincli – İlk zəng belə çalındı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yuxulu, kövrək, sevincli – İlk zəng belə çalındı – FOTOLAR

Birinci sinfə necə getdiyimi çox dumanlı xatırlayıram. O vaxtla indiki arasında xeyli fərq var. Məsələn, o zaman dərslər sentyabrın 1-i başlayırdı. Hamı kimi ağ köynək, qara ətək geyinib sevinə-sevinə məktəbə yollansam da, həmin günü xatırladan bir foto belə yoxdur. İndiki birinci sinif şagirdlərini isə fotosessiyasız təsəvvür etmək mümkün deyil. Əlində gül dəstəsi birinci sinfə gedən hər şagirdin yanında ata-ana, nənə-baba, xala-bibi… və digər qohumlar əllərində telefon, fotoaparat, videokamera, selfi çubuğu məktəbə üz tuturlar.

Bu gün Azərbaycanda Bilik günüdür. 15 sentyabr ölkə ərazisində bütün məktəblərdə ilk zəng çalınır. Publika.az xəbər verir ki, bir neçə gün əvvəldən məktəbə birinciləri yola salmaq üçün düzülən maşın karvanlarına qadağa qoyulsa da, hələ də bəzi məktəblərin qarşısında tıxaclara rast gəlmək mümkün idi. Valideynlərin mühasirəyə aldıqları 5 nömrəli məktəbin qapısından həyətə daxil olduq. İçəridə sıraya düzülmüş birincilər, uşağın köynəyini, qalstukunu, gül dəstəsini düzəldən valideynlər, gülüş, göz yaşları, sevinc, yuxulu baxışlar... hər şey görmək mümkün idi. Əllərində özləri boyda gül dəstəsi olan uşaqlar məktəbli çantasının və çiçəklərin içərisində itib-batmışdılar.

İlk dərs gününün ən təsirli anı isə ilk zəngdən sonra sinif otaqlarına daxil olan zaman yaşanır. Valideynlərindən ayrılmaq istəməyən balacaları ovutmaq mümkün deyildi. Elə valideynlər özləri də kövrəlmişdilər. Qızını birinci sinfə yola salan Nərminə Cəfərova nə qədər özünü ələ almağa çalışsa da, həyəcan və qəhərdən boğulurdu:

“Heç özüm məktəbə gedəndə bu qədər həyəcanlanmamışdım. Qızım birinci sinfə gedir. Vaxt necə tez keçir, elə bil dünən anadan olub. Çox sevinirəm. Bütün birinciləri və onların valideynlərini təbrik edirəm”.

Oğlunu birinci sinfə yola salan Pərviz Əhmədov isə onun vətəninə layiqli övlad olacağına əmindir:

“Bu gün övladım ilk dəfə məktəbə, sinif otağına qədəm qoydu. Onun hansı hissləri keçirdiyini ifadə etmək çətindir. Amma valideynlərin yolu hər dəfə məktəbə düşəndə, təbii ki, ötən illəri xatırlayırlar. Müəllimlər, məktəb illəri kino lenti kimi adamın gözləri önündə canlanır. Əlbəttə, övladının necə təhsil alacağını düşündükdə bir az həyəcanlanırsan. Amma mən öz oğlumdan narahat deyiləm. İnanıram ki, o, ailəsinə, vətəninə, xalqına layiqli övlad olacaq. Təbii ki, yaxşı oxumaqla. Bu gün 1-ci sinfə gedən bütün balaları təbrik edirəm!”

Söhbət etdiyimiz birinci sinif müəllimləri artıq bir neçə ildir ki, yeni sistemlə dərs keçdiklərini dedilər. Məktəbdə quraşdırılmış elektron lövhə vasitəsilə daha maraqlı və interaktiv dərs təşkil olunur. Həm də hər bir birincinin stolunda fərdi netbuku var idi.

Valideynlər nə qədər məmnun və sevincli olsalar da, onları narahat edən məqamlar var idi. Adlarının çəkilməsini istəməsələr də, məktəbli forması, çanta və ümumiyyətlə, şagird üçün tələb olunan bazarlığa çəkilən 100-150 manat xərcin ailə büdcələrinə görə baha olduğunu bildirdilər.

Bilik günündən ən çox qazananlar isə gül dükanları oldu. Mağazalar 24 saat işləyərək bütün gecə ərzində vətəndaşlara xidmət ediblər. Orta ölçülü gül dəstəsinin qiyməti 25 manatdan başlayır. Doğrudur, bundan daha ucuz və rəngli çobanyastığı dəstəsi də düzəltdirmək olar. Belə gül dəstəsinin qiyməti isə 15-18 manat arasında dəyişir.

Bütün çətinliklərinə və problemlərə baxmayaraq, ilk zəngin yaddaqalan hissəsi daha çox sevinclə bağlıdır. Ona görə də, övladı ilk dəfə birinci sinfə gedən valideynlərə təbrik düşür.

Qeyd edək ki, 2015-2016 tədris ilində Bakı şəhəri üzrə I sinfə 42 723 nəfər gedəcək. Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.

Ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 150 mindən çox şagird qədəm qoyacaq. Ümumilikdə, bu tədris ilində respublika məktəblərində 1 milyon 370 min şagird təhsil alacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm