• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dərd var, dərmanı yox - Apteklərdəki qıtlığın səbəbi nədir? - ARAŞDIRMA

Dərd var, dərmanı yox - Apteklərdəki qıtlığın səbəbi nədir? - ARAŞDIRMA

- Sizdə kardilopin var?

- Yox.

- Norvakor?

- Xeyr.

- Askarnit necə?

- O da yoxdur. Sizin soruşduğunuz dərmanların hamısının qiyməti endirilib. Onlar hələ yoxdur. Nə zaman olacağını da bilmirik.

Son günlər əlində resept apteklərə üz tutanlar əli ətəyindən uzun oradan çıxmalı olurlar. Çünki dərmanlar yoxdur. Səbəbini soruşanda “qiymətlərin enməsinə görədir” cavabını alırlar. Qiymətlərin ucuzlaşacağına, pulunun yarısının cibində qalacağına inananlar indi elə çətinlik yaşayır ki, baha qiymətə belə dərman almağa razıdırlar. Bunu paytaxt apteklərini gəzərkən müşahidə etdik.

Apteklərdə dərman tapılmır

Hələ avqust ayında qiyməti endirilən dərmanlar barədə ilk məlumat yayıldı. Tarif Şurasının sonuncu qərarından sonra ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətinin endirildiyini açıqladılar. Lakin endirim məsələsi gündəmə gələndən apteklərdə qıtlıqdır. Aidiyyəti nazirliklər bu məsələyə aydınlıq gətirərək problemin qısa zamanda həll olacağına və sentyabrın 15-dən əhalinin nə qiymət, nə də qıtlıq problemi yaşayacağına söz verdilər.

Bu sözləri əsas tutub Tarif Şurasının qiymətlərini endirdiyi dərmanlardan kiçik bir siyahı hazırlayıb üz tutduq apteklərə. Siyahıda hər şey çox gözəl idi. Yeni qiymətlərlə əvvəlkilər arasında azı 2 dəfəyə qədər endirim nəzərdə tutulub. Amma bu sevincimiz ürəyimizdə qaldı. Məlum oldu ki, alıcılar daha ciddi problemlə üz-üzədir.

Bakının bir başından o biri başına qədər gəzmədiyimiz aptek qalmadı, amma siyahıdakı heç bir dərmanı tapa bilmədik. Seçdiyimiz dərmanlar – askarnit, nurofen, kartan, ladikor, norvacor, kardilopin, elkar və s idi. Amma siyahını hansı aptekə təqdim etdiksə, bu dərmanları gördüm deyən olmadı.

Aptek əməkdaşlarından biri qıtlığın səbəbini depoda dərmanların qiymətlərinin üzərlərinə vurulması prosesinin başa çatmaması ilə izah etdi:

“Bundan sonra dərmanları yeni qiymətə satacağıq. Daha ucuz olacaq. Amma hələ ala bilməmişik. Bizdə olan dərmanların hamısı satışdan çıxarıldı. İndi yeni qiymətlərlə alacağıq. Əslində, qiymətlərin enməsi, hər yerdə eyni qiymətə satılması bizə də sərf edir. Bəzi adamlar qiymət baha olanda bizə qarğış edirdi. Elə bil pulun hamısı bizə çatır. Demək olmur ki, həkimin firma dərmanı yazıb, aptek nə etsin. Amma indi dərman firmalarının da bazarı bağlandı. Daha dərman gətirmək onlara sərf etmir. 6 manatlıq dərmanı əvvəllər 20 manata satırdılar. 5 manatını həkimə verirdilər, qalanı özlərinə qalırdı. Hələ üstəlik həkimə maşın, kondisioner və daha nələr verirdilər. Axı dərmanlarını həkim satırdı. İndi həkimlər də qazana bilməyəcək”.

Nə vaxt olacağını bilən yoxdur…

Ürəyi dolu olan əczaçı xanımdan apteklərin indiyə qədər baha aldıqları dərmanları ucuz qiymətə satmağın nə qədər sərfəli olmasını da öyrəndik:

“Əslində qiymət endirimi bizim işimizə elə də təsir etməyib. Çünki baha aldığımız dərmanı elə dövlət bizdən o qiymətə, hələ 70 qəpik, bir manat da bahasına aldı. Bundan sonra da satdığımız dərmanın 15%-i bizə çatacaq. Bircə dərmanların hamısını ala bilsək, gələnləri geri qaytarmazdıq. Çünki neçə vaxtdır, dərmanların çoxu yoxdur deyə yaxşı satış edə bilmirik”.

Baş çəkdiyimiz digər apteklərdə də mənzərə oxşar oldu. Sadaladığımız dərmanların heç birini tapa bilmədik. Lakin işçilər bizə vəd etdilər ki, gətirilən dərmanlar ucuz olacaq.

“Kartanı əvvəl 16 manata satırdıq. Amma deyilənə görə, qiymətlər enəndən sonra 6 manata düşüb. Hər halda bu, alıcılara sərf edəcək. Amma dərmanların nə vaxt olacağını deyə bilmirik. Çox adam müraciət edir, biz də hamısını qeyd edib sifariş veririk”.

Başqa bir aptek işçisi, demək olar ki, qiyməti enən dərmanların heç birinin olmadığını söylədi. Bu halda ondan məsləhət bildiyi firma dərmanını verməyi xahiş etdik. Bu zaman səs tonunu dəyişən aptek əməkdaşı güclə eşidilən səslə “Həkiminizlə məsləhətləşin” dedi.

“Biz heç nə məsləhət görə bilmərik. Amma yenə də həkimə deyin. Dərman tez lazımdırsa, əvəzləyicisini yazdırın. Çünki qiyməti enən dərmanları nə vaxt gətirəcəyimizi bilmirik”, - deyə xəbərdarlıq etdi.

Firmalarla işləmirlər…

Apteklərdə müşahidə etdiyimiz digər məqam firma dərmanlarının satışda olmaması idi. Qiyməti ucuzlaşdırılan dərmanları tapmayanlar bir tərəfə, firma dərmanı axtaranlar da aptek-aptek gəzməkdən bezmişdilər.

Alıcılarla söhbətimizdən bəlli oldu ki, əhali iki qrupa bölünüb. Bir qisim qiymətin enməsindən məmnun olsa da, digərləri dərman tapmamaqdan şikayətçi idi.

“Qızım hamilədir, bir həftədir dərman axtarsa da, tapa bilmir. Firma dərmanlarıdır, apteklər də deyir ki, artıq firmalarla işləmirlər. İndi də nəvəm üçün dərman almağa gəlmişəm, onları da tapa bilmirəm. Deyirlər qiyməti enib, hələ yeniləri gəlməyib”.

Digər alıcı xanım isə yeni qərarın hər kəsin ürəyincə olduğunu deyir.

“Oğlumda qurd var, həkim antistafilokok immunoqlobin dərmanını yazıb. Neçə gündür gəzəndən sonra 1 ampulasını 32 manata tapa bildik. Bəzi yerdə 45 manat idi. Dedilər ki, qıtlıq qiymətin enməsinə görədir. Qiymət ensə, sərfəli olar. Dərman elə şeydir ki, hamının ehtiyacı olur, almamaq da mümkün deyil”.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Publika.az-a qiymətləri endirilən dərmanların tapılmaması ilə bağlı məsələyə münasibət bildirmək səlahiyyətində olmadığını bildirdi və bizi İqtisadiyyat və Sənaye Nazirliyinə yönəltdi.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev apteklərdə tapa bilmədiyimiz dərmanların adını qeyd edərək məsələni araşdıracaqlarına söz verdi.

O, monitorinq apardıqları apteklərdə müəyyən olunmuş qiymətdən baha satış hallarına rast gəlmədiklərini dedi.

Monitorinqlər davam etsə də, məlum olan odur ki, əhali dərdinə dərman tapa bilmir. Dərmanların nə zaman gətiriləcəyini isə heç kim bilmir. Ucuz qiymətə dərman almaq istəyənlər hələ bir müddət səbir etməlidirlər. İlin sonunadək isə dövlət qeydiyyatında olan bütün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin başa çatdırılması gözlənilir. Nə deyək, dərdi verən dərmanınızı da yetirsin.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR