Leysan və güclü külək rayonları işıqsız qoydu
Bizi izləyin

Qırmızı.az

Leysan və güclü külək rayonları işıqsız qoydu

Ötən gecə Azərbaycanda yağan leysan və güclü külək şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib. Külək ağacları yollara aşırıb və kəndlərə gedən elektrik xətləri kəsilib.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elman Ramazanovun Publika.az-a bildirdiyinə görə, güclü külək nəticəsində yollara xeyli sayda ağaclar aşıb. Yaranmış fəsadlar gecə saatlarında aradan qaldırılıb, yollar təmizlənib və açılıb:

“Rayon ərazisində təxminən 15 yaşayış məntəqəsində elektrik verilişi kəsilib. Bu problemin aradan qaldırılması istiqamətində hal-hazırda işlər aparılır, günün sonuna qədər bütün kəndlər elektrik enerjisi ilə təmin olunacaq.

E. Ramazanov bildirib ki, yağışla bərabər bəzi kəndlərə dolu da yağıb:

“Göyəm, Yuxarı Tala, Muxax və digər kəndlərin ərazilərinə dolu düşüb. Təbii ki, alma-armud yetişən vaxtı bu fəsadlar özünü göstərəcək, amma hələ ki, elə bir ciddi fəsad hiss olunmur. Ayrı-ayrı dağətəyi kəndlərdə evlərin zirzəmilərinə yağış suları dolub. Bununla bağlı da müvafiq tədbirlər görülür”, - E. Ramazanov bildirib.

Qax Rayon İcra Hakimiyyətindən fəsadların olduğu təsdiqlənsə də, rayona dəyən zərərin müəyyənləşdirilmədiyini bildirdilər:

“Güclü külək rayonda fəsadlar törədib. Hazırda rayon fövqəladə hallar komissiyası ərazilərdə iş aparır. Nə qədər zərər dəyib, hansı fəsadlar var, bunlar komissiyanın araşdırmasından sonra məlum olacaq”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Publika.az-a bildirdiyinə görə, güclü külək və yağış nəticəsində Göyçay və bəzi dağlıq rayonlarda ağac dayaqlar, köhnə elektrik dirəkləri aşıb. Bununla da, rayonların elektrik təchizatında məhdudiyyət yaranıb. Səhər saatlarında isə bütün xətlərdə problem aradan qaldırılıb və yerlərdə elektrik enerjisi bərpa olunub.

Gülnar Əliyeva

Rübabə Mirismayılqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm