Yükü ağır rayon maşınları - Bakının bağlı qapıları arxasından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Yükü ağır rayon maşınları - Bakının bağlı qapıları arxasından FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gündən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişi qadağan edilib. Müvafiq orqanlar yeni qadağanı Bakıda yaşayan, habelə paytaxtda vətəndaşların rahat hərəkət etməsi üçün yaradılmış imkan kimi qiymətləndirirlər. Yeni qadağa Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillərə də şamil olunub.

Publika.az-ın əməkdaşı Bakı-Quba-Rusiya avtomobil yolunun 17-ci kilometrliyində və “VAZ yol qovşağı” adlanan sahəsində yaradılan ödənişsiz duracaqda olub, rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişi qadağası, habelə yeni qaydalara necə riayət olunması ilə bağlı müşahidə aparıb.

Rəhbərlik yerində yoxdur, texniki işlər başa çatdırılmayıb

Öncə qeyd edək ki, bu gün Bakıya üz tutan sakinlərin avtomobillərinin saxlandığı duracaqda sürücülər və sərnişinlər üçün hər cür şərait yaradılıb. Yeni kafe, gözləmə zalı, ana və uşaq otağı, tibb məntəqəsi sərnişinlərin və sürücülərin rahatlığı üçündür. 203 saylı marşrut avtobusları sərnişinləri və sürücüləri duracaqdan paytaxtın mərkəzi yerlərinə daşımaq üçün ayrılıb.

Lakin duracağın texniki işləri hələ başa çatdırılmayıb. İşçilər ağ və sarı zolaqlı meydançaya müşahidə kameralarını quraşdırırdılar. Bununla yanaşı, duracağın giriş məntəqəsində - nəzarətçilər otağında da texniki işlər görülməkdə idi.

Saat 12-yə qədər duracaqda 50-60 avtomobil dayanmışdı. Lakin sürücülər az idi. Onların bir çoxu maşınlarını burada saxlayaraq paytaxta üz tutmuşdular. Duracaqda yalnız texniki işçilər, “199”, “203” saylı marşrut avtobuslarının dispetçerləri, təcili yardım maşınının sürücüsü, iki həkim, və iş icraçısı gözə dəyirdi.

Öyrəndik ki, duracağın rəsmi şəxslərindən heç kim iş başında deyil və günün ikinci yarısı işdə olacaqlar.

“Ən çox maşın Sumqayıt, Xaçmaz, Gəncə, Şəki və Tərtərdən gəlib”

Növbətçilərlə söhbət zamanı məlum oldu ki, onlar iki növbədə işləyəcəklər. Duracaq növbətçisi Nizami Əmrahov dedi ki, gündüz saat 12-yədək bura rayonlardan 60-a qədər avtomobil üz tutub: “Ən çox Sumqayıt, Xaçmaz, Gəncə, Şəki və Tərtər qeydiyyatında olan avtomobillər nəzərə çarpırdı. Səhər saat 7-dən sonra rayon qeydiyyatında olan avtomobillərin şəhərə buraxılmamasına yol polisi nəzarət edir”.

Onun sözlərinə görə, yol polisi əməkdaşları sürücüləri bura istiqamətləndirirlər: “Sürücülər maşınlarını duracaqda saxlayaraq şəhərə gedən marşrutlardan istifadə edirlər. Rayondan paytaxta xəstəxanalara gətirilən xəstələr üçün duracaqda təcili yardım maşınları dayanıb”.

“Bəs Bakıya qışda gələnlər nə edəcəklər?”

Bu gün Bakıya xəstə gətirdiyini deyən Xaçmaz sakini Əli Orucov bildirdi ki, səhər saat 8-də yol polisi onu Xırdalanda saxlayaraq duracağa sürməsi barədə göstəriş verib: “Dayım oğlu böyrək xəstəliyindən əziyyət çəkir. Onu xəstəxanaya gətirmişdim. Yalnız Bakıda bildim ki, bu gündən rayon qeydiyyatlı avtomobilləri paytaxta buraxmırlar. Yolda DYP saxladı. Maşını bura sürməyi tapşırdılar. Buna görə də dayım oğlunu başqa maşında yola saldım. Səhər saat 9-un yarısından burdayam. Növbəti dəfə gərək səhər saat 7-dək özümü Bakıya çatdırım”.

O, yeni duracağın qış mövsümünə hazır olmadığını vurğuladı: “Kafe də, gözləmə zalı da balacadır. Bir az sonra burada gözləyənlərin sayı artacaq və rayondan gələnlər ora yerləşməyəcək. Bəs Bakıya qışda gələnlər nə edəcəklər? Soyuq havada maşının içində nə qədər gözləmək olar? Məncə, bu müvəqqəti xarakterli olacaq. Yəqin ki, Bakıya ağır xəstə gətirən adama güzəştlər ediləcək”.

“Bakının tıxac problemini bununla həll etmək mümkün deyil”

Sumqayıtdan gəldiyini deyən Qurban adlı sürücü isə “Sədərək” və “Binə” ticarət mərkəzinə buraxılmamasından gileyləndi: “Bizi tıxaca görə burada saxlayıb bununla da paytaxtın tıxac problemini həll edəcəklərini düşünürlərsə, yanılırlar. Biz Bakıya daxil olmurduq ki. Sadəcə, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə getmək istəyirdik. Amma DYP icazə vermədi. Bəs bu məsələ necə tənzimlənəcək? İnsanlar “Sədərək”dən, “Binə”dən aldıqları malları bura (duracağa) necə gətirəcəklər?”

Müsahibim duracaqdakı 50-60 avtomobili əli ilə göstərərək “Bakının tıxac problemini 50-100 avtomobil yaratmır. Mənə elə gəlir, təkcə bununla Bakının tıxac problemini həll etmək mümkün olmayacaq. Bəzi nazirlikləri, dövlət orqanlarını, universitetləri paytaxtdan köçürmək lazımdır”.

Bütün bunlar onu göstərir ki, sürücülər yeni qadağalardan narazıdırlar. Təbii, belə də olmalı idi. Amma sürücülərin iradlarında həqiqətə əsaslanan bu məqamı etiraf etmək lazımdır – rayon qeydiyyatlı avtomobillərin şəhərə girişini məhdudlaşdırmaqla Bakının tıxac problemini həll etmək mümkün olmayacaq. Ən azı ona görə ki, paytaxtda problem elə Bakının mərkəzi yerlərində yaranır, Bakının girişində yox.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm